Modern.az

Hadi Rəcəbli tələbələri yarışdıracaq

Hadi Rəcəbli tələbələri yarışdıracaq

15 May 2012, 15:45

“Peşə seçimi və gənclərin sənətə bağlılığı" mövzusunda gənclərimizin fikirlərini bilmək istərdim.

Modern.az saytının Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” layihəsi davam edir.

Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində deputat istədiyi mövzu ilə bağlı tələbələrin fikirlərini öyrənir. Həmin mövzu ilə bağlı müxtəlif janrlarda məqalə yazan tələbələrin yazıları Modern.az saytında yerləşdirilir. Sonra Modern.az saytı həmin yazıları deputata təqdim edir. Deputat isə öz növbəsində həmin yazılar içərisində ən yaxşı hesab etdiyini seçir. Ardınca ən yaxşı yazı müəllifləri ilə deputatın görüşü keçirilir. Görüşdə deputat qalib tələbəyə mükafat verir. Eyni zamanda 3 yaxşı yazıya həvəsləndirici mükafat verilir. Deputatla görüşdə isə tələbələrə deputatla diskussiya aparmaq, suallar vermək üçün şəraiti yaradılır.

Artıq 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov, 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva, 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova, 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva iştirak ediblər və qalib tələbələri mükafatlandırıblar.

Qeyd edək ki, 09 saylı Balakən seçki dairəsinin deputatı Rəbiyyət Aslanova və 122 saylı Xankəndi seçki dairəsinin deputatı Flora Qasımova da yaxın günlərdə qalib tələbələri mükafatlandıracaq.

Layihə bu dəfə 74 saylı Lənkəran kənd seçki dairəsinin deputatı Hadi Rəcəblinin verdiyi mövzu ilə davam edir. Millət vəkilinin təqdim etdiyi mövzu gənclərin iş axtararkən qarşılaşdıqları problemlərlə bağlıdır. O, qeyd edib ki, indi gənclərin ən çox üzləşdikləri problemlərdən biri də işlə təmin olunmaqla bağlıdır: “Hesab edirəm ki, burada gənclərimiz də üzərlərinə düşən vəzifəni başa düşməlidirlər. Bu da ilk növbədə onların öz peşələrinə sevgiləri ilə bağlıdır. “Peşə seçimi və gənclərin sənətə bağlılığı" mövzusunda gənclərimizin fikirlərini bilmək istərdim”.

Qeyd edək ki, hər bir mövzuyla bağlı 15 gün vaxt verilir. Müsabiqədə iştirak etmək istəyən tələbələr mövzu elan olunduqdan sonra 15 gün müddətində yazılarını [email protected] elektron poçtuna, 4908847 faks nömrəsinə, yaxud poçt vasitəsilə Bakı şəhəri, Şahin Mustafayev küçəsi 27/121 ünvana göndərə bilərlər.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım