“Heç kim demir ki, yaltaqlanıram, hamı deyir ki, həqiqəti deyirəm”
Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı, yəqin ki, yaltaqlar.
Rus şairi Krılovun yazdığı bu misra həm dünən, həm də bu gün üçün hər zaman aktual olub. Hətta yaltaqlığı boynuna alan şəxslər etiraf edirlər ki, indiki zamanədə yaltaqlıq etməsən, işin keçmir. Deyə bilərik ki, zəmanəmiz insanda belə bir keyfiyyətin formalaşmasına vadar edir. Əbəs yerə deyilməyib ki, mühit insanını xarakterinin formalaşmasına təsir edən əsas amildir.
Bəs görəsən, cəmiyyətimizdə kifayət qədər statusa malik insanlar bu barədə nə fikirdədirlər.
Modern.az millət vəkillərindən münasibət öyrənib.
Yaltaqlıq və rüşvətxorluq himn, bayraq və gerb kimi Azərbaycanın atributu olduğunu deyən Fazil Mustafanın sözlərinə görə, bu ikisindən hansısa birini sıradan çıxartsaq dövlətimiz üçün ciddi zərbə ola bilər: “İnsanlar bir-birindən asılı olduğundan yaltaqlanmağa məcbur olurlar.
Bu asılılıq aradan qalxanda, mənfiyə görə bir-birinə bağlılıq anlayışı ortadan qalxanda yaltaqlıq amili də özlüyündə ortadan qalxacaq. Amma hələ ki, hamı müəyyən dərəcə bir-birindən asılıdır, insanlar çörəklə imtahana çəkilir. Ona görə də yaltaqlıq, rüşvətxorluq problem olaraq qalacaq. Ancaq şəffaf, demokratik cəmiyyət olarsa yaltaqlıq aradan qalxa bilər. Çünki insanlar belə cəmiyyətdə azad yaşayır, bir-birindən heç bir asılılığı olmur. Bizim kimi qapalı cəmiyyətlərdə insanların hamısı bir-birindən asılıdırlar. Təsəvvür edin ki, yaltaqlanmayan bir məmurun günü səviyyəsiz müdir qarşısında qaradır. Ona görə də insanların azad, müstəqil olması vacibdir. Onda həccə getmək üçün rüşvətə ehtiyac olmayacaq. Daha şəffaf cəmiyyət qurulacaq”.
Suala birmənalı cavab verməyin mümkünsüz olduğunu deyən millət vəkili İlyas İsmayılov yaltaqlığı Azərbaycan cəmiyyəti üçün böyük bəla sayır: “Bunu heç cür qadağan etmək olmaz. Sadəcə burada tərbiyəvi işlər aparmaq lazımdır. İnsanlar məmura yaltaqlanmasınlar, cəsarətli olsunlar”.
Yaltaqlığı insanın təbiəti adlandıran Nizami Cəfərov bu gün Azərbaycan mətbuatında çox bir-birinə qarşı mübarizə olduğunu deyir. Onun sözlərinə görə, sovet dövründə yaltaqlıq var idi. Amma yenə yaltaqlıq olsaydı, yaxşı olardı: “Halbuki bu gün cəmiyyətdə elə aqressiv münasibətlər var ki, heç kim heç kimi tanımır. Hər halda bu ümumbəşəri hadisədir. Saymazyanalıq da var, yaltaqlıq da var. Bunlar bir birilərini tamamlayır. Demək olmaz ki bunlardan biri az, biri çoxdur. Əsas da demokratiya, dünyaya açılma dövründə insanlar daha sərbəst olublar. Mənəvi şeylər var ki, bunları qadağan etmək mümkün deyil. Bunu ancaq insanların bir-birindən iqtisadi asılılığını azaltmaqla olar. Bunu mənəvi tərəfdən yox, iqtisadi tərəflərinə baxmaq lazımdır. Belə olan halda heç kim yaltaqlanmayacaq”.
Yaltaqlığı mənəviyyat məsələsi hesab edən İqbal Ağazadə artıq bunun Azərbaycanda yaşam tərzinə çevrildiyini söylədi. Onun fikrincə, yaltaqlığı aradan qaldırmaq üçün ilk növbədə yaşam tərzi dəyişməli, hakimiyyətin münasibətləri dəyişməlidir. Yalnız bundan sonra bu söz aradan qalxacaq: “Bunu heç bir qanunla, qadağa ilə aradan qaldırmaq olmaz. Axı yaltaqlananda heç kim demir ki, yaltaqlanıram. Hamı deyir ki, onun haqqında həqiqəti deyirəm”.
Gültəkin Ələsgər