Modern.az

Eks-deputatlarla bağlı qalmaqal böyüyüb

Eks-deputatlarla bağlı qalmaqal böyüyüb

23 Avqust 2012, 15:14

Milli Məclisin bir qrup sabiq deputatı (II çağırış) ilə  KAT LTD tikinti şirkəti arasındakı qalmaqal yenidən böyüyüb...

Sabiq deputatlar hökumət tərəfindən onlara vəd olunan mənzilləri uzun illərdir ala bilmirlər. Onlar deyirlər ki, 10 ildən çoxdur mənil növbəsində dayansalar da, tikinti şirkəti tərəfindən müxtəlif bəhanələrdə aldadılırlar.

KAT LTD tikinti şirkətinin rəhbəri Elçin Ələkbərov bir müddət əvvəl Modern.az-a açıqlamasında sabiq deputatların səsləndiyi ittihamlara cavab vermişdi. O, eks-millət vəkillərinin 10 ildir həll olunmayan problemlərinin bu il yüz faiz həll olunacağını vəd etmişdi.

Eks-parlamentarilər isə deyirlər ki, E.Ələkbərovun bu çıxışından 3 ay keçsə də, hələ də binanın tikintisi ilə bağlı heç bir iş görülməyib. Bu haqda Modern.az-a danışan Milli Məclisin sabiq üzvü, “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev tikinti şirkəti tərəfindən yenidən aldadıldıqlarını bildirib. Onun sözlərinə görə, çirkət rəhbəri binanın tikintisinin başlanacağına söz versə də, heç bir iş görülməyib.

“Şirkət rəhbərliyi bizə söz vermişdi ki, binanın tikintisi bu il başa çatacaq. Ancaq o bu vədinə əməl etmədi. Bizi aldatdı. Binanın tikintisi üçün ayrılan ərazidə heç bir iş görülmür. Artıq nə az, nə çox düz 10 ildir bizi belə aldadırlar. Hər dəfə müxtəlif bəhanələr gətirirlər. Biz də indi sentyabr ayını gözləyirik. Sentyabrda lazımı addım atacağıq. Bundan sonra gözləməyə də dəyməz. Öz növbəmizdə lazım olan bütün instansiyalara müraciətimizi edəcəyik. Lazımi məqamda ölkə başçısında da müraciət edəcəyik”, - deyə Ə.Nuriyev vurğulayıb.

Qeyd edək ki,  2000-2005-ci il aralığında deputatlar üçün tikilən bina dövlət ehtiyacları üçün Fövqəladə Hallar Nazirliyinə verilmişdi. Buna görə də, deputat evinin tikintisi üçün KAT LTD şirkətinə dövlət tərəfindən vəsait ödənilsə də, 10 ildir nə bina tikilib istifadəyə verilib, nə də pullar geri qaytarılıb.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım