Ali məktəblərə qəbul imtahanı verən şagirdlərin aşağı göstəriciləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını (TQDK) müsabiqəyə keçid ballarını aşağı salmağa məcbur etdi. Səbəb kimi TQDK ali məktəblərin müraciətlərinin nəzərə alındığını və ayrılan plan yerlərinin tam dolması üçün belə bir addım atıldığını bildirib.
Bəziləri bunu bir növ sovet dövründəki pambıq planının doldurilmasına bənzədir: necə olursa olsun, qəbul planı mütləq dolmalı, boş yer qalmamalıdır.
Nəticədə isə ali təhsil ocaqlarını bir yığın savadsız tələbə ordusu doldurilmuş olur. Bunun bir səbəbi də valideynlərin övladlarına ali təhsil vermək istəyi ilə bağlıdır. Əvvəllər valideynlər övladlarının potensialını görüb onları peşə məktəblərinə yönəldirdilərsə, indi böyük əksəriyyət övladlarının ali təhsil alması üçün əllərindən gələni əsirgəmir, az qala aylıq gəlirlərinin yarısını uşaqlarının repetitor xərclərinə sərf edirlər. Belə olan halda isə ali məktəbi qazana bilməyən şagird bunun əvəzində həm vaxt itkisi, həm də psixoloji sarsıntı qazanmış olur. Heç dünya praktikasında da belə hallarla qarşılaşmaq mümkün deyil. Qəbul planını doldurmaq xatirinə ballar necə gəldi aşağı salınmır, bizdən fərqli olaraq tələbənin savadına üstünlük verilir.
Modern.az-a açıqlamasında ali məktəblərdə müsabiqəyə keçid balının aşağı salınmasını normal qarşıladığını deyən Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib ki, balların bəzi qruplar üzrə azalması Təhsil Nazirliyinin bir sıra səlahiyyətlərinin TQDK-a verilməsi ilə əlaqəlidir:
“Bu il orta məktəblərdə buraxılış imtahanları dərs ilinin əvvəlində yox, tədris ilinin sonunda TQDK-ya tapşırıldı. Şübhəsiz ki, müəyyən hazırlıq işləri aparıldı. Amma orta məktəblər buna hazır deyildi. Orta məktəb şagirdləri ənənəvi buraxılış imtahanlarına hazırlaşırdılar. Bu baxımdan da müəyyən korrektələr edilməliydi. Bu da Tələbə Qəbulu Komissiyası tərəfindən edildi. Şübhəsiz ki, belə hallar gələn il olmayacaq”.
Birinci və üçüncü qruplarda balların aşağı salınmasının şagirdlərin savadsızlığı ilə heç bir əlaqəsi olmadığını deyən deputat həmin güzəştin sadəcə olaraq məzunların hazırlıq imkanlarının məhdud olması ilə izah edib. Onun fikrincə, bu hal TQDK tərəfindən nəzərə alınıb:
“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilk növbədə məzunların bacarıqlarını yoxlayır. Birinci həmin abituriyentlərin ali təhsil almaq bacarığının olub-olmadığı nəzərdən keçirilir. Bacarığı olanlar ali məktəb imtahanından keçirlər. Artıq burda əsas məsələ ali təhsil ocaqlarında təhsilin hansı səviyyədə aparılmasıdır. Bax, bu ciddi problemdir və əsaslı tədbirlər görülməlidir. İlk növbədə bütün təhsil sistemində yanaşmalar eyniləşdirilməlidir. Yəni orta, ali məktəblərdə təhsilin hamısı bazar iqtisadiyyatına uyğunlaşdırılmalıdır. Hansı peşələrə, hansı ixtisaslara daha çox tələbat olduğu müəyyən edilməlidir. Azərbaycan yüksək texnologiyalar ölkəsinə çevrilməyi qarşılarına mıəqsəd qoyubsa, deməli bizim təhsil sistemimiz də həmin prinsiplərə köklənməlidir”.
Birinci qrupda balların aşağı salınmasını həmin qrupdakı ixtisasların fundamental elmlər olması ilə əlaqələndirən B.Əliyev həmin ixtisasların olduqca çətin olduğunu və həmin elmələrə yiyələnməyin böyük iradə və səy tələb etdiyini söyləyib. Onun sözlərinə görə, hansısa imtahanda alınan qiymət hələ insanın potensial bacarığıının göstəricisi deyil. Ona görə də ilk növbədə məzunların yaradıcılıq potensialını aşkar etmək və onu gerçəkləşdirmək imkanları haqqında düşünmək lazımdır:
“Hər şagird və hər tələbənin özündə olan potensialını görməsi üçün ona imkan yaradılmalıdır. Amma indi biz necə edirik? Uşaqların beynini istər orta, istərsə də ali məktəbdə sadəcə olaraq hansısa faktlarla, biliklərlə doldururuq. Sanki pambıq kisəsidir. Bu qətiyyən yolverilməzdir. Sadəcə olaraq şagirdlərdə və tələbələrdə məntiqi düşüncə tərzini, yaradıcı təfəkkürü inkişaf etdirməliyik. Və o zaman həmin tələbələr, şagirdlər - gələcək alimlər, mütəxəssislər hər bir məsələni uğurla həll edəcəklər”.
Qəbul imtahanlarında belə tendensiyanın yaşanmasının bir səbəbini də orta peşə təhsilinə diqqətin olmaması ilə əlaqələndirən millət vəkilinin sözlərinə görə, bu problemdən çox danışılsa da, məsələ hələ də öz həllini tapmayıb. Deputat peşə təhsilinə diqqətin artırılmalı olduğunu təklif edir. O, peşə məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılmasının, gənclərin peşə təhsilinə yiyələnməsinə cəlb edilmələrinin bu gün aktual məsələ olduğunu deyir. Deputatın sözlərinə görə, bunsuz gələcək inkişafı təmin etmək qeyri-mümkündür. Çünki gələcəkdə onları həyata keçirəcək insanlar bu gün hazırlanan kadrlardır. Odur ki, millət vəkili bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyac duyur:
“Əvvəllər peşə təhsilinə maraq çox idi. Amma indi bu sahəyə maraq azalıb. Belə olan halda peşə məktəbləri diqqətdən kənarda qaldı. Bu gün peşə məktəblərinin inkişafı üçün işlər çox aşağı səviyyədə görülür, ayrı-ayrı, lokal xarakter daşıyır. Pilot proqramlar həyata keçirilir. Məsələn, Heydər Əliyev Fondu YUNESKO ilə birlikdə peşə təhsili ilə bağlı sazişlər imzalyır, müəyyən layihələr həyata keçirir. Bu çox böyük örnəkdir. Bütün istiqamətlərdə təhsil sistemimizdə ayrı-ayrı sahələrdə müvafiq nazirliklər bu layihələri dəstəkləməli və həyata keçirməsində onlara kömək etməlidirlər. Çünki biz bu peşə təhsilini həyata keçirməsək və bu təbliğatı aparmasaq, insanlar arasında peşə sahiblərinə layiqli qiymət verməsək, bu işi həyata keçirmək çətin olacaq. Ona görə də təhsil sisteminin bütün pillələrində ləngimədən ciddi, radikal addımllar atılmalıdır. Əks halda bu proses istəsək də, stəməsək də Azərbaycanın inkişaf tempini ləngidəcək”.
Gültəkin Ələsgər