Modern.az

Milli Məclisdə “parta yoldaşlığı” - Elmira Axundova və Jalə Əliyeva

Milli Məclisdə “parta yoldaşlığı” - Elmira Axundova və Jalə Əliyeva

13 Aprel 2012, 18:24

Modern.az saytı Milli Məclisin iclas zalında yanaşı əyləşən deputatların “parta yoldaşlığı” ilə bağlı silsilə yazılarını davam etdirir.

Beləliklə, növbəti iki deputat necə olub ki, parlamentdə yanaşı oturublar?

Bu dəfəki təqdimatda “parta yoldaşları” Milli Məclisin zərif  nümayəndələri Jalə Əliyeva  və Elmira Axundovadır.

Əvvəlcə sualımızı Elmira Axundovaya ünvanladıq. Millət vəkili Jalə Əliyeva ilə yanaşı əyləşməsini taleyin qisməti hesab edir.  

- Bu uzun müddət dostluğun nəticəsi ola bilməzdi. Çünki mənlə Jalə xanım arasında yaş fərqi var. Jalə xanım məndən 10 yaş cavandır. Ona görə də biz uzun illər dostluq edə bilməzdik. Biz bir-birimizi Milli Məclisdə tanımışıq. Amma tale belə gətirdi ki, mən onunu anasını- Nürəngiz Günü tanıyrdım. Çünki mən 80-ci illərdə Yazıçılar İttifaqında işləyirdim və Nürəngiz Günlə də ordan tanış idim. Biləndə ki, Jalə onun qızıdır, mənim də ona qarşı simpatiyam artdı. Və biz qərara gəldik ki, yanaşı oturaq”.

Milli Məclisdəki bu yoldaşlığın əvvəlcə beş il davam etdiyini deyən  E.Axundova nöbvbəti beş ildə yenidən Jalə Əliyeva ilə “parta yoldaşığının” təsadüfü olmadığını bildirib. Ötən beş ildə xanımlar arasında qarşılıqlı səmimi münasibət bu “yoldaşlığın” daha beş il davam etməsinə səbəb olub. 

- İkinci dəfə hər ikimiz yenidən deputat seçildikdə qərara aldıq ki, yenə də yanaşı əyləşək. Çünki bu beş ildə bizim aramızda bir dəfə də olsun inciklik, anlaşılmazlıq, rəqabət olmadı. O da, mən də ürəyiyumşaq adamıq. Çalışırıq deputatlıq fəaliyyətimizdə bir-birimizə kömək edək. Təsadüfü deyil ki, bu yaxınlarda mənim kitab təqdimatım oldu. O zaman aparıcılığı Jalə xanıma tapşırdım. Demək olar ki, bu yeddi illik “parta yoldaşlığı”mız möhkəm dostluğa, qarşılıqlı anlaşmaya və isti münasibətə gətirib çıxardı. Birinci beş ildə bu “yoldaşlıq” təsadüfən alınmışdısa, ikinci beş ildə bu seçimimiz şüurlu şəkildə oldu. Zaman da göstərdi ki, seçimimizdə yanılmamışıq.  

Deputat Jalə Əliyeva isə sualımızı belə cavablandırdı.

- 2005-ci ildə ilk dəfə deputat seçiləndə bizim yanaşı əyləşməyimiz təsadüfən baş verdi. Həmin il hər ikimiz yeni deputat olmuşduq. Mən ilk dəfə Milli Məclisə gələndə bununla bağlı heç bir planım yox idi. Elmira xanımı gördüm. Salamlaşdıq, bir-birimizi təbrik etdik. Elə həmin vaxt təsadüfən hər ikimiz bir eyni yerə istiqamətləndik. Elə onda bir-birimizdən soruşduq ki, “siz burda əyləşirsiniz?”. Elə o zamandan bəri birlikdə oturmağa qərar verdik. Həmin vaxt ani bir qərar olsa da, artıq bu “yoldaşlığımız” yeddi ildir ki davam edir. Beş illik “parta yoldaşlığı” təcrübəsi onu deməyə əsas verdi ki,  növbəti beş ildə bir yerdə otura bilərik”.


Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım