Modern.az

Beynəlxalq qurumlarda hansı nümayəndə heyətimiz daha fəaldır? - Parlament jurnalistlərinin cavabı

Beynəlxalq qurumlarda hansı nümayəndə heyətimiz daha fəaldır? - Parlament jurnalistlərinin cavabı

14 May 2012, 09:34


Bu gün bir sıra beynəlxalq təşkilatların Parlament assambleyalarında Azərbaycan özünün nümayəndə heyətilə təmsil olunur. Məsələn, ATƏT PA, AŞ PA, TürkPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlığı Konfransı Təşkilatının Parlament assambleyaları və s.

Artıq Azərbaycanın üzv olduğu həmin beynəlxalq təşkilatların Parlament assambleyalarının sessiyaları bitir. Bəs bu müddət ərzində həmin qurumlarda təmsil olunan nümayəndə heyətlərimizdən hansılar fəallığı ilə seçilib?

Modern.az-ın əməkdaşı parlament jurnalistlərindən suala cavab istəyib.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə bildirib ki, AŞ PA-dakı nümayəndə heyəti xüsusi fəallığı ilə seçilir. Lakin o vurğulayıb ki, bunu nümayəndə heyətinin bütün üzvlərinə aid etmək olmaz.

“Nümayəndə heyətinin üzvlərindən Qənirə Paşayeva, Səməd Seyidov, Rövşən Rzayev xüsusi fəallığı ilə seçilir. AŞ PA-nın elə bir sessiyası yoxdur ki, onlar Dağlıq Qarabağ münaqişəsilə bağlı çıxış etməsinlər, iclasa qatılan avropalı rəsmilərə suallar ünvanlamasınlar, sorğular verməsinlər. Bunun nəticəsidə AŞ PA Qarabağa dair bir necə qətnamə qəbul edib. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü tanınır, Ermənistan işğalçı dövlət elan edilib.
AVRONEST Parlamnet Assambleyası isə yeni yaradılmasına baxmayaraq, Azərbaycanın bu qurumdakı nümayəndə heyəti xüsusi fəallığı ilə seçilir. Assambleyanın sessiyasının Bakıda keçirilməsi də buna nümunədir. NATO PA-dakı nümayəndə heyətinin də fəaliyyətini uğurlu sayıram”.

“Kaspi” qəzetinin əməkdaşı  İlham Quliyev  “sevindirici haldır ki,  Azərbaycanın  müxtəlif beynəlxalq təşkilatların Parlament assambleyalarındakı nümayəndə heyətlərinin hamısının işi qənaətbəxşdir” deyə qeyd edib. Onun sözlərinə görə, bütün nümayəndə heyətləri təmsil olunduqları Parlament assambleyalarda dövlətimizin maraqlarını ən üst səviyyədə təmsil edirlər.

“Elə bir təşkilatın nümayəndə heyəti yoxdur ki, onun işindən narazı qalaq. Bu da çox güman ki, nümayəndə heyətlərinin tərkibi müəyyənləşdirilərkən ədalətli seçimin edilməsi ilə bağlıdır. Diqqət yetirsək, görərik ki, parlamentimizin qaymaqlarının hamısı müxtəlif nümayəndə heyətlərində təmsil olunurlar. Nümayəndə heyətlərinin işi hökümət sturukturları ilə də çox yaxşı koordinasiya edilir. Bu baxımdan müxtəlif Parlament assambleyalarındakı nümayəndə heyətlərinin işini fərqləndirmək istəməzdim. Ancaq bu il üçün ATƏT PA və AVRONEST PA-dakı nümayəndə heyətlərinin işini xüsusi vurğulamaq olar”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı ən çox ATƏT PA-dakı nümayəndə heyətinin fəaliyətini izlədiyini və NATO PA-da təmsil olunan nümayəndə heyətində fəallıq hiss olunduğunu bildirib.

“Amma belə başa düşürəm ki, ən çox Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətimizdə fəallıq olmalıdır. Lakin çox təəssüf ki, deputatlarımızın oradakı iştirakı çox sönük qalır. Əlbəttə, mən bunu yaxşı hal kimi qəbul etmirəm. Çünki Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin fəaliyəti daha güclü olmalıdır. Lakin nümayəndə heyətlərindən kimsə, məsələn, Qənirə Paşayeva və ya başqa bəzi deputatlar ora düşürsə, sessiya ilə bağlı müəyyən məlumatlar verirlər”.

Lakin E.Muradlı qeyd edib ki, ATƏT PA, NATO PA tədbirlərində iştirak edən nümayəndə heyətləri həm sessiya, həm də sessiyadan sonrakı dövrdə daha dolğun informasiyalar verirlər.

“Məsələn, Bahar Muradova ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin sədridir. Jurnalistləri hər zaman, istər sessiya gedəndə, istər qayıdanda diqqətdə saxlayır. Mətbuat konfransı keçirir. Yəni artıq bir ənənə qoyub”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli bildirib ki, öncə AŞ PA-dakı nümayəndə heyətinin fəaliyəti yüksək qiymətləndirilməlidir.

“Həmin nümayəndə heyətinin sədri Səməd Seyidov və üzvi Qənirə Paşayevanın fəaliyyəti yüksək qiymətləndirilməlidir. Çünki onlar bütün sessiyalarda Dağlıq Qarabağ probleminin qaldırılmasına nail olurlar, mütəmadi məlumatlar, materialları yayırlar.
Eyni zamanda ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətini, xüsusilə Bahar Muradovanın fəaliyətini fərqləndirmək olar. Onun fəaliyəti nəticəsində ATƏT Parlament Assambleyasında Dağlıq Qarabağla bağlı xüsusi müzakirə keçirildi. Bu müzakirədə Avropa parlamentarilərinə Azərbaycan barədə geniş, ətraflı məlumat verildi. Bundan əlavə, İslam Əməkdaşlığı Konfaransı Təşkilatında da Azərbaycan nümayəndə heyətinin fəaliyyəti  qənaətbəxşdir”.

“Şərq” qəzetinin parlament müxbiri  Firdovsi Fərzəliyev hesab edir ki, AŞ PA-da Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətinin fəaliyyəti daha qənaətbəxşdir.

“Dağlıq Qarabağ probleminin qabardılması baxımından həmin heyəti daha effektiv hesab edirəm. Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti orada Azərbaycanın dövlətçilik maraqlarını, mövqelərini layiqincə müdafiə edir. Eyni zamanda Dağlıq Qarabağla bağlı alt komitənin yaradılmasında, orada müzakirələrin aparılmasında, ermənilərin təbliğatına qarşı əks arqumentlərin qoyulmasında kifayət qədər müsbət məqamlar olub”.

Lakin F.Fərzəliyev digərləri ilə bağlı bunları deyə bilməyəcəyini qeyd edib.

“Son olaraq AVRONEST Parlement Assambleyasında yaşananlar da diqqət çəkir. Azərbaycan nümayəndə heyətinin Ermənistana getməsi, prezidentin çıxışına cavab olaraq cəsarətli davranışlar sərgiləməsi, orada Dağlıq Qarabağın nümayəndə heyətinin plakatının iclas zalından götürülməsi onlar barədə müəyyən müsbət fikirlər deməyə əsas verir”.

Azərbaycanın beynəlxalq təşkilatların Parlament assambleyalarındakı nümayəndə heyətlərinin işinə qiymət verən “Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu bildirib ki, bu il onlar əvvəlki illərlə müqayisədə bir o qədər də fəal olmadılar.

“Yəni Azərbaycanla bağlı bu təşkilatların gündəliyinə məsələlər çıxarılmayıb. Amma bununla bərabər məsələn, ATƏT Parlament Assembleyasının Vyanada keçirilən qış sessiyası Xocalı faciəsinin 20-ci il dönümünə təsadüf edirdi. Bu baxımdan orada təmsil olunan nümayəndə heyətimizin fəaliyətini müsbət qiymətləndirmək olar.
Avropa Şurasıının Parlament Assembleyasındakı Azərbaycan nümayəndə heyətinin fəaliyətindən tam razı olmasam da, burada ayrı-ayrı millət vəkilləri istisna təşkil edir. Məsələn Rafael Hüseynov, Qənirə Paşayeva, Sahibə Qafarovanın fəaliyətini müsbət qiymətləndirmək olar”.

