"Amma buna şeir demək olmaz”
Modern.az Milli Məclis üzvlərinin şeirə, poeziyaya marağını dair soğrusunu davam etdirir.
Deputat Flora Qasımova hələ orta məktəbdə oxuyarkən daha çox irihəcmli şeirləri oxuduğunu və öyrəndiyini söylədi:
“Şerin, poeziyanın mənim də həyatımda da öz yeri var. Daha çox qulaq asdığım və dinlədiyim zaman təsirləndiyim şeirlər Qarabağla, xalqımızın soyqırımı ilə bağlı olan şeirlərdir. Poeziyanı sevdiyim qədər musiqi dinləməyi də çox xoşlayıram, amma sözlərini başa düşmədiyim və təsirlənmədiyim musiqiləri dinləmirəm. Bəzi şeirlər var ki, onları oxuduğum zaman gözümün önünə hansısa baş vermiş hadisələr gəlir və onlar məni bir anlıq da olsa, keçmişimə qaytarır. Əslində elə şeirlər var ki, onlar insanın ruh aləmindən xəbər verir. İç dünyası zəngin olan hər bir şəxs poeziyanı necə sevməyə bilər ki...
Şeir yazma qabiliyyətim olmasa da, şeir dinləməyi və oxumağı çox xoşlayıram. Hərdən isə hansısa hadisələrdən təsirlənib, ürəyimdən keçən hissləri cızma-qara olaraq yazmışam. Amma buna şeir demək olmaz, bunlar sadəcə ötəri olan hisslər idi. Bu sadəcə məndə bir həvəs olub və indi də ötüb keçib. Kitablarını sevərək oxuduğum, mübariz ruhlu şeirlər yazan Xəlil Rza Ulutürkü isə hər vaxt oxuyuram”.
Kamilə Əliyeva şeri, poeziyanı həyatının ayrılmaz bir hissəsi kimi gördüyünü vurğuladı:
"Poeziyaya çox düşkün bir insanam və hərdən keçirtdiyim hisslər, baş vermiş hadisələrlə əlaqədar olaraq kiçik şeirlər yazıram. Əslində isə mən şeir yazmaqdan ötrü qarşıma hansısa məqsəd qoymuram, poeziyaya vurğun biri olaraq, bu hisslər mənə gələndə bir və ya iki misra şer yazıram. Ümmumiyyətlə, bu bizdə irsidir, mənim atam da, qardaşım da şair, yazıçı olmasalar da, poeziyaya çox həvəsləri olub. Mən özümü çox xoşbəxt hesab edirəm ki, bu qabiliyyət məndə də var və məqamı gələndə bəzi cızma-qaralar edə bilirəm. Bununla yanaşı, şer dinləməyimdə çox xoşlayıram və şer dinlədiyim zaman poeziyaya düşkün olan biri kimi keçirtdiyim hisslər dinlədiyim şerin mətninə uyğun olaraq, müxtəlif yönümlü olur. Təbiəti çox sevən biri kimi təbiət haqqında olan şerləri də oxuyuram. Hər bir insan kimi şer oxuduğum zamanda müxtəlif xəyallara dalıram, şerin mətnindən asılı olaraq keçmişə qayıda bilirəm və nələrisə yada salıram. Ümumiyyətlə, təbiət haqqında yazılan və təbiətin gözəlliyini əks etdirən şeirləri isə daha çox sevirəm, çünki təbiət, dəniz, poeziya, bunlar mənim həyatımdır. Bir sözlə, mən poetikada özümü tapıram. Cızma-qara olaraq yazdıqlarım isə özümə aid olan hisslər və duyğular olduğundan onları heç vaxt heç yerdə çap etdirmək fikrində deyiləm”.
Fuad Muradov poeziyanı başa düşmək və onu öyrənmək lazım olduğunu bildirdi:
“Tələbəlik həyatımdan dünya klassikləri və Azərbaycan klassikləri ilə tanışam. Poeziyaya, şerə marağım olsa da, amma özümün bu istiqamətdə xüsusi bir talantım olmayıb. Şeir insanın formalaşmasında müəyyən rol oynayır. Poeziyaya münasibətim çox yaxşıdır, poeziyanı başa düşmək və onu öyrənmək lazımdır. Məktəb illərində məndə belə bir yanaşma olub və ondan sonra xüsusi həvəsim olmayıb. Hansısa hadisələrdən təsirlənib bəzi cızma-qaralar etmişəm və bu yalnız məktəb illərində qalıb, indi isə onların heç birini xatırlamıram. Poeziyaya həvəsi olan insan kimi daha çox Seyid Əzim Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Səməd Vurğun, xarici ədəbiyyatda Şekspir, Viktor Hüqo bu kimi ədiblərlə tez-tez tanış oluram”.
Mübariz Qurbanlı “poeziyanı sevməyən insan olmaz” deyir:
“Poeziyaya münasibət iki cürdür, elə insanlar var ki, onlar poeziya, şeir vurğunudur və ixtisasından asılı olmayaraq, o, insanlarda şeir əzbərləmək həvəsləri belə var. İkinci tip insanlar isə əslində sırf poeziyaya bağlı olsalar da, onlarda bu həvəs demək olar ki, yox dərəcəsindədir. Bizim zamanımızda, indiki gənclikdən fərqli olaraq, poeziyaya, poetik yöndə olan şeirlərə həvəs olduqca çox idi. Şeir çox oxusam da, çox əzbər şeir bilmirəm və heç vaxt şeir yazmağa cəhd etməmişəm, çünki şeir yazmaq insana daxilən gəlməlidir. Cızma-qara olaraq yazdıqlarıma isə heç vaxt şeir adı verə bilmərəm. Məktəbdə oxuduğum vaxtlar tədris proqramına uyğun şeirlər oxumuşam və indi də oxuyuram. Klassik ədəbiyyatdan Səməd Vurğunu, İmadəddin Nəsimini, Məhəmməd Füzulini demək olar ki, dönə-dönə oxumuşam. Bu dahilərlə yanaşı, Ramiz Rövşən, Salam Sarvanın da adını çəkə bilərəm”.
Fəzail İbrahimli qəddar, bürokrat xarakterli insanların heç vaxt poeziyanı sevə bilmədiklərini vurğuladı:
"İxtisasca tarixçi olsam da, hələ orta məktəbdə oxuduğum zamanda belə ədəbiyyatı çox sevirdim. Poeziyaya bağlılığım elə o vaxtlardan formalaşıb və universitet vaxtlarımda da mən ədəbiyyatı çox sevmişəm. Hətta universitetdə oxuduğum zaman mənə C.Məmmədquluzadənin “Ölülər” əsərinin təhlili düşmüşdü və mən onu çox yüksək səviyyədə təhlil etmişdim. Mənim fikrimcə, poeziyanı bilməyən, başa düşməyən insan daha qəddar olur, poeziyanı dərindən bilmək əslində vətənə, ailəyə, qadına olan sevginin göstəricisidir. Poeziya bütün sevgilərin məcmusudur, kimi bunu duyur, kimi hiss edir, amma o sevgi mütləq olmalıdır. İnsanı tanımaq üçün onun poeziyaya bağlılığını bilmək çox vacib şərtdir. Poeziyaya bağlılıq insanda mən deyərdim ki, humanizm və qeyri-humanizm kimi əlamətləri də ortaya çıxarır. Şeir dinləməyi və oxumağı çox xoşlayıram, şeir oxuduğum zaman insani hisslər yaşayıram və mən deyərdim ki, bu şeirin mahiyyətidir. Mən heç vaxt şeir yazmamışam, çünki şeir yazmaq insana daxildən gəlməlidir, amma şeiri, poeziyanı hər zaman sevmişəm. Həyatın müəyyən dövrü var ki, hər bir insan bu dövrü yaşamalıdır bu çağları yaşamayan insanı şikəst belə adlandıra bilərəm. Gəncliyimizdə hansısa cızma-qaralar edə bilərik, amma bu o demək deyil ki, bizlər şeir yazmışıq. Bu, yalnız söz, qafiyə axtarışı ola bilər, bu, şeir ola bilməz. Mən şeiri yalnız ürəyimdə, beynimdə yazmışam və heç vaxt kağız qələm götürüb nələrisə qeyd etməyə ehtiyac duymamışam”.
Pərvin Arzuqızı