Modern.az

Nizami Cəfərov: ““Mədəniyyət haqqında” Qanunu başa çatdırsaq böyük bir iş etmiş olarıq”

Nizami Cəfərov: ““Mədəniyyət haqqında” Qanunu başa çatdırsaq böyük bir iş etmiş olarıq”

25 İyun 2012, 14:16

Modern.az Milli Məclisin komitələrin yaz sessiyası müddətindəki fəaliyyəti haqqında yazıları davam etdirir. Növbə MM-in Mədəniyyət komitəsinindir. Bu komitədə hansı qanun layihələri müzakirə olundu, hansıları qəbul edildi, hansı layihələr isə payız sessiyasına saxlanıldı?

Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirdi ki, sessiya müddətində “Mədəniyyət haqqında” Qanun işlənib hazırlandı.

Mədəniyyət və Turizm Nazirliyi ilə birgə hazırlanan qanun layihəsi hətta birinci oxunuşdan keçdi. Millət vəkilinin sözlərinə görə, birinci oxunuşda çoxlu qeydlər götürüldü:

“Bunlar kifayət qədər əsaslı qeydlər idi. Ona görə də biz bu qanunu  dərhal ikinci oxunuşa çıxarmadıq. Yaz sessiyası bitdi. Ardınca növbədənkənar sessiyası başladı. Növbədənkənar sessiyada da iki qanun gündəliyə çıxarıldı. Ona görə də biz “Mədəniyyət haqqında” Qanunu növbədənkənar sessiyaya çıxarda bilmədik. Qanun layihəsi üzərində işləmək lazım gəldiyindən bunu payız sessiyasına saxladıq”.

Bu növbədən kənar sessiyada İctimai televiziya və radio yayımı ilə bağlı qanunda düzəlişlər olduğunu deyən komitə sədri sessiya müddətində ən çox müzakirə mövzusu olan qanun layihəsinin  də elə bu olduğunu bildirdi:

“Yəqin ki, ayın 29-da keçiriləcək son iclasda da bu qanuna baxılacaq. Payız sessiyasında isə əsasən “Mədəniyyət haqqında” Qanunun müzakirəsi davam etdiriləcək. Sessiyanın sonuna qədər “Mədəniyyət haqqında” Qanunu başa çatdırsaq və müzakirə edib ikinci oxunuşdan da keçirə bilsək böyük bir iş etmiş olarıq. Bizim bir sıra qanunlarımız var ki, onlar müxtəlif vaxtlarda müzakirə olunub hətta Milli Məclisin plenar iclasında da ikinci oxunuşdan keçib. Məsələn, “Yaradıcı şəxslər və yaradıcı ittifaqlar haqqında” Qanun layihəsi üzərində işləri davam etdiririk. Bu qanunun da payız sessiyasında gündəliyə çıxarılması gözlənilir. Qanunda mübahisəli məsələlər olduğundan qanun layihəsi növbəti sessiyaya saxlanıldı. Bu layihələr də payız sessiyasında müzakirəyə çıxarıla bilər”.

Mədəniyyət komitəsinə təqdim olunan qanun layihələrinin həm komitə  üzvləri, həm də Prezident Aparatı tərəfindən irəli sürüldüyünü deyən millət vəkilinin sözlərinə görə, “Mədəniyyət haqqında” Qanun komitə üzvlərinin təşəbbüsü ilə, “İctimai televiziya və radio yayımı haqqında” Qanun isə Prezident Aparatı tərəfindən Milli Məclisə təqdim olunub.

Gültəkin Ələsgər      

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım