Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malikdirlər. Modern.az-ın məlumatına görə, Milli Məclis üzvlərinə silahın verilməsi öncə 1997-ci il dekabrın 30-da qəbul edilən «Xidməti və mülki silah haqqında» Qanunla tənzimlənib. 2001-ci ilin oktyabrında isə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna əlavələr edilib. Bu qanunun 12.1-ci maddəsində deputatın təhlükəsizliyindən bəhs olunur:
“Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir".
Araşdırmalar göstərir ki, ötən çağırışlarda Milli Məclisin üzvlərindən bəziləri özü ilə qanuni silah gəzdirib.
Bəs görəsən dördüncü çağırış Milli Məclisin deputatlarından kimsə xidməti silah almaq üçün Daxili İşlər Nazirliyinə (DİN) müraciət edibmi?
Əldə etdiyimniz məlumata görə, hazırda da silah gəzdirən millət vəkilləri var, ancaq onların adını dəqiqləşdirə bilmədik...
Modern.az məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovdan münasibət öyrənib. Nazirlik rəsmisi bildirib ki, Milli Məclisin deputatlarından heç biri son vaxtlar xidməti silah üçün DİN-nə müraciət etməyib.
“Deputatların fikrincə, bizim nazirlik də daxil olmaqla hüquq-mühafizə orqanları ölkədə asayişin qorunmasını yüksək səviyyədə təmin edirlər. Məhz bunu nəzərə alaraq deputatlar da hər bir vətəndaş kimi onların da həyatı üçün heç bir təhlükənin olmadığını düşünürlər”.
Qeyd edək ki, millət vəkili Konstitusiyada və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanunda nəzərdə tutulduğu kimi yalnız həyat üçün təhlükə törədən xüsusi hallarda silahdan istifadə edə bilər.
Mail Ağaxanov