ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası fevralın 20-21-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
Modern.az-ın məlumatına görə, sessiyanın gündəliyində bir neçə məsələ müzakirə olunacaq.
Öncə sessiyanın açılışında ənənəyə sadiq olaraq, Avstriya Parlamentinin sədri Volfqanq Sobotka, ATƏT-ə hazırda sədrlik edən Albaniyanın rəsmi nümayəndəsi, ATƏT PA-nın prezidenti Georgi Tsereteli və ATƏT-in Baş katibi çıxış edəcəklər.
Təşkilatın hər üç əsas komissiyasının birgə iclasında isə antisemitizm, uzunmüddətli münaqişələr, insan haqları ilə bağlı əməkdaşlıq və iqlim dəyişikliyi sessiyanın gündəliyində əsas mövzular kimi yer alacaq.
Həmçinin, Ukrayna, Belarus, Özbəkistan və Azərbaycanda keçiriləcək seçkilərdə iştirak etmiş müşahidə missiyalarının hesabatları dinləniləcək, müzakirələr aparılacaq.
ATƏT-in qış sessiyasında ölkəmizi Milli Məclisin üzvlərindən ibarət yeni formalaşmış nümayəndə heyəti təmsil edəcək.