Deputat Eldar Quliyevin sözlərinə yeni mahnılar yazılır
Astan Şahverdiyev: “Leyli Məcnun” əsərini oxuduqdan sonra sevginin boş şey olduğunun başa düşdüm”
“Mən poeziyanın, şeirin düşkünü olan bir insanam. Şeir, poeziya mənim həyatımın ayrılmaz bir hissəsidir”. Bunu Modern.az-a açıqlamasında deputat Eldar Quliyev deyib.
Beləliklə, Milli Məclis üzvləri arasında aparılan sorğu ilə daha bir poeziya həvəskarı aşkarlandı. “Şeir mənim üçün duyğular meydanıdır, poeziya söz demək bacarığıdır. Şeirə, poeziyaya bağlı olan insanlarda humanizm və qeyri-humanizm kimi əlamətləri də görmək olar. İnsanın duyğularının tərənnümünün ən gözəl göstəricisi poeziyadır”, – deyə E. Quliyev bildirib.
Deputatın sözlərinə görə, özü də şeir yazır. Şeirlərinə musiqi də bəstələnir. “Cavan Zeynallının oxuduğu “Mənim illərim” mahnısının sözləri mənə məxsusdur. Yazdığım “Ana” şeirimi anama ithaf eləmişəm və bu şeirdə hiss və duyğularımı ən gözəl şəkildə ifadə etməyə çalışmışam”. E. Quliyev bəstəkar Aygün Səmədzadə ilə bir musiqi üzərində işlədiklərini və həmçinin Novruz Aslanla yeni bir əsəri ərsəyə gətirəcəklərini bildirdi. “Yazılacaq olan yeni əsərin sözləri mənə, musiqisi isə deputat yoldaşımız Novruz Aslana məxsusdur”.
Gövhər Baxşəliyevanın fikrincə, poeziya estetik baxımdan da gözəl olmalıdır və insanın ülvi duyğularına cavab verməlidir: “Mən klassik şeir üslubunda yazılmış poeziyanı çox sevirəm. Poeziyanın müxtəlifliyi, axıcılığı hər bir insanı özünə kökləyə bilər. Şeir oxumağı və dinləməyi çox xoşlayıram, amma azad qafiyə formasında yazılmış şeirləri isə heç vaxt oxumuram. Düşünürəm ki, şerin məzmunu və estetikası da gözəl olmalıdır və insanın ülvi duyğularına cavab verməlidir. Rus şairlərindən Lermontovun yaratdığı poeziyanı daha çox sevirəm, çünki, o, kövrək bir poeziya yaradıb və insanın qəlbinə sanki bir təsəlli gətirir. Azərbaycan şairlərindən Məhəmməd Füzulini, Səməd Vurğunu, Şəhriyarı, Əli Kərimi, Ramiz Rövşəni daha çox oxumuşam. Şəhriyarın yaratdığı poeziyanın isə vurğunuyam, çünki o, otaylı, bu taylı azərbaycanın ayrılıq nisginini öz poeziyasında simfonizə etmiş şairdir. Bizim xalq çox istedadlı bir xalqdır və gözəl poeziya nümunələri yaradıblar. Ta qədim şeirlərdən götürək, elə Aşıq Qurbaninin yazdığı “Bənövşə” şeiri hansı azərbaycanlının xoşuna gəlməyə bilər. Şeir dinləməyi və oxumağı çox sevsəm də, heç vaxt şeir yazmamışam, buna səbəb olaraq özümün rus təhsilli olduğumu düşünürəm. Bəlkə də Azərbaycan bölməsində təhsil alsaydım ürəyimdən, fikrimdən keçənləri yaza bilərdim. Amma unikal şəxsiyyət olaraq, Şəhriyarı nümunə göstərmək olar ki, o, həm ana dilində, həm də fars dilində şeirlər yazıb. Mənim şeir yazmaq kimi istedadım olmasa da, nəsr əsərləri yazmışam və nəsr əsərlərim daha çoxdur”.
İlyas İsmayılov hesab edir ki, şeir istedadlı insanların yaratdığı məhsuldur: “Şeiri, poeziyanı sevməyən və onu anlamayan insan çox nadir hallarda olur. Poeziya istedadlı insanların yaratdığı məhsuldur və bizim xalqımız gözəl poeziya nümunələri yaratmaq qabiliyyətinə malikdir. Şeiri oxumağı və dinləməyi hər bir insan kimi mən də çox sevirəm. Şeir oxuduğum zaman onun mətninə, məzmununa uyğun olaraq keçirtdiyim hisslər isə yalnız mənə məxsusdur. Klassik ədəbiyyatdan Nizamini, Füzulini, Səməd Vurğunu hər zaman oxumuşam və indi də oxuyuram. Şeir yazmaq bacarığım isə yoxdur, çünki mən fikirləşirəm ki, bu istedaddır və hər bir insana verilmir. Mən cızma-qara olaraq əlimə qələm götürüb heç nə yazmamışam, çünki bunu yazmağın heç bir mənası yoxdur”.
Jalə Əliyeva poeziyaya münasibəti belədir: “Poeziyanın içində doğulduğuma görə ədəbiyyat, poeziya ilə çiyin-çiyinə böyüdüyümə görə bu sahə ilə bağlılığım həddindən artıq böyükdür. Poeziyanı, şeiriyyatı çox sevirəm. Mənim üçün o, sadəcə söz xətrinə, düzgün misralara riayət olunmaq xətrinə yazılmır, poeziya axıcılıqdır və şairin sətir altı fikirlərinin ona anlayana müraciətən yazdığı bir nümunədir. Şeir yazmaq üçün istedad lazımdır və bu insana allah tərəfindən verilən bir vergidir, ona görə də şeiri sırf qafiyə, söz yığını xətrinə yazıb, mənasız bir şey ortaya çıxarmaqdansa, gözəl nümunələri oxuyub, onları araşdırmaq, təhlil etmək daha yaxşıdır. Filoloq, şərqşünas olsam da, bu günə qədər əlimə qələm alıb poeziya sahəsində, nəzm sahəsində öz gücümü yoxlamamışam. Amma ara-sıra fikirlərimi, qarşılaşdığım gündəlik qeyri-adi hadisələri, qayğılarımı özüm üçün yazıb kənara qoymuşam. Uşaqlıqda hekayələr yazmışam, amma daha sonralar bunu davam etdirmədim. Mən uşaqlıqdan Nizamini, Füzulini, Mirzə Ələkbər Sabiri və başqa şairlərimizi hər zaman oxumuşam və onların yazdıqları şeirlər bu gündə də öz aktuallığını itirməyib. Mənim üçün poeziyanın əsas anlamı iki dəfə iki dörd eliyər fikirləri deyil, tam tərsinə dərin fəlsəfi fikirlərin olduğu və oxucusunu bir az sual altında buraxan poeziyadır”.
Astan Şahverdiyev klassik ədəbiyyatdan Füzulinin, Nizaminin, habelə Səməd Vurğunun, Hüseyn Cavidin, Mikayıl Müşfiqin əsərləri ilə indi də maraqlanır. “Mən daha çox vətənpərvərlik mövzusunda yazılan şeirləri bəyənirəm və oxuyuram. Sevgi, məhəbbət mövzusunda yazılan şeirləri isə çalışdığım qədər oxumamağa çalışıram. Buna səbəb isə “Leyli Məcnun” əsərini oxuduqdan sonra sevginin, məhəbbətin boş şey olduğunun başa düşməyim oldu. Bu dahilərlə yanaşı, Vaqif Bayatlı odərin yaradıcılığı ilə hər zaman tanış oluram. Onun bir şeirindəki misralar mənə gəncliyimdə çox təsir etmişdi və mən bu misralardakı hikmətin dərinliyini başa düşməmişdim. Vaxt, zaman keçdikcə bu misralardakı hikmətin dərinliyinə varmışdım. Şeiri, poeziyanı sevən və onun vurğunu olan bir insan olsam da, heç vaxt şeir yazmamışam. Ürəyimdən, ağlımdan keçənlər isə mənə məxsus fikirlər olduğundan onları heç qələm götürüb yazmağı belə düşünməmişəm”.
Pərvin Arzuqızı