Həmkarımız bu yaxınlarda AVRONEST PA-nın Bakıda keçirilən ikinci sessiyasının gözlənilən nəticələri vermədiyini deyib.
”Bu tədbirə qatılan ermənilər Azərbaycanda bir növ əzələ nümayiş etdirdilər və Fuad Muradov,  Azay Quliyevi çıxmaq şərti ilə demək olar ki, nümayəndə heyətimizin üzvləri onlara gərəkən, layiq olan cavabı verə bilmədilər. Bunu da ələ düşmüş fürsətin itirilməsi kimi qiymətləndirirəm. Çünki beynəlxalq təşkilatların tədbirləri hər saat Azərbaycanda keçirilmir”.

Digər Parlament Assambleyalarında təmsil olunan nümayəndə heyətlərinə gəlincə, Kamil Həmzəoğlu bildirib ki, İslam Əməkdaşlığı Konfransı Təşkilatındakı nümayəndə heyəti, xüsusilə Gövhər Baxşəliyeva, Sabir Rüstəmxanlının fəaliyətini yüksək qiymətləndirmək lazımdır.

“Məhz bu nümayəndə heyətinin apardığı iş nəticəsində İslam Əəməkdaşlığı Konfransı Təşkilatı Xocalı faciəsini rəsmən soyqırımı kimi tanıyıb, Ermənistan-Azərbaycan münaqişəsində Ermənistanın təcavüzkar bir dövlət olduğunu, onun hərəkətlərini insanlığa sığmadığını bəyan edən qətnamə qəbul edib”.

APA-nın əməkdaşı Rəşad Süleymanov ATƏT PA-dakı nümayəndə heyətini fəal hesab edir. Onun sözlərinə görə, Bahar Muradova, Eldar İbrahimov, eləcə də digər deputatların bu Assembleyanın iclaslarında aktivlik nümayiş etdirməsi həm yerli, həm xarici mətbuatdan hiss olunur.

“İkinci ən böyük aktivlik AVRONRST Parlament Assambleyasında təmsil olunan nümayəndə heyətimizdə hiss edilir. Qurumun iclaslarından birinin Azərbaycanda keçirilməsi, nümayəndə heyətinin düşmən ölkə olan Ermənistadakı tədbirə qatılaraq, orada da iştirak etməsi, eyni zamanda Assambleyanın Brüseldə keçirilən toplantılarında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun aktiv iştirakını buna misal çəkə bilərəm”.

R.Sülemynaov AŞ PA-da təmsil olunan nümayəndə heyətinin də aktivlik nümayiş etdiyini vurğulayıb. “Burada Qənirə Paşayeva, eləcə də bir sıra deputatların aktivlik nümayiş etdirməsini xüsusilə qeyd etmək olar.
Amma MDB Parlament Assambleyası, İslam Əməkdaşlığı Konfransı Təşkilatı Parlament Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında olan nümayəndə heyətlərində o qədər də aktivlik yoxdur. Bəlkə də bu ondan irəli gəlir ki, həmin Parlament assambleyalarının özləri o qədər də aktiv deyillər”.

“Yeni Musavat” qəzetinin əməkdaşı Elşad Paşasoyun fikrincə ATƏT PA-da təmsil olunan bizim nümayəndə heyəti daha aktivdir. O, Dağlıq Qarabağ məsələsinə diqqət çəkmək baxımından onların, xüsusilə Bahar Muradovanın fəaliyətini müşahidə etdiklərini deyir.

“Amma Bakıda keçirilən AVRONEST Parlament Assambleyasının sessiyasında hesab edirəm ki, bizim nümayəndə heyəti daha ehtiyatlı mövqe tutdu. Bəlkə də bu ev sahibliyindən irəli gəlirdi, amma əslində bir az da aktiv olmaq lazım idi. Xüsusilə ermənilərin davranışlarının qarşılığında daha tutarlı arqumentlərlə çıxış etmək, ermənilərin hətta uzağa gedib, həyasızlıq nümayiş etdirib Azərbaycanı işğalçı adlandırmasının qarşılığında sərt cavablar verilməli idi. Amma nümayəndə heyətinin daha ehtiyatlı mövqeyini gördük. Sonra da yalnız ölkə başçısı səviyəsində ermənilərin mahiyyəti haqqında sərt cavablar eşitdik”.

E.Paşasoy bildirib ki, ümumilikdə, beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin fəaliyətini yetərli saymaq olmaz.

