Modern.az

Hansı deputatların bankda əmanəti qalıb? - II yazı

Hansı deputatların bankda əmanəti qalıb? - II yazı

19 İyun 2012, 11:21

“Yeyib-içən oğlanlar banka pul qoymur”

Artıq iki həftədən çoxdur ki, sovet dövründən banklarda qalmış əmanətlər qaytarılır. Uzun müddət bu əmanətlərin yolunu səbirsizliklə gözləyən vətəndaşlar indi gecə-gündüz demədən pullarını almaq üçün növbə tutmalı olurlar. Maraqlıdır, maddi vəziyyəti normal olan millət vəkilləri necə, onların da bankda əmanətləri varmı, bu əmanətlərin alınmasına səy göstərirlərmi?

Modern.az deputatlar arasında növbəti sorğu aparıb.

“Əmanət kitabımı simvolik olaraq saxlayacam

Millət vəkili Cingiz Qənizadə vaxtilə banka 50 manatlıq sovet rublu qoyub. Əmanət kitabçasını simvoliik olaraq saxlayacağını deyən deputat əmanətini almaq fikrində deyil: “İlkin olaraq bu məbləği qoydum ki, sonradan da əmanət yatırım. Amma sovet rejimi dağıldığından sonra banka yeni əmanət qoya bilmədim”.

“Artıq pul olanda elə bil cibimi deşir”

 Sovet dövründə yüksək vəzifədə işlədiyini deyən millət vəkili Eldar İbrahimov banka əmanət qoymadığını deyir: “Sovet dövründə yüksək əməkhaqqı aldığımdan buna ehtiyac olmayıb. Əlavə pulum olanda da həmişə yeyib-içməyə xərcləmişəm” .

Millət vəkili Hüseynbala Mirələmov da deputat həmkarı kimi əlavə pulunu yeyib-içməyə xərclədiyini deyir: “Həmişə cibimizdə əlavə pulumuz olanda yeyib-içmişik, dostlara borc vermişik, qonaqlıq vermişik. Yeyib-içən oğlanlar banka pul qoymur. Ona görə də banka əmanət yatırmamışıq. İndi də əmanətlə bağlı problemimiz yoxdur. Mənim cibimdə artıq pul olanda elə bil cibimi deşir. Ona görə də həmişə əlavə pulum olan kimi xərcləmişəm. Mənə elə gəlir ki, bu mənim xarakterimdir”.    

Bankda heç bir əmanəti olmayan millət vəkili Mübariz Qurbanlının sözlərinə görə, əmanətlə bağlı heç bir iddiası yoxdur. 

“Bu şəxsi məsələdir”

Millət vəkili Asəf Hacıyev isə bunu şəxsi məsələ hesab etdiyindən sualımızı cavablandırmaqdan boyun qaçırdı: “Bankda əmanətimin olub-olmamasının heç kimə dəxli yoxdur”.

“Anam sevindi”

Şəxsən özü tərəfindən banka əmanət yatırmadığını deyən Zahid Orucun valideynləri vaxtilə banka 25 min rubl əmanət yatırıblar:
“Valideynlərim sovet dövründə əmək öncülləri olublar. Ona görə də əl zəhmətlərini banka etibar ediblər. Anam çox şükür sağ-salamatdır. Həmişə bu əmanətlərin qaytarılıb-qaytarılmayacağını məndən soruşurdu. Biləndəki bu pullar verilir, çox sevindi. İndi təbii ki, pulunu almaq üçün müraciət edəcək”.

“Pulumu alıb imkansız qohum-əqrəbama bağışlayacam”

Vaxtilə banka 2 min rubl əmanət qoyan Flora Qasımova əmanətini almaq üçün hələ müraciət etmədiyini deyir. Millət vəkili aranın seyrəlməsini gözləyir: “Hələ tünlükdür. Ona görə də müraciət etməmişəm. Amma pulumu alacağım təqdirdə onu imkansız qohum-əqrəbama bağışlayacam”.

Gültəkin Ələsgər   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım