Milli Məclisin bir qrup sabiq deputatı (II çağırış) hökumət tərəfindən onlara vəd olunan mənzilləri uzun illərdir ala bilmir. Onlar 10 ildən çoxdur mənil növbəsində dayanıblar. Eks-millət vəkillərinin sözlərinə görə, 2000-2005-ci il aralığında deputatlar üçün tikilən bina dövlət ehtiyacları üçün Fövqəladə Hallar Nazirliyinə veriləndən sonra mənzil tikintisi dayandırılıb.
O zaman bir neçə deputata mənzil verilsə də, bəziləri hələ də mənzil ala bilmirlər.
2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuş Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov məsələ ilə bağlı Modern.az-a danışıb. Eks-deputat binanın tikintisinə cavabdeh olan KAT LTD şirkəti ilə əlaqə saxladığını bildirib. R.Qurbanovun sözlərinə görə, uzun sürən prosesdən sonra şirkət nəhayət ki, deputatlar üçün binanın tikintisinə başlayıb:
“Bu yaxınlarda şirkət rəhbərliyi bizimlə əlaqə saxlayaraq bildirdi ki, yaxın günlərdə binanın tikintisinə başlanılacaq. Oların dediklərinə görə, binanın tikintisi üçün lazım olan bütün sənədlər yığılıb, tam hazırdır. Məndə olan son məlumata görə, artıq inşaat işlərinə də başlayıblar. Binanın demək olar ki, bünövrəsi qoyulub. Rəhbərlik bu il ərzində evi tam inşa edib təhvil verəcəyini deyib”.
Uzun illərdir mənzil növbəsində dayanan R.Qurbanov yenidən aldadılacaqları təqdirdə KAT LTD şirkətindən ölkə başçısına şikayət edəcəyini vurğulayıb.
“Hər bir Azərbaycan vətəndaşı öz hüquqlarını müdafiə etmək üçün lazım olan instansiyalara müraciət etməlidir. Həmin şirkət tərəfindən bizim hüquqlarımız pozularsa, onlar dediləri sözün arxasında durmazlarsa, biz müvafiq orqanlara, o cümlədən prezidentə və Avropa Məhkəməsinə müraciət edəcəyik. Bizim vətəndaş kimi hüququmuz var. Lakin bu şirkət də Azərbaycan şirkəti, onun rəhbəri azərbaycanlıdır. Onlarla mənim səmimi münasibətlərim var. İstəməzdim ki, məsələ belə alınsın. Yaxşı olar ki, qarşılıqlı anlaşma şəraitində problem həll olunsun”-deyə eks-deputat əlavə edib.
Modern.az məsələyə KAT LTD şirkətinin rəsmi münasibət öyrənməyə çalışsa da, bu cəhdimiz baş tutmayıb.
II çağırış Milli Məclisin üzvü olmuş Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də Modern.az-a məlumatında KAT LTD şirkətindən narazılıq edib. Deyib ki, vaxtilə htəşkilata tikinti aparılması ilə üçün o zamanki bazar qiymətlərinə uyğun böyük bir məbləğ ödənilib. Eyni zamanda, müəyyən torpaq sahəsi də ayrılıb. “Təəssüf ki, 2006-cı ildən bəri bu şirkət orda heç bir addım atmayıb. O zaman bir qrup deputata başqa yerlərdən mənzil verildi, ancaq digər qrup hələ də mənzil ala bilməyib. Biz hələ də gözləyirik”.
Sabiq deputat da problemin həlli ilə bağlı Milli Məclis sədrinə, Nazirlər Kabinetinə və ölkə başçısına müraciət etmək fikrindədirlər.
“O zaman bir qrup deputata başqa binalardan ev verildi, amma biz mənzil ala bilmədik. Lakin hamı kimi mən də bunun müqabilində külli miqdarda pul ödədim. 2003-cü ildə ödədiyimiz 5-10 min manat pul, indi görün nə qədər edir”-deyə Ə.Nuriyev əlavə edib.
Anar RÜSTƏMOV