Milli Məclis yaz sessiyasının ardınca növbədənkənar sessiyanı da yekunlaşdırır. Parlament bu sessiyalardan nə ilə yadda qaldı? Modern.az bu sualla parlament jurnalistlərinə müraciət edib.
“Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanov üçün hər sessiya özünün həmin dövrdə gərgin işləməyilə yadda qalır. Onun sözlərinə görə, iclasın motivindən fərqli olaraq həmkarları Murad, Pərvinlə birlikdə iclas qutaranda çox yorğun olurlar.
“Bəzi qanunları, məsələn, eks-prezidentlər haqqında, “İnformasiya əldə etmək haqqında” kimi sənədlər istisna olmaqla, yaz sessiyasının əvvəlki sessiyalardan elə də fərqini görmürəm. Yuxarıda adını qeyd etdiyim qanunlar bu sessiyanı daha yadda qalan edib”.
“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlının sözlərinə görə, bu sessiya məhsuldar olub və parlamentdə faydalı qanunlar qəbul olunub.
“Sessiya dövründə maraqlı çıxışlar oldu. Məsələn, Çingiz Qənizadə “Azərenerji” ilə bağlı maraqlı faktlar açıqlamışdı, spiker Oqtay Əsədovla Zahid Orucun maraqlı dialoqu olmuşdu. Bundan əlavə, parlamentdə Avronest PA-nın ikinci sessiyasının keçirilməsi daha yadda qalan olub.
İclasların davamlı olması, deputatların müxtəlif qanun layihələrinin müzakirəsində fəallığı da yadda qalan məqamlardır. Məsələn, axırıncı iclasda idarəetmədə yeni terminlə bağlı qanun layihəsi geniş müzkirələrə səbəb oldu, çoxsaylı təkliflər səsləndirildi. Tikinti Məcəlləsinin də qəbulu maraqlı hadisə idi”.
“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə hesab edir ki, Milli Məclisin 2012-ci il yaz və növbədənkənar sessiyaları Azərbaycan jurnalistlərinin yaddaşından uzun müddət silinməyəcək.
“Çünki bu sessiyada qanunvericiliyə jurnalistlərin fəaliyətini məhdudlaşdıran bir sıra müddəalar daxil edilib. "İnformasiya əldə etmək haqqında" və "Komersiya sirri haqqında" qanunlara edilən məhdudlaşdırıcı maddələr jurnalistlərin onsuz da yaxşı olmayan informasiya əldə etmək imkanlarını daha ağırlaşdırdı.
Bundan başqa, yaz sessiyası və növbədənkənar sessiyada Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəfələrlə dəyişikliklər edilib”.
Jurnalistin sözlərinə görə, ümumiyyətlə, Milli Məclisin yaz və növbədənkənar sessiyalarının elə bir iclası olmayıb ki, Cinayət, İnzibati və Mülki məcəllələrə dəyişikliklər edilməsin. Dəyişikliklər əsasən qaydaların sərtləşdirilməsi, müxtəlif sahələrdə qanun pozuntusuna görə cərimələrin məbləğinin dəfələrlə artırılması ilə bağlı olub.
“Bura yol hərəkətinin pozulması, zibilin kənara atılmasından tutmuş müxtəlif fəaliyyət sahələrində qanun pozuntusuna görə cərimələrin artırılması daxildir. Bunun nə qədər effektli siyasət olduğunu isə zaman göstərəcək.
Eyni zamanda, qanunvericiliyə dini fəaliyyəti məhdudlaşdıran dəyişikliklər olub. Bundan başqa, sessiyalarda Azərbaycan cəmiyyətinin çoxdan gözlədiyi, siyasi islahatlar, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması üçün vacib olan iki qanun qəbul olunub. Bunlardan birincisi "Siyasi partiyalar haqqında" qanundur. Bu qanun demokratik cəmiyyətin gözləntilərinə tam uyğun olmasa da, hər halda qəbulu vacib şərtdir. Əsas odur ki, belə bir qanun var. Onu gələcəkdə təkmilləşdirmək da olar.
İkinci qanun isə 2011-ci ilin payız sesiyasında qəbul olunan, növbədənkənar sessiyada ikinci oxunuşdan keçən eks-prezidentlər haqqında qanundur. Bu qanunun qəbulu yaxşı haldır və növbədənkənar sessiyanın uğurudur.
Ona görə də bu sessiyaları jurnalistlərin fəaliyyətini məhdudlaşdıran, siyasi və demokratik islahatlar üçün vacib olan qanunların qəbul olunduğu və müxtəlif sahələrdə qanun pozuntusuna görə cərimələrin artırıldığı sessiyalar kimi xarakterizə etmək olar”.
”Vətəninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlı da hesab edir ki, xüsusilə eks-prezidentlərin statusu haqqında qanunun qəbulu ilə bağlı atılan addımlar və bu sənədin qəbulu yaz sessiyasına damğasını vuran hadisə oldu.
“Bunun ardınca "Siyasi partiyaların maliyyələşməsi haqqında” qanunun qəbulu isə parlamentin yaz sessiyasını bir qədər də rəngləndirdi.
Təbii ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin və Qırğızıstan prezidentinin çıxışları da parlament tarixinə yazıldı”.
N.Canbaxışlı qeyd edib ki, Milli Məclisdə millət vəkillərinin cari məsələlər üçün ayrılan vaxt içərisində çıxışları və bu çıxışlara münasibətlər də gözdən qaçmamalıdır.
“Xüsusən İran məsələsi ilə bağlı çıxışlar diqqət mərkəzində oldu ki, burada parlamentarilərin maraqlı münasibətləri bir növ yenilik hesab edilə bilər. Məsələn, Etibar Hüseynovun çıxışı, parlament rəhbərliyinin, eyni zamanda millət vəkillərinin mövqeyi həmin günün əsas manşetləri sayılmalıdır. Bütün yaz sessiyasını ümumi qiymətləndirməyə gəldikdə isə bu zamanı müsbət və faydalı fəaliyyət olaraq dəyərləndirmək olar”.
“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı hesab edir ki, bu dövrdə Azərbaycan parlamenti kifayət qədər səmərəli fəaliyyət göstərib. Onun sözlərinə görə, sessiyalar zamanı Milli Məclis hökumətin, Ombudsmanın hesabatını dinləyib və millət vəkilləri müxtəlif təkliflərlə çıxış ediblər. Eyni zamanda, eks-prezidentlərin statusu haqqında qanunun qəbul edilməsi bu sessiyanın qəbul etdiyi ən mühüm sənədlərdən biridir. Jurnalistin fikrincə, bir çox qanunlara edilən dəyişikliklər və millət vəkillərinin beynəlxalq fəaliyyəti də qənaətbəxşdir.
“Doğrudur, bəzi həmkarlarımız qalmaqallar, mübahisələr olmayanda parlamentin fəaliyyətini müsbət qiymətləndirmir. Amma bu yanaşma düzgün deyil. Milli Məclis bir çox qanunlara yeniliklər edib ki, bu da icra orqanlarının fəaliyyətinin şəffaflığına xidmət edir. Eyni zamanda, bu dəyişikliklər insanların maraqlarına çox uyğundur”- deyə, N.Bayramlı vurğulayıb.
“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Milli Məclisin yay sessiyasi əsasən eks-prezidentlər haqqında qanunun qəbulu ilə yaddaşımda qalıb.
Çoxdan gözlənilən bu qanunun qəbulu məhz bu sessiyaya təsadüf etdi. Bundan əlavə, "Siyasi partiyalar haqqında" qanuna edlilən əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi də yaddaşlarda qaldı. Ümumilikdə isə sessiya çox rəvan keçdi”.
Bu sessiyada bir cox vacib qanun layihələrinin qəbul edildiyini deyən “Azərbaycan” qəzetinin əməkdaşı Rəşad Baxşəliyevin sözlərinə görə, sözügedən zaman kəsiyində ölkədə bir çox sosial problemlərin həllini təmin edəcək sənədlər ratifikasiya olundu.
“İlk dəfə Azərbaycanda siyasi partyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı qəbul edilən qanun layihəsi onu göstərdi ki, Azərbaycanın iqtisadi gücü getdikcə artır. Digər mühüm sənədlərə gəlincə isə Azərbaycanda sabiq prezidentlər və onların ailə üzvlərinin təminatını nəzərdə tutan Konstitusiya qanununun təsdiqlənməsi, yeni Şəhərsalma və Tikinti Məcəlləsi (çox güman ki, iyunun 29-da keçiriləcək iclasda qəbul olunacaq), “Mədəniyyət haqqında” yeni qanunun işlənməsi, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna mühüm əlavələrin edilməsi, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsinin və digər sənədlərin qəbulu və dəyişikliklər göstərdi ki, ölkəmizdə insanların sosial rifahının yüksəldilməsi, əhalinin həyat şəraitnin daha da yaxşılaşdırılması dövlət siyasətinin pioritet istiqamətlərindən biridir. Bu sessiya ərzidə Ombudsmanın səlahiyyətləri artırıldı, "İnformasiya əldə etmək haqqında" qanunda dəyişikliklər edildi. Eyni zamanda Zaqatalada baş verən zəlzələ və Kür daşqınlarından əziyyət çəkən insanlara yardım məqsədi ilə 2012-ci ilin dövlət büdcəsinə dəyişiklik edildi”.
“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu deyir ki, 2012-ci ilin yaz sessiyası və artıq başa çatmaqda olan növbədənkənar sessiyada qeyri-adi heç nə baş vermədi. Ənənəvi olaraq hökümətin, Ombudsmanın hesabatı və digər hesabatlar dinlənildi, büdcəyə əlavə ilə bağlı müzakirələr aparıldı.
“Əvvəlki çağırış parlamentin müzakirələrilə müqayisədə bu sessiya çox zəif və sönük keçdi. Deputatlar sankı çıxış xatirinə danışırdılar. Ancaq bu sözləri heç də bütün deputatlara aid etməzim. Yenə də hər zaman olduğu kimi, millət vəkillərindən Qənirə Paşayeva, İqbal Ağazadə, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Zahid Oruc, Aydın Mirzəzadə, Fuad Muradov, Elmira Axundova, Jalə Əliyeva və digərləri öz fəallıqlarını nümayiş etdirdilər, onları və seçicilərini maraqlandıran problemləri gündəmə gətirməyə çalışdılar”.
K.Həmzəoğlunun sözlərinə görə, bu sessiyada daha çox yadda qalan eks-prezidentlərlə bağlı qanunun ikinci səsvermədən keçməsi oldu ki, bu da Azərbaycan ictimai-siyasi həyatında mühüm rol oynayan Konstitusiya qanunlarından biridir.
“Bu qanuna görə, bundan əvvəlki ölkə rəhbəri olmuş şəxslərə müəyyən hüquqlar, imtiyazlar tanındı. Bu da heç şübhəsiz Azərbaycanın hüquqi dövlət, demokratik islahatlar yolunda müəyyən müsbət addımlarından xəbər verir. Ümumiyyətlə, bu sessiyada da mənim üçün qeyri-adi heç nə baş vermədi”.
“Xəbərlər-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov üçün ən yadda qalan məqam deputatların Milli Məclisdə uzun müddət zibil problemini müzakirə etməsi olub. O bildirir ki, həmin vaxt sərhəddə döyüş gedirdisə, Milli Məclisdə də zibil məsələsi üstündə mübahisələr gedirdi.
Çox təəssüf ki, parlamentdə bir sıra ciddi məsələlər qaldırılsa da, onun həyata keçirilməsində problemlər olur. Bunlar isə Milli Məclisin funksiyasını istər-istəməz aşağı salır. Əgər yaz sessiyasında xüsusən əhalinin bir sıra probleminə həsr edilmiş məsələlərin həlli mümkün olsaydı, daha yaxşı olardı.
Növbədənkənar sessiyada isə deputatlar həmin ərəfədə cəbhədə gərgin situasiya yaranmasına baxmayaraq, daha çox zibil qabı məsələsini araşdırmaqla məşğul oldular”.
“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli bildirib ki, Milli Məclisin yaz və növbədənkənar sessiyaları bir sıra özəlliklərlə, xüsusən jurnalistlər üçün vacib sayılan “İnformasiya əldə etmək haqqında” qanuna məhdudlaşdırıcı maddələrin salınması ilə yadda qaldı.
““Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun qəbulu da yeniliklərdən biri idi ki, bu qanunla da 1 yaşında olan uşaqlara pasport verilməsi qeyri-adi hadisədir.
Bundan əlavə, keçmiş prezidentlər və onların ailə üzvlərinin təminatı haqqında qanun uzun müddətdən bəri gözlənilirdi və bu sessiyada qəbul olundu. “Siyasi partiyalar haqqında” qanuna nəhayət dəyişiklik olundu. Bu müsbət addım kimi dəyərləndirilməlidir. Lakin yaz sessiyasında “Diffamasiya haqqında” qanunun qəbulu baş tutmadı. Əksər jurnalistlər və cəmiyyətin belə bir qanunun qəbulu gözləməsinə baxmayaraq, onun heç Milli Məclisə daxil olub-olmaması da bəlli deyil.
Milli Məclisin yaz sessiyası və növbədənkənar sessiyası mənim parlament müxbiri olduğum dövrlərdə rast gəlmədiyim sərt bəyanatların qəbulu ilə yadda qaldı. Azərbaycan parlamenti ölkəmiz haqqında yalnış məlumatlar yayan beynəlxalq təşkilatlara, xarici dövlətlərin parlamentlərinə, xüsusən Avropa Parlamentinə, ABŞ Konqresinə sərt reasksiya verməsi ilə yaddaşda qaldı. Bu da parlamentin fəaliyyətinin güclənməsini zərurət edən bir məsələ idi”.
“Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli: “Parlament dövlətin məsuliyyətini bölüşən ikinci bir orqan olduğundan ondan gözləntimiz böyükdür. Amma Azərbaycan reallıqları bundan ibarətdir ki, parlament faktiki olaraq, özünü hakimiyyətin ikinci qolu olaraq, cəmiyyətdə təsdiqlədə bilməyib. Parlamentin son sessiyası əvvəlki illərdən heç nə ilə fərqlənməyib. Yadımda qalan isə eks-prezidentlərlə bağlı qanunun qəbuludur. Mən bunu müsbət hal kimi dəyərləndirirəm. Həmçinin növbədənkənar sessiyada “İnformasiya əldə etmək haqında” qanuna və digər qanunvericilik aktlarına qadağalardan ibarət dəyişikliklər edilməsi mənfi məqam kimi yaddaşımda qalıb”.
“Turan” İnformasiya Agentliyinin əməkdaşı Təranə Kazımova yaz və növbədənkənar sessiyaları “İnformasiya əldə etmək haqqında” qanuna edilən dəyişiklərin jurnalistlərin belini qırması ilə yadda saxlayıb.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy bildirib ki, eks prezidentlərin və onların ailə üzvlərinin statusu haqqında qanunun qəbul olunması ilə bağlı gözləntilər var idi və nəhayət öz həllini tapdı.
“Təbii ki yaz sessiyası və növbədənkənar sessiya bu qanunun qəbulu ilə yadımda qaldı.
Amma bu zaman kəsiyində ümumilikdə parlamentin passiv fəlaiyyətinin, əksər deputatların sanki bir az da ehtiyatlı şəkildə Milli Məclisə gəlib-getmələrinin şahidi olduq. Onlar hətta siyahıya yazılmamağa, görünməyə ehtiyat edirdilər, elə bil ki, sadəcə mandat gəzdirmək xatirinə parlamentə üzv seçiliblər. Bu mənada bir sıra deputatlar istisna olmaqla əksəriyyətinin passiv fəaliyyətinin şahidi olduq və bu onlara heç də hörmət qazandırmır. Ölkənin, seçicilərin çoxsaylı problemləri var, hər gün üzləşdiyimiz çoxsaylı neqativ hallar var. Bütün bunlara rəğmən həmin deputatların susmaları onların ölkənin, millətin, seçicinin dərdlərinə, problemlərinə nə qədər laqeyd olduqlarının göstəricisidir. Bir çoxları biznes qurmaq, öz yaxın çevrələrini cəlb etmək üçün sanki mandat əldə edib, bu kürsəyə yiyələniblər. Ümumilikdə parlamentin fəaliyyətini müsbət qiymətləndirmək çox çətindir”.
“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslanın yaddaşında Milli Məclisin yaz sessiyası daha çox deputatların İrana, Almaniyaya, Avropa Parlamentinə qarşı çıxışları, bəyanatları ilə qalıb.
“Sessiya ərzində parlament sədarəti ilə deputatlar arasında yaşanan kiçik qarşıdurmalar da oldu ki, bunlardan ən maraqlısı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla deputat Elmira Axundova arasında baş verdi. Məncə Ziyafət Əsgərovun deputata qarşı “sabah da mətbuat yazacaq ki, 15 ilin deputatı hələ bilmir, nə müzakirəyə qoyulub, nə qəbul edilib. Qanun layihəsini təklif edənlər deputatlardır, başa düşmürsünüzsə, kitab, ensiklopediya oxuyun” kimi sərt çıxışının qarşılığında Elmira Axundova ya gərək birinci vitse-spikeri məhkəməyə verəydi, ya da o deputat mandatından imtina edəydi. Amma bunun heç biri baş vermədi.
Sessiya dövründə deputatlar tərəfindən qaldırılan məsələlər arasında Fazil Mustafanın “Xəzərin statusu haqqında qanun layihəsi”nin hazırlanıb qəbul edilməsi təklifini vacib məsələ kimi qiymətləndirirəm. Doğrudan da bu gün vəzifəli, imkanlı şəxslər dənizə gedən bütün yolları tutub hasarlayıblar, hətta cığır da qoymayıblar ki, sadə insanların dənizə gedə bilsinlər. Ona görə də Fazil Mustafanın “Milli Məclis səviyyəsində Xəzərə yol açaq” təklifi maraqlı təklif kimi yaddaşımda qalıb.
Yaz sessiyasının daha bir maraqlı məqamı kimi Zeynəb Xanlarovanın gözlənilməz çıxışını da qeyd edə bilərəm” deyə A.Aslan vurğulayıb.
Aytən ƏLİYEVA