“Bakıda olacam...”
İsti yay günlərində hamı istirahət etmək istəyir. Bunun üçün cibinin dolu, bir də zamanın olması yetərlidir. Maraqlıdır, görəsən Milli Məclisin deputatları istirahət üçün haranı seçirlər..?
Modern.az saytı deputatlar arasında keçirdiyi sorğunu təqdim edir.
Əli Məsimli tətil vaxtını daha çox elmi fəaliyyətə həsr etdiyini qeyd edib. O, bu müddətdə Azərbaycanın inkişaf modelinə həsr olunmuş kitab üzərində işlərini davam etdirəcək.
“Bununla yanaşı, istirahətimi Azərbaycanda təşkil edirəm. Əsasən dənizə gedəcəyik, həm də Şəkiyə getməyi planlaşdırıram”.
Vahid Əhmədov da hələlik Bakıda olduğunu bildirib. “Arada Qubaya gedib gəlirəm, anam Qubadadır, ona dəyirəm. Avqustun 10-a qədər burdayam və hələ harada dincəlmək barədə qərara gəlməmişəm. Ola bilsin ki, Türkiyəyə gedim, amma bu da dəqiq deyil”.
Sabir Rüstəmxanlının dincəlməklə bağlı xüsusi bir planı olmadığını deyir.
“Yayın yarısı keçib və mən hələ Bakıdayam. Ola bilsin ki, Azərbaycanın bir-iki rayonuna gedib gəzəcəm, köhnə dostlarla görüşəcəm. Qalan vaxtı isə Bakıda olacam”.
Musa Quliyevin isə istirahətlə bağlı heç bir planı yoxdur. “15 günlük müalicə üçün Ukraynaya gedəcəm. Qalan vaxtı Azərbaycanda Bakıda olacam”.
Fəzail İbrahimlinin də xüsusi proqramı yoxdur. O harada imkan olsa orada da dincələcəyini bildirib. “Özümün doğulub böyüdüyüm rayonda dincəlməyi daha üstün tuturam”.
Bəxtiyar Sadıqov yay tətilini iş başında keçirəcək. O, istirahət planlarının yay aylarında da oxucular üçün maraqlı qəzet çıxarılmasını təmin etmək olduğunu deyir. “Yay aylarında ictimai-siyasi həyatda bir tətil dövrü başlayır. Milli Məclis, dövlət rəhbərləri, məmurlar tətildə olur və bir balaca nəfəs dərmək olur. Bundan istifadə edib kollektivin üzvlərinin dincəlməsi üçün şərait yaradıram. Yayda işçilərin, tədbirlərin sayı azalır və qəzetlərdə material qıtlığı yaranır. Ona görə də həmişə yayda özüm oturub o işlərə başçılıq edirəm və çalışıram ki, yay aylarında kollektivin 60-70 faizi ailəsi ilə birlikdə məzuniyyətdən istifadə etsin. Ona görə mən bu prinsipi pozmayaraq bütün yayı burda olacam”.
Zahid Oruc istirahətini Azərbaycanda keçirəcəyini bildirib. “Azərbaycanda dincəlmək üçün kifayət qədər yerlər var. Öncə Bərdəyə gedib, seçicilərlə görüşəcəm, sonra isə bağda ailəmlə dincələcəm. Təxmini yay üçün planımız bundan ibarətdir”.
Aytən Əliyeva