Modern.az

Parlamentdə “Qarabağ qanunu”: Zahid Orucun hazırlayacağı sənəd kimə qarşı yönəlib?

Parlamentdə “Qarabağ qanunu”: Zahid Orucun hazırlayacağı sənəd kimə qarşı yönəlib?

9 Aprel 2012, 16:50

“Bu təklif  məsələyə sadəlövh yanaşmadan da irəli gəlmir”

“Mənim “Qarabağ haqqında” Qanun təklifim öz ixtiram deyil. Bu, məsələyə sadəlövh yanaşmamdan da irəli gəlmir. Söhbət bu məsələlərin məhz hüquq müstəvisində  tənzimlənməsindən, bizim davranışlarımızdan, işğal reallığına münasibətimizi göstərən qanuni dilin seçilməsindən  gedir”.

Bu sözləri Modern.az-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, millət vəkili Zahid Oruc Milli Məclisdə Qarabağla bağlı irəli sürdüyü təklifi şərh edərkən bildirib. Onun sözlərinə görə, eyforik, publisistik ədəbi-bədi, ictimai dil hüquq sistemindən çox-çox fərqlidir.

Düşmən Ermənistanın Konstitusiyasında Qarabağla bağlı müddəanın olduğunu deyən deputat qeyd edib ki, həmin müddəada istənilən hakimiyyətə Qarabağın ziyanına hər hansı müqavilə imzalamaq qadağan edilib. Digər bir qanuna görə, Qarabağla bağlı hər hansı beynəlxalq və ya milli sənədlər qeyri-hüquqi elan ediləcək.
“Bu o deməkdir ki, istənilən bu cür beynəlxalq sənədlər, hər hansı müqavilələr onlar tərəfindən qanuni bir sənəd kimi ratifikasiya edilməyəcək. Bunun fonunda Azərbaycan öz torpaqları, əraziləri üzərində münasibətləri, regional, beynəlxalq əlaqələri və vəziyyəti tənzimləmək üçün bir qanun qəbul etsə, nəyi pisdir?”-deyə Z. Oruc vurğulayıb.

Deputatın sözləriinə görə, bu qanun barədə təkilfi qaldırmağa vadar edən Rusiya XİN rəhbəri Sergey Lavrovun İrəvanda verdiyi bəyanatlar olub.

“Onun “Qarabağın taleyini və statusunu orda yaşayacaq Qarabağ xalqı həll edəcək” bəyanatı son dərəcə təhlükəli bir ideyadır. Məsələnin danışıqların əsas predmetinə daxil edilməsi, sanki Azərbaycan cəmiyyəti və siyasi dairələrinin bunu həzm etmiş kimi görünməsi problem üzərində bizi düşünməyə vadar etdi. Çünki “Qarabağ xalqı” anlayışı qeyri-mücərrəddir, diplomatik siyasi məna tutumunu necə yerinə yetirməsindən aslı olmayaraq, gerçəkdə bu ölkənin əsas xalqı azərbaycanlılardır. Ayrıca götürülmüş bir ərazidə hansısa etnik, milli zümrələrin üstünlük təşkil etməsi, bu bölgə üçün gələcək siyasi qərarları müstəsna, ayrılıqda vermək səlahiyyəti olmamalıdır. Eyni zamanda, S.Lavrov bəyan edib ki, BMT qətnamələri yerinə yetirilib və atəşkəsə nail olunub. Bu o deməkdir ki, Rusiyanın Qarabağ məsələsinə və BMT qətnamələrinə münasibətdə mövqeyi son dərəcə səhvlərlə doludur və təhrif olunmuş bir vəziyyətdədir. Həmin qətnamələrdə Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması bu müddalarda öz əksini tapmışdı. Bunun üzərindən çıxarış edərək söylədim ki, parlamentdə əvvəlki dövrlərdə də Qarabağ məsələsinə münasibətdə bir sıra problemlərin tənzimlənməsi naminə “Qarabağ qanunu” qəbul olunmalıdır”.

Millət vəkilinin sözlərinə görə, bu qanun Dağlıq Qarabağa ediləcək xarici yardımların qarşısını almağa kömək edəcək.
“ABŞ hər maliyyə ilində Qarabağa ayrıca 8 milyon dollara qədər vəsait ayırır. Bizim ölkəmiz çox haqlı siyasi etirazlarını bildirir ki, bu, Qarabağın özünü müsdəqilləşdirmək ideyasına bir töfhə ola bilər, aparılan danışıqlar prosesinə zərbə vurur. Amma gəlin baxaq, bunun fonunda bizim davranışımızı əks etdirən, konkret mexanizmi göstərən hüquqi sənədlərimiz varmı? Varmı belə bir sənəd? Yoxdur. Mən bunu nəzərə alaraq, belə bir qanun layihəsinin vacibliyini bildirdim”.

Deputat bir daha vurğulayıb ki, beynəlxalq aləmdə də  belə qanunlar mövcüddür və Bu, Azərbaycan ixtirası deyil.

Deputat qeyd edib ki, söhbət hansısa həll planından, bu mexanizim vasitəsilə Qarabağ problemini tənzimləməkdən getmir.

“Birinci, “xalq” məsələsinə münasibətdə  konkret aydınlıq olmalıdır. İkinci tərəfdən Qarabağın erməni separat qurumu  müxtəlif xarici  təşkilatlarla əlaqələr qurublar.  Biz xarici səfirliklərimiz vasitəsilə notalar, bəyanatlar göndəririk. Lakin Azərbaycan bu məsələyə münasibətdə dəqiq mövqe qoya bilər ki, biz Qarabağın Azərbaycan ərazisi kimi və onun suveren haqlarının şərtsiz olduğunu nəzərə alaraq, hər hansı xarici, iqtisadi və siyasi əlaqələr qurmasını tanımırıq”.

Millət vəkilinin sözlərinə görə, istənilən  beynəlxalq təşkilat Azərbaycanda vahid bir qanunun olduğunu biləndə Qarabağdakı separatçı ermənilər hər hansı iqtisadi proqramlara qatıla bilməyəcəklər. Bunun qanunla tənzimlənməsi çox normal olar.

Millət vəkili qeyd edib ki,  çox vaxt müxtəlif xarici ölkə vətəndaşları,  mədəniyyət və siyasi xadimlər, bəzən də parlament üzvləri Qarabağa səfərlər edirlər. Onların adı yalnız Xarici İşlər Nazirliyində hazırlanmış “qara siyahı”ya daxil olur. Halbuki, bunun qanun  səviyyəsində reallaşdırılması mümkündür.

“O cümlədən işğal olunan  digər ərazilərimizdə, xüsusilə də 7 rayonda aparılan fəaliyyətin qanunsuz elan edilməsi və bunun birmənalı şəkildə tanınmaması bir hüquqi müddəa kimi yer ala bilir”.

Z. Orucun sözlərinə görə, o,  bu sənədi  böyük məmuniyyətlə hazırlayacaq. “Buna məni millətə mənsub olan cismim şərtləndirir, ikinci bu mənim vəzifə borcumdur”-deyən deputat vurğulayıb ki, bu qanun layihəsini digər ideya və siyasi həmfikirləri ilə hüquq sisteminə bağlı insanlarla hazırlayacaq.

Mail Ağaxanov 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım