Milllət vəkili, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov XX əsrin əvvəlində yaşamış xalq qəhrəmanı Sultan bəy Xosrovova hələ də heykəl qoyulmamasından narahatlıq duyduğunu bildirib. Deputat Modern.az-a açıqlamasında vurğulayıb ki, ermənilər Andranikə çoxsaylı heykəllər qoyduğu təqdirdə Azərbaycanda xalq qəhrəmanı Sultan bəyə aid bir dənə də heykəl yoxdur:
“Andranikə heykəl qoyurlar. Amma Azərbaycanda Sultan bəyin heç bir yerdə heykəli yoxdur. Hesab edirəm ki, müvafiq bilinən yerdə Soltan bəyə heykəl qoyulmalıdır. Sultan bəy Azərbaycan tarixində yeri olan kişilərdəndir. O, Andraniklə Şamuyan qoşununun birləşməsinə imkan verməyib, 30 minlik düşmən qoşununun qarşısını alan tək azərbaycanlılardandır”.
Y.Mahmudov həmçinin qeyd edib ki, onlar 24 aprelin Sultan bəyin doğum günü kimi qeyd edilməsi üçün prezident İlham Əliyevə müraciət ediblər.
Qeyd edək ki, X1X əsrin sonu XX əsrin əvəllərində Zəngəzur bölgəsindəki öz sücaəti, mərdliyi və igidliyi ilə xalq arasında böyük hörmətə və nüfuza malik olan Sultan bəy 1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında (hazırda Laçın rayonunun Kürdhacı kəndində) anadan olub. Şuşa qəza məktəbində ibtidai, Gəncə gimnaziyasında orta təhsil alıb, Sankt-Peterburq Hərbi Akademiyasına daxil olub. Lakin təhsilini yarımçıq qoyub geri, doğma Laçına qayıdıb.
Sultan bəyin milli qəhrəmana çevrilməsi 1905-ci ildə ermənilərin xalqımıza qarşı təcavüzü ilə bağlıdır. Azərbaycan türklərinə qarşı qırğınlar törədən ermənilərə qarşı mübarizə aparan dəstələrdən birinə Sultan bəyin atası Əlipaşa bəy başçılıq edib. Onun ən yaxın köməkçisi böyük oğlu Sultan bəy olub.
1918-1920-ci illərdə Sultan bəyin başçılıq etdiyi özünümüdafiə dəstələri Zəngəzur və Qarabağ bölgələrindəki müsəlman kəndlərinin mühafizə olunmasında müstəsna xidmətlər göstərib.
Sultan bəyin və onun qardaşı, Qarabağın general-qubernatoru Xosrov bəy yalnız Zəngəzur və Qarabağın deyil, Kəlbəcərin, Basarkeçərin və digər ərazilərimizin də erməni quldurlarından qorunmasında böyük rol oynayıblar.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mühacir həyatı yaşayan Sultan bəy əvvəlcə İrana, 1923-cü ildə Türkiyəyə gedib, 1955-ci ildə Qars vilayətinin Köçqoy kəndində dünyasını dəyişib. Sultan bəy mühacirətdə olarkən 1937-ci ildə həyat yoldaşı, üç oğlu və bir qızı Qazaxıstana sürgün edilib və 1956-cı ilədək sürgün həyatı yaşayıblar.
Anar RÜSTƏMOV