“Əgər yetərli olsaydı, bu gün biz zərərçəkən dövlət olaraq beynəlxalq təşkilatlarda təpkilərə, təzyiqlərə məruz qalmazdıq. Burada nümayəndə heyətinin fəaliyətindən çox şey aslıdır. Arzu edərdim ki, bizim nümayəndə heyətlərində təmsil olunan şəxslərin bir çoxu beynəlxalq təşkilatların toplantılarından yalnız turist kimi deyil, hansısa ticarət mərkəzlərində alış-veriş etmək üçün deyil, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir tribuna olaraq istifadə etsinlər”.

“Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanov ümumilikdə nümayəndə heyətlərinin aralarında elə bir fərq görmür. Ancaq nisbi mənada AVRONEST PA və ATƏT PA-dakı nümayəndə heyətlərinin fəaliyyətində aktivlik hiss edir.

“Nəzərə alsaq ki, Azərbaycanın başlıca problemi Dağlıq Qarabağ problemidir, onda deyə bilərəm bu məsələ ilə bağlı ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətimiz daha çox fərqlənir. Yəni orada Dağlıq Qarabağla bağlı alt komitənin yaranması, dinləmələrin keçirilməsi və sair bu qurumdakı nümayəndə heyətimizin aktiv rolundan xəbər verir”.

“Trend” informasiya agentliyinin əməkdaşı Murad Əliyev hesab edir ki, nümayəndə heyətlərinin bu və ya digər Parlament assambleyalarında fəaliyyətini müqaisə etmək düzgün olmazdı, çünki onların hər birinin müzakirə mövzuları fərqlidir.

“Misal üçün ATƏT Parlament Assambleyası kimi qurumda Dağlıq Qarabağ problemi aktual məsələ kimi ortalıqda olsa da, NATO Parlament Assambleyasında Yaxın Şərq bölgəsinin digər aktual məsələlərini müzakirə edilir və bizim deputatlar yalnız hansısa məsələyə münasibət bildirəndə Dağlıq Qarabağ problemi ilə analogiyalar gətirilir.
Lakin istənilən halda bu il üçün ən aktiv nümayəndə heyəti Azərbaycanın AVRONEST PA-dakı nümayəndə heyətini qeyd etmək olar. Bakıda qurumun plenar sessiyasının keçirilməsində nümayəndə heyətinin üzvlərinin üzərinə böyük iş düşdü”. 

“Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli nümayəndə heyətlərindən konkret olaraq Qənirə Paşayevanın fəaliyətinin yüksək qiymətləndirdiyini bildirib. Ümumilikdə nümayəndə heyətlərindən heç birinin fəallığı ilə seçilmədiyini vurğulayıb.

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov bütün nümayəndə heyətlərinin fəaliyyətində aktivlik nümayiş olunduğunu deyir. Onun sözlərinə görə, onların hamısı Azərbaycanın taleyüklü məsələlərində çox fəal iştirak edirlər.

“İstər Avropa Şurası Parlament Assambleyasındakı, istər ATƏT Parlament Assambleyasındakı deputatlarımız xüsusilə fəaldırlar. Məsələn, biz bunu Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qərar və qətnamələrdə də görürük. Eləcə də ATƏT Parlament Assambleyasında nümayəndə heyətimiz çox fəaldır. Yeni AVRONEST Parlament Assambleyasında da Azərbaycanla bağlı bir sıra qərarlar qəbul olunub.
Bu baxımdan Azərbaycanın bu təşkilatlardakı nümayəndə heyətlərinin fəaliyyəti qənaətbəxş qiymətləndirilməlidir”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı bildirib ki, ümumilikdə bütün nümayəndə heyətlərinin fəaliyyətini müsbət qiymətləndirmək olar. Onun sözlərinə görə, son illər Milli Məclis beynəlxalq fəaliyyətini xeyli genişləndirib və əhəmiyyətli dərəcədə gücləndirib.

“Hər hansı nümayəndə heyəti arasında fərq qoymaq istəməzdim. Çünki onların hamısı müvafiq beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqlarını müdafiə edir, Ermənistanın işğalçılıq siyasətini dünyada ifşa etmək istiqamətində çalışırlar. Son illər bir sıra beynəlxalq təşkilatlar, parlamentlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədlər qəbul ediblər. Təbii ki, bütün bunlarda nümayəndə heyətlərimizin də rolu var. 2005-ci ildə AŞPA Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edib. Ötən il ATƏT PA-nın sessiyasında Ermənistan – Azərbaycan münaqişəsinə həsr olunmuş geniş dinləmələr keçirildi, həmsədrlər münaqişə haqqında məruzə etdilər. O cümlədən, İƏKT PA Xocalı faciəsini soyqırımı kimi tanıyıb. NATO PA-nın, MDB PA-nın sessiyalarında da nümayəndə heyətimizin üzvləri Azərbaycanın milli maraqlarını ifadə edirlər. Bu faktların sayını artırmaq olar. Yəni demək istəyirəm ki, hər beynəlxalq təşkilatlardakı parlament nümayəndə heyətləri fəal çalışırlar”.

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı hesab edir ki, Azərbaycanın AVRONEST PA-dakı nümayəndə heyəti daha fəal olub.
“Bu qurumun ikinci sessiyasının Bakıda keçirilməsi böyük hadisə oldu. Qəbul olunan sənədlər də milli maraqlarımıza yaxındır.
Arzulayardım ki, parlament assambleyalarındakı nümayəndə heyətlərimiz daha fəal, hazırlıqlı olsunlar və erməni maşınının hər zaman işlədiyini düşünsünlər”.

E.Eyvazlı nümayəndə heyətlərinə media ilə işləməyi də gücləndirməyi təklif edib.
“Təklif edərdim ki, bu məsələ ilə bağlı vaxtaşırı jurnalistlərlə görüş keçirilsin. Onsuz da ikili standartlı bir dünyada yaşayırıq. Ancaq işləməyib, hər şeyi bununla bağlamaq bizə xeyir gətirməyəcək”.

“Xəbərlər-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyədov AŞ PA, ATƏT PA, NATO PA, İƏKT PA-dakı nümayəndə heyətlərinin daha çox fəallıq nümayiş etdirdiyini bildirib.

“Həm nümayəndə halında, həm də fərdi halda daha çox fəaliyət göstərən deputatalarımız var. Onlar həm də beynəlxalq təşkilatlarda məruzəçi qismində təyin olunurlar. Məruzəçi qismində təmsil olunub, təsdiq olunmaq özü bir böyük nailiyətdir, mürəkkəb prosesual qaydadır. Məsələn, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT və Avropa Şurası Parlament assambleyalarında Azərbaycan nümayəndə heyətinin üzvləri məruzəçi qismində çıxış edirlər və təyin olunurlar. Bunun özü müsbət haldır və onların fəaliyətinin göstəricisi kimi də qiymətləndirmək olar”.

“Hüriyyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseynzadənin sözlərinə görə, Azərbaycanı  beynəlxalq təşkilatlarda təmsil edən bütün nümayəndə heyətlərinin fəaliyətini qənaətbəxş hesab etmək olar. O, AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin işini qənaətbəxş hesab edir.

“Artıq Avropa Şurası Parlament Assambleyası nisbətən böhrana uğramış qurum olduğundan orada fəaliyət göstərən parlamentarilərimizin fəaliyəti qənaətbəxş olsa belə, o qurumun dünyadakı proseslərə təsiri aşağıdır. Amma son dövr yaranmış AVRONEST Parlament Assambleyasındaakı nümayəndə heyətimizin üzvləri xüsusilə aktivdir. Azərbaycan parlamentarilərinin ən aktivinin sırasında Qənirə Paşayevanı göstərmək olar. Daha sonra ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Bahar Muradovanın, AVRONEST PA-da Azay Quliyevin fəaliyyətini qiymətləndirmək olar”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Avropa Şurası Parlament Assambleyasının qış sessiyası dövründə bizim nümayəndə heyətinin işini müsbət qiymətləndirə bilərəm. Bu nümayəndə heyətinin üzvlərindən əsasən də Qənirə Paşayevanın fəaliyətini daha yüksək dəyərləndirirəm. Fransada qondarma “erməni soyqırımı”nın inkara görə cəza nəzərdə tutan qanunun qəbulu zamanı Qənirə Paşayeva olduqca fəal iştirak etdi və Fransanın bu qeyri-demokratik addımına kəskin mövqeyini ortaya qoydu. Türkiyə ilə qardaş dövlət olduğumuza görə bunu Azərbaycanın dövlət maraqları baxımından yüksək qiymətləndirirəm.
Amma NATO Parlament Assambleyasında olan nümayəndə heyətimizdə o qədər də fəallıq hiss olunmur.

ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin sədri Bahar Muradova Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözünü deyir və Azərbaycan dövlətinin maraqlarını ifadə edir”.

 

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım