Keçmiş millət vəkili: “Şirkət tikinti işlərinin başlanıldığını bəyan edib”
Bir müddət öncə bir qrup sabiq deputatın (II çağırış) hökumət tərəfindən onlara vəd olunan mənzilləri uzun illərdən bəri ala bilməməsi gündəmdə idi. Tikintini aparan şirkətlə eks-deputatlar arasında mübahisə də sakitləşmək bilmirdi.
Maraqlı tərəflərdən biri olan Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, keçmişç millərt vəkili Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, son bir ayda işləri ilə əlaqədar Bakıda olmadığı üçün bu məsələ ilə bağlı yeni heç nə deyə bilməyəcək. Lakin o qeyd edib ki, həmin binanın işasını aparacaq şirkət – “KAT ltd” bir il müddətində prosesi başa çatdıracağı barədə məlumat yayıb. “Mənim bildiyimə görə, “KAT ltd” şirkəti sabiq deputatlar və bu mənzilləri almalı olacaq şəxslərlə əlaqə saxlayıb və bildiriblər ki, artıq onlar tikintini başlayırlar. İcraçı tərəf qeyd edib ki, “Eurovision”la bağlı işlər bir qədər ləngidilib, amma sonra daha geniş tikinti işlərinə başlayıblar. Şirkətin hazırda işə həqiqətən balşayıb-başlamaması barədə isə məlumatım yoxdur”.
Əliməmməd Nuriyev bu prosesi diqqətlə izləyəcəklərini qeyd edib: “Əgər bu istiqamətdə hər hansı digər fəaliyyətsizlik olacaqsa, təbii ki, münasibətimizi bundan əvvəlki formatda davam etdirəcəyik. Bütün hallarda həmin tikilməli olan mənzillərə haqqımız var. Ümid edirəm ki, qarşı tərəf bu məsələləri anlayışla qəbul edib, qanunvericilik və praktikada nəzərdə tutulmuş qaydada həll edəcək”.
Qeyd edək ki, Milli Məclisin bir qrup sabiq deputatı (II çağırış) 10 ildən çoxdur mənil növbəsində dayanıb. Eks-millət vəkillərinin sözlərinə görə, 2000-2005-ci il aralığında deputatlar üçün tikilən bina dövlət ehtiyacları üçün Fövqəladə Hallar Nazirliyinə veriləndən sonra mənzil tikintisi dayandırılıb.
Aytən ƏLİYEVA