Modern.az

Azərbaycanın 3 deputatı Ermənistana gedib

Azərbaycanın 3 deputatı Ermənistana gedib

21 May 2012, 00:20

Milli Məclisin üç deputatı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 39-cu plenar iclasında iştirak etmək üçün bu gün Ermənistanın paytaxtı İrəvan şəhərinə gedib. İrəvana Azərbaycan assambleyadakı nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev, millət vəkilləri Musa Quliyev və Jalə Əliyeva gediblər.

Modern.az saytının məlumatına görə, İrəvanda keçiriləcək iclasın gündəliyinə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə vergi sisteminin təkmilləşdirilməsi, mütəşəkkil cinayətkarlıqla mübarizəyə dair razılaşmanın yerinə yetirilməsi, fasiləsiz təhsil sisteminin tətbiqi, uşaqların hüquqlarının müdafiəsi, üzümçülük və şərabçılığın inkişaf perspektivləri barədə məsələlər daxil edilib.

Tədbirdə Asəf Haciyevin “İnformasiya və kommunikasiya texnologiyaları - davamlı iqtisadi inkişafa yardım” mövzusunda və  “QDİƏT Parlament Məclisinin seçkilərə dair qaydaları” haqqında çıxışları nəzərdə tutulub.

Toplantıda deputatlar Musa Quliyev və Jalə Əliyeva müxtəlif məsələlərlə bağlı məruzələr edəcəklər.

Assambleya çərçivəsində həmçinin qurumun Büro və Daimi Komitəsinin iclasları keçiriləcək, maliyyə və bir sıra təşkilatı məsələlərə  baxılacaq.
Tədbirin sonunda reqlamentə əsasən təşkilata sədrlik Azərbaycana keçəcək.
Səfər mayın 24-də başa çatacaq.

J.Əliyeva Modern.az-a bildirib ki, Ermənistana səfər etmək Azərbaycanın mövqeyini dünya ictimaiyyətinə çatdırmaq üçün çox əhəmiyyətlidir.

 “Bu assembleyaya ev sahiblik etmək 6 aydan bir növbə ilə bir ölkəyə düşür. Bu  dəfə də ev sahiblik etmək Ermənistanın payına düşüb. Düşünürəm ki, bu səfər  mənim üçün,  Azərbaycanın mövqeyini  dolayısı  yolla,  beynəlxalq təşkilatların  vasitəsi ilə deyil, birbaşa qarşı tərəfə üzbəüz çatdırmaq baxımından  çox əhəmiyyətlidir”.

Deputat  Ermənistana  səfərlə bağlı bildirib ki, beynəlxalq təşkilatın nizamnaməsinə əsasən görüşlərdə siyasi məsələlərə  toxunmaq qadağan olunsa da, Azərbaycan  öz haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmağa çalışacaq:

J.Əliyevanın fikrincə, Ermənistana getmək azərbaycanlı xanım üçün çox məsuliyyətli olsa da, o, bu səfərə özünü tam hazır hiss edir.

“Mən heç bir qorxu, təhlükə, həyəcan haqqında düşünmürəm. Əgər bir qadın, ziyalı, ana kimi, ölkəmizin mövqeyini çatdırmaq imkanına nail olmuşamsa, bu şərəfə layiq görülmüşəmsə, çox şadam. Düşünürəm ki, beynəlxalq təşkilata üzv ölkə digər bir ölkədən gələn millət vəkillərinə qarşı hər hansı bir problem yarada bilməz. Qısaca olaraq deyim ki, əgər gedib orada içimdən gələn sözü deyə biləcəyəmsə bu, elə mənə kifayət edir”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım