Modern.az

“İnformasiya əldə etmək haqqında” qanun niyə sərtləşdirilir?

“İnformasiya əldə etmək haqqında” qanun niyə sərtləşdirilir?

1 İyun 2012, 14:26

Modern.az xəbər verir ki, iyunun 1-də “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi  Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu, o cümlədən İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunub.
MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məhz onun rəhbərlik etdiyi komitə tərəfindən bir müddət öncə Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı təşəbbüs ortaya qoyulub. Komitə sədrinin qeyd etdiyinə görə, eyni zamanda, Konstitusiyanın müddəalarından irəli gələrək, bir sıra qanunvericilik aktlarının sözügedən sənədin müddəaları ilə uzlaşdırılması istiqamətində fəaliyyət həyata keçirilməkdədir. Ə.Hüseynli məhz bu baxımdan birgə komitələrin gündəliyinə çıxarılan qanun layihəsi ilə bağlı təşəbbüsçü olduğunu dilə gətirib: “Mənim təşəbbüsümlə bu qanun layihəsi hazırlanıb və MM-in Aparatında mütəxəssislərlə müzakirə olunub. Burada “İnformasiya əldə etmək haqqında” qanuna məhdudiyyət xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Sözügedən qanuna təklif olunan dəyişiklikdə qeyd olunur ki, həmin sənədin 2.4.1-ci maddəsinə müvafiq əlavə edilsin, yəni, həmin əlavəyə görə, “informasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahədə maraqlarının, maliyyə və valyuta siyasəti sahələrində mənafelərinin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın”. Həmçinin, adıçəkilən qanunun 6.1.6-cı maddəsinin müvafiq redaksiyada – “informasiyanın əldə olunmasının bu Qanunun 2.4-1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olmaması” formasında verilməsi təklif edilir. 

“İnformasiya əldə etmək haqqında” qanuna bəzi dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılmasını çox vacib və əhəmiyyətli hesab edirəm”. Bunu parlamentin İnsan hüquqları komitəsinin  sədri Rəbiyyət Aslanova dilə gətirib. R.Aslanova qeyd edib ki, yaşadığımız təlatümlü bir dövrdə dövlətimizin təhlükəsizliyinin qorunması, onun milli maraqlarının və mənafelərinin təmin edilməsi hər birimiz üçün mühüm önəm daşıyır. Komitə sədrinin qeyd etdiyinə görə, sözügedən qanunun 5-ci fəslində informasiyanın təsnifatları verilib ki, onların da məlum dəyişikliklərin içərisinə əlavə edilməsi lazımdır:  “Dünyada baş verən proseslər fonunda Azərbaycanın milli və dövlət təhlükəsizliyinin, milli və dövlət maraqlarının, mənafelərinin qorunması, təmin edilməsi məqsədi ilə informasiya, məlumat əldə etməyə müəyyən məhdudiyyətlərin qoyulması anlaşılandır və cəmiyyətimiz tərəfindən də bu belə qarşılanmalıdır. Başqa cür ola da bilməz. Bu, əslində yeni dövrün çağırışlarına bizim bir cavabımızdır. Çünki yaşadığımız təlatümlü bir dövrdə, dünyada dövlətimizin təhlükəsizliyinin qorunması, təmin edilməsi hər birimiz üçün olduqca vacib məsələdir. Ona görə komitəmiz adından sözügedən qanuna nəzərdə tutulan dəqiqləşdirmələri məqbul hesab edir və müsbət sayıram”.

 Digər millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı isə qeyd edib ki, Azərbaycanda “İnformasiya təhlükəsizliyi haqqında” qanunun qəbuluna ehtiyac var.  Millət vəkili hələ bir neçə il öncə belə bir təkliflə çıxış etdiyini xatırladıb və bildirib ki, belə bir qanunun qəbuluna çox ciddi ehtiyac duyulur: “Bəzən KİV nümayəndələri belə hesab edirlər ki, istədikləri məlumatı mətbuata, efirə çıxara, yaya bilərlər. Ancaq bu zaman bir məqam yaddan çıxarılır ki, onların bu məlumatlarından Azərbaycanı istəməyən dairələr, qüvvələr zaman-zaman ölkəmizə qarşı istifadə ediblər və ya istifadə edə bilərlər.  Odur ki, milli maraqlarımızla, dövlət təhlükəsizliyimizlə bağlı olan məlumatların yayılmasına məhdudiyyətlər qoyulmalı və bu yöndə ayrıca bir qanun qəbul edilməlidir. Hər halda, mən də bu gün müzakirəyə çıxarılan dəyişiklikləri məqbul sayır, eyni zamanda hesab edirəm ki, informasiya təhlükəsizilyi ilə bağlı qanunun qəbulu gecikdirilməməlidir”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım