Modern.az

Milli Məclisdə “parta yoldaşlığı” - Əli Məsimli və Vahid Əhmədov

Milli Məclisdə “parta yoldaşlığı” - Əli Məsimli və Vahid Əhmədov

30 İyun 2012, 12:03

Qarşılıqlı “irad”: “Zəng çalan sənin telefonundur...”


Modern.az
saytı Milli Məclisin iclas zalında yanaşı əyləşən deputatların “parta yoldaşlığı” ilə bağlı silsilə yazılarını davam etdirir. Budəfəki təqdimat: iki iqtisadçı – Əli Məsimli və Vahid Əhmədov.

Bu yoldaşlığın tarixi necə başlayır?

Baş nazirinin birinci müavini postundan Milli Məclisdəki deputatlığına kimi “parta yoldaşı”ları birgə əməkdaşlıq edib. Hər iki iqtisadçının uzun müddətli iş birliyi, yoldaşlığı sonradan onların Milli Məclisdə də qırılmayıb.

Deputat Əli Məsimli Azərbaycanda tanınmış bir neçə iqtisadçının adları arasında Vahid Əhmədovun da adını xüsusilə vurğulayır: “Azərbaycanda tanınmış, qəbul olunmuş, barmaqla sayılacaq bir-iki iqtisadçı varsa, onlardan biri də Vahid Əhmədovdur. İqtisadçı olmaqla yanaşı, həm də Meydan Hərəkatı başladığı dövrdə həmişə Azərbaycanın müstəqilliyi uğrunda özünəməxsus mübarizə aparıb. Hakimiyyət dövründə də kifayət qədər vəzifəli yer tutub. Baş nazirin müavini vəzifəsi ona tapşırılıb. Hakimiyyətdə olan dövrdə birgə işləmişik. O, şəxsi həyatına görə, nüfuzuna və peşəkarlığına görə diqqətimi cəlb etdi. Müəyyən dövrlərdə münasibətlərimiz ortabab olsa da, amma hər halda əməkdaşlığımız baş tutub. 2005-ci ildə Milli Məclisə seçkilər zamanı biz eyni blokdan deputat seçildik”.  

Hər iki iqtisadçının eyni blokdan Milli Məclisə deputat seçilmələri  sonra onların yanaşı əyləşməyinə səbəb olub: “Təbii ki, həmin blokun üzvləri içərisində biz bir yerdə əyləşdik. İkinci dəfə millət vəkili seçiləndən sonra da birlikdə əyləşməli olduq. İndiki dövrdə yaxşı dost tapmaq çətindir. Vahid Əhmədov isə yaxşı dost olmağı bacarır. Ona görə də sözümüz, “yoldaşlığımız” alınır”.  

Parlamentdə hər millət vəkilinə 10 dəqiqəlik çıxış verildiyi halda “parta yoldaş”larının ardıcıl çıxışı bir-birini tamamladığından onlar öz çıxışlarını 20 dəqiqəlik hesab edirlər: “Hər deputat 10 dəqiqə çıxış etməli olur. Amma bizim hər ikimiz 10 dəqiqəlik çıxış etsək də, ümumən 20 dəqiqəlik bir çıxış etmiş oluruq. Çünki məsələ ilə bağlı müzakirələrin elə hissəsi olur ki, mən, yarımçıq qaldığım məsələnin qalan hissəsini isə “parta yoldaşı”m davam etdirir. Eyni mövzuda hər ikimiz samballı fikir ortaya qoyuruq. Vahid Əhmədovun ictimai fəaliyyəti, deputat kimi fəaliyyəti vətəndaş kimi fəaliyyəti cəmiyyət tərəfindən qəbul olunub. Simasını itirməyən insanlardan biri də Vahid Əhmədovdur”.

“Parta yoldaşı”lığı müddətində başına gələn məzəli əhvalatların çox olduğunu deyən millət vəkili belə hadisədən birini bizə danışdı:

“Bir dəfə mən telefonumun zəngini dəyişmişdim. Yadımda köhnə zəngim qalmışdı. Telefon zəng çalır, mən Vahid Əhmədova deyirəm ki, telefonu götür də. Götürmür ki, götürmür. Zəng isə davam edir. Vahid Əhmədov gülür. Mən soruşanda ki, niyə gülürsən, deyir ki, zəng çalan sənin telefonundur... Bax belə əhvalatlar çox olur”. 

“Parta yoldaş”lığının uzunmüddətli tanışlıq nəticəsində baş tutduğunu deyən Vahid Əhmədov indi bu münasibətlərin Milli Məclisdə davam etdiyini bildirdi. O, deputat seçilməmişdən öncə hazırkı “parta yoldaşı” ilə bir yerdə işlədiyini və buna görə də 2005-ci ildə Milli Məclisə seçildikdən sonra onunla birgə əyləşməyi qərara alıb:

“Uzunmüddətli tanışlığımız, yoldaşlığımız var. Elə şeylər olur ki, mən bilmirəm ondan soruşuram, o da bilmədiyini məndən soruşur. Bax belə “parta yoldaşlığı”mız davam edir”.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım