Modern.az saytı Milli M’clisin iclas zalında yanaşı əyləşən deputatların “kreslo yoldaşlığı” ilə bağlı silsilə yazılarını davam etdirir. Beləliklə, növbəti iki deputat necə olub ki, parlamentdə yanaşı oturublar?
Bu dəfəki təqdimatda deputatlar Gövhər Baxşəliyeva və İlham Məmmədovdur.
Əvvəlcə sualımızı millət vəkili Gövhər Baxşəliyevaya ünvanladıq. Xanım deputatın cavabı belə oldu:
- Mən əvvəllər İlham müəllimi tanımırdım, sonradan tanımışam. Bildiyiniz kimi, əvvəllər zalın quruluşu başqa cür idi, yerlər başqa idi. Zalın əvvəlki tərtibatında mənim yerim tribunadan o qədər də uzaqda deyildi, amma yeni tərtibatda gördüm ki, həmin eyni yer çox uzağa düşüb, ona görə xahiş etdim ki, mənə bir qədər irəlidə yer versinlər. Amma əvvəlcə irləi sıralarda yer yox idi, sonra isə İlham müəllimin yanında yer boşaldı və dedilər ki, otura bilərsiz və mən də orada oturdum.
Milli Məclisdə heç kəslə dostluq etmədiyini bildirən millət vəkili deyir ki, o parlamentdə milləti təmsil etməyə gedir, kiminləsə də dostluq etməyə yox.
- Mən orada öz səlahiyyətlərimə aid məsələlərlə məşğulam, parlamentin iclas zalına kiminləsə dostluq etməyə getməmişəm. İlham müəllimi də bu müddət ərzində ziyalı bir insan kimi tanımışam.
Deputat Gövhər Baxşəliyeva ilə yanaşı əyləşən həmkarı İlham Məmmədov isə suallarımızı belə cavablandırdı:
- Biz yanaşı əyləşməzdən əvvəl Gövhər xanımı bir ziyalı, alim kimi tanıyırdım, böyük hörmətim var idi. Ani bir şərait oldu ki, biz yanaşı əyləşməli olduq. Mən biləndə ki, Gövhər xanımla yanbayan oturacağam cox sevindim. Şadam ki, iclası Gövhər xanımla yanaşı izləyirəm, belə bir dəyərli alimlə yaxın əyləşmək mənim üçün bir şərəfdir. Artıq 3-cu çağırışdan biz necə deyərlər, “parta yoldaşı”yıq. Bu müddətdə dostluq əlaqalərimiz daha da artıb. Gövhər xanımı özüm üçün bacı, böyük ziyalı hesab edirəm. Çalışıram ki, lazım olanda əlimdən gələn köməyi əsirgəməyim
Nihadə Eyyubova