“Elə deputatlar da var ki, onlardan nəinki müsahibə...”
Milli Mətbuat günü ərəfəsində parlament jurnalistləri Milli Məclis üzvlərindən kimi “medianın dostu” hesab edir?
Modern.az-ın sorğusunda iştirak edən AzərTAc İnformasiya Agentliyinin əməkdaşı Xətai Əzizov bildirib ki, Bahar Muradova, Ziyafət Əsgərov, Valeh Ələsgərov, Əli Əhmədov, Qənirə Paşayeva, Rəbiyyət Aslanova, Aqiyə Naxçıvanlı, Səməd Seyidov, Ülvi Quliyev, Rövşən Rzayev, Çingiz Əsədullayev, Hadı Rəcəbli, Eldar İbrahimov, Aydın Mirzəzadə, Musa Quliyev, Aqil Abbas və daha bir neçə deputat daim jurnalistlərə açıqdır. “Jurnalistlər heç bir problem çəkmədən onlardan müsahibə götürə və ya hər hansı məsələ ətrafında fikir mübadiləsi apara bilirlər. Amma elə deputatlar da var ki, onlardan nəinki müsahibə, məsələ ilə bağlı rəy öyrənmək də müşkül məsələdir. Belələri mətbuata açıq deputatlardan nümunə götürməlidirlər. Hamı bir şeyi anlamalıdır ki, cəmiyyət jurnalistlər vasitəsilə doğru, dolğun və düzgün informasiya əldə edir. Ona görə cəmiyyəti jurnalistlərsiz təsəvvür etməsinlər”.
“Turan” İnformasiya Agentliyinin əməkdaşı Təranə Kazımova heç bir millət vəkilini mətbuata açıq hesab etmir. “Onların içərisində aktiv və açıq millət vəkili ancaq Fazil Mustafadır. Daha ağıllı, təmkinli insandır, hər şeyə öz baxışı var, maraqlı cavablar verir”.
“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu: “Hakim partiyadan Aydın Mirzəzadə jurnalistlərlə danışmağa daha maraqlıdır. Dəfələrlə ona suallarla müraciət etmişəm və hər zaman da onları cavablandırıb. Eyni zamanda Musa Quliyev, Hadı Rəcəbli, Zahid Oruc, Əli Məsimli, Fazil Mustafa, Fəzail Ağamalı, Siyavuş Novruzov, Vahid Əhmədov jurnalistlərə açıqdırlar və onlarla danışmaq asandır. Adlarını qeyd etdiyim deputatların adları hər həftə mətbuatda səslənir, bu isə elə onların mətbuata nə qədər açıq olduğundan xəbər verir. Amma elə deputatlar da var ki, onları tanımıram, adları çəkiləndə deyirik ki, “belə millət vəkili də var?”. Deputatlardan, məsələn, Qüdrət Həsənquliyevlə danışmaq çox çətindir. Bir neçə dəfə köməkçisi ilə əlaqə saxlayandan sonra onunla müsahibə götürə bilmişəm. Mübariz Qurbanlı ilə də hər saat danışmaq olmur”.
“Hürriyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseynzadə bildirib ki, deputatlar arasında Qənirə Paşayeva, Qüdrət Həsənquliyev, Azay Quliyev, Fazil Mustafa, Vahid Əhmədovla çox yaxındır. “Adlarını çəkdiyim bu deputatlar informasiya vermək baxımından hər zaman mənə yardımçı olurlar. Ümumiyyətlə bəzi deputatlar istisna olmaqla, istənilən deputatla əlaqə saxlamaqda heç bir problemim yoxdur”.
“Səs” İnformasiya Agentliyinin əməkdaşı İlqar Nəcəfli qeyd edib ki, ümumiyyətlə deputatlar içərisində jurnalistlərə informasiya vermək, onların suallarını cavablandırmaq baxımından ən yaxşı Bahar Muradova, Mübariz Qurbanlı və Siyavuş Novruzovdur. “Ən çox onlarla əlaqə saxlayıb, hər hansı informasiyanı əldə etmək olur”.
“Zaman” qəzetinin əməkdaşı Natiq Pənahov isə bir cümlə ilə bildirib ki, Musa Qasımlı və Vahid Əhmədov jurnalistlərin dostudur.
Aytən Əliyeva