Modern.az

Hadi Rəcəbli: “Onların çörəyi dizlərinin üstündədir...” - MÜSAHİBƏ

Hadi Rəcəbli: “Onların çörəyi dizlərinin üstündədir...” - MÜSAHİBƏ

29 May 2012, 16:03

“Jurnalist Aydın Canıyev tərbiyəsizlik etdiyi üçün, Əvəz Zeynalı da rüşvətxorluğa görə həbs olunub, qanunla da cəzalarını çəkməlidirlər.  

Modern.az Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli ilə müsahibəni təqdim edir.

- Hadi müəllim, Avropa Parlamenti bu yaxınlarda Azərbaycanda İnsan Haqlarına dair qətnamə qəbul etdi.  Qətnamədə Azərbaycan hökumətinə qarşı bir çox iradlar əks olunub. Sizcə, bu qətnamənin qəbul olunmasında əsas məqsəd nədir?

- Mən bu qətnaməni  tamamı ilə qərəzli və qeyri-obyektiv hesab edirəm. Bizə qarşı səslənən iradların heç bir əsası yoxdur. Azərbaycan Avropa İttifaqına üzv olmadığı üçün bu təşkilat qarşısında da heç bir öhdəlik daşımır. Bu baxımdan Avropa Parlamentinin Azərbaycanda İnsan haqlarına dair əsasız bir qətnamə qəbul etməyə haqqı yoxdur.  Qeyd edim ki, Azərbaycan Avropa Şurasının üzvü olaraq üzərinə götürdüyü bütün öhdəlikləri  layiqincə yerinə yetirir. Lakin hazırda biz Avropa İttifaqına üzv olmasaq da, bu təşkilata inteqrasiya etmək istəyirik. Bunun müqabilində gərək Avropa İttifaqı da bizə dəstək olsun.
 Azərbaycan düz 20 ildir ki, Avropa təşkilatları ilə yaxından əməkdaşlıq edir.  Bu müddət ərzində ATƏT  Azərbaycana Dağlıq Qarabağ probleminin həllində hansısa kömək edibmi?
Avropa İttifaqı bir dəfə də olsun bizim qaçqın və məcburi köçkünlərimizin vəziyyəti ilə bağlı məsələ qaldırıbmı? Xeyr. Nə üçün bir milyondan çox insanın hüquqları  pozulduğu halda Avropa İttifaqı bunu bir dəfə də olsa gündəmə gətirmir. Bu gün Avropa İttifaqında ikili standartların aparılması sözün əsl mənasında adamda ikrah doğurur. Biz Avropa yolunu seçdiyimiz təqdirdə nə üçün Azərbaycana qarşı bu qədər qısqanclıq göstərirlər? Xüsusən də “Eurovision” yarışması ərəfəsində Avropa Parlamentinin belə qətnamə qəbul etməsi  qısqanclıq deyil, bəs nədir?

- Avropa Parlamentinin qətnaməsində daha çox hansı  iradları əsassız hesab edirsiniz?

- Yenə qeyd edim ki, Avropa Parlamentinin Azərbaycanda İnsan Haqlarına dair qəbul etdiyi qətnamə birmənalı şəkildə əsassız və qərəzlidir. Xüsusən də, qətnamədə söz və mətbuat azadlığına görə, bir sıra jurnalislərin həbs olunması göstərilir. Hazırda həbsdə olan jurnalist Aydın Canıyevi mən çox yaxşı tanıyıram. Mən ilk dəfə deputat seçiləndə onu ekspert kimi işə götürmüşdüm. Çox ciddi nöqsanlara yol verdiyinə görə, mən onu sonradan işdən azad etdim. İçkiyə aludə olan bir insandır. Mən heç vaxt onun iqtidar əleyhinə çıxış etdiyinin şahidi olmamışam. Bu insanı indi göstərirlər ki, guya söz azadlığına görə həbs olunub. Amma, əslində o, Lənkəran kəndlərinin birində Məscidin şüşələrin sındırdığı üçün, orada insanlara qarşı tərbiyəsizlik etdiyi üçün həbs olunub. Onun törətdiyi cinayətin söz və mətbuat azadlığına nə aidiyyatı var? Digər jurnalist Əvəz Zeynalının adı qeyd olunub. O,  rüşvətxorluq, insanları şantaj etməklə məşğul olduğu üçün azadlıqadan məhrum edilib. Bunlar cinayət törədiblərsə, qanunla da cəzalarını çəkməlidirlər. Bu insanların adlarını çəkmək, onlara haqq qazandırmaq qətnamənin qərəzli olduğunu göstərir.
Qətnamədə qeyd olunan başqa bir məsələyə toxunmaq istərdim. Orada qeyd olunub ki, Azərbaycanda cinsi azlıqlara qarşı haqsızlıqlar edilir. Belə əxlaqsız, mənəviyyatsız insanların paradını keçirtmək bizim xalqımıza, milli mənəvi dəyərlərimizə yaraşmayan məsələlərdir. Avropa İttifaqı bizi buna görə tənqid edir. Guya biz onların hüquqlarını pozuruq.

Mitinqlərlə bağlı da Avropa Parlamenti ədalətsiz mövqe nümayiş etdirir. Mitinqlərə hər zaman yer verilib. Amma qətnamədə göstərilib ki, müxalifətin mitinqlərinə yer verilmir. İngiltərə kimi ölkədə mitinqlərin keçirilməsi üçün konkret bir  meydan ayrılıb. Mitinqlər, aksiyalar ancaq həmin o meydanda keçirilir. Azərbaycanda da Bakının mərkəzində, “20-ci sahə”də mitinqlər keçirmək üçün xüsusi yer müəyyən edilib.  Nə üçün müxalifət bu yerdən imtina edib mitinq keçirmir?
Yeni Azərbaycan Partiyası hətta seçkiqabağı öz mitinqini məhz orada keçirmişdi. Bildirirlər ki, mitinq iştirakçılarına zor tətbiq olunur. Avropanın elə bir ölkəsi yoxdur ki, orada müxalifətin mitinqi olanda insanlara zor tətbiq olunmasın. Necə olur Avropa İttifaqı öz ölkələrində bunları görmür, Azərbaycanda bunu bizə irad tutur? Bu nə dərəcədə ədalətlidir? Bütün bunlar Azərbaycana qarşı təzyiqdir. Avropa demokratiya adı altında bizə təzyiq etmək istəyir. Bunlar məqsədli şəkildə atılan addımılardır. Avropa İttifaqına 57 üzv dövlət olduğu halda Azərbaycan haqda belə qərəzli qətnamənin qəbulu demokratiya prinsiplərinə uyğun deyil. Azərbaycan Avropa İttifaqının üzvü olmadığı təqdirdə onların belə qətnamə qəbul etməsi qanuna uyğun deyil.
Avropa İttifaqının özünün kifayət qədər problemləri var. Macarıstanda 240 mindən çox insan küçələrdə yaşayır. Şərqi Avropa ölkələrində də dəhşətli problemlər var. Avropa İttifaqı gedib bu məsələrlə məşğul olsun, Azərbaycan haqda qətnamə çıxartmaq lazım deyil. Bütün Avropa bu günlərdə Azərbaycanda gedən sürətli inkişafın şahidi oldu. Ona görə də, düşünürəm ki, burada ikili standartlar var. Məncə, bütün bu təzyiqlərin əsas məqsədi Azərbaycanı Avropanın “sözə qulaq asan” dövlətlərindən birinə çevirməkdir.
Cənab prezident, öz çıxışında bildirdi ki, Azərbaycan üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərin hamısını yerinə yetirib. Bizim daxil olmadığımız təşkilatın bizə irad tutmağa haqqı yoxdur. Başqa bir məsələni qeyd etmək istəyirəm. Qətnamədə “Diffamasiya haqqında” qanunun qəbul ediməməsini bizə irad tuturlar. Azərbaycan cəmiyyəti üçün bu qanunun qəbulu tez deyilmi? Düşünürəm ki, bu qanun hələ bizim cəmiyyətimiz üçün tezdir. 
Adlarını vicdan məhbusları qoyduqları insanlar cinayət törətdikləri üçün həbs olunublar. Bunun vicdan məhbusu anlayışı ilə nə əlaqəsi var.  Təklif edirəm ki, Avropa Məhkəməsi gəlib həmin insanların nə üstə tutulduqlarını araşdırsın.

- Onda deyirsiniz belə bir qətnamənin “Eurovision” ərəfəsində qəbul oluması bir təsadüf deyil...  

- Mən hesab edirəm ki, bütün bunlar “Eurovision” qabağı bilərəkdən, məqsədli şəkildə edilib. Bu qətnamə Azərbaycana qarşı  hədsız qısqanclıqdan irəli gəlir. Onlar bizi qısqanırlar ki, Azərbaycan nə tez belə inkişaf elədi.  Ölkəmizdə belə bir mötəbər tədbirin keçirilməsi qonşularımızla yanaşı, Avropa ölkələrini də qıcıqlandırmaya bilməzdi. Düşünürəm ki, bütün bunlara baxmayaraq biz İranla da, Avropa ölkələri ilə də münasibətlərimizi bundan sonra da davam etdirməliyik.  Amma, bir şərtlə nə İran, nə digərləri bizə nəyisə diqtə etməyə çalışmalıdır. Azərbaycan azad, demokratik dövlətdir. Biz öz yolumuzla gedirik. Kimsə də bizi mövqeyimizdən geri döndərə bilməyəcək.  Biz hüquqi dövlətdə yaşayırıqsa qanunların aliliyini qorumalıyıq. “Eurovision” ərəfəsində ölkəmizə gələn əcnəbilər ölkəmizi tanıdılar, hansı mühitdə, hansı cəmiyyətdə yaşadığımızın şahidi oldular. Əlbəttə, nöqsansız cəmiyyət yoxdur. Hər bir ölkənin özünə görə problemləri var. Lakin bunlara baxmayaraq, biz Avropaya inteqrasiya edəcəyik, tutduğumuz yol ilə də gedəcəyik. Heç kim bizim mövqeyimizi dəyişdirə bilməz.  Amma Avropaya inteqrasiya o demək deyil ki, Azərbaycan öz milli-mənəvi dəyərlərini itirəcək.  Biz bundan sonra da tarix boyu qoruyub saxladığımız milli dəyərlərimizi qoruyaraq öz yolumuzla Avropaya doğru irəliləyəcəyik.

- Sizcə, bundan sonra Azərbaycan Avropa ölkələri ilə münasibətlərə yenidən baxmalıdırmı?

- Mən bir məsələni qeyd edim ki, bildiyimiz kimi bu yaxınlarda Avronest PA-nın Bakıda böyük bir tədbiri keçirildi. 300 nəfərdən çox insan tədbirdə iştirak etmək üçün Azərbaycana gəlmişdi. Biz onlara çox yüksək səviyyədə qulluq etdik, gedəndə də bizdən razılıq bildirib getdilər. Ancaq indi həmin insanlar bizə qarşı belə addım atdılar. Görünür onların çörəkləri dizlərinin üstündədir. Hesab edirəm ki, biz bundan sonra ehtiyatlı olmalıyıq. Lakin mənim fikrimcə, bütün siyasi münaqişələr konfrantasiya ilə yox, konsensusla bitməlidir.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım