Modern.az

Deputatlardan borçalılara müraciət: “Ermənilərə torpaq satmaq döyüşdən qaçmağa bənzəyir”

Deputatlardan borçalılara müraciət: “Ermənilərə torpaq satmaq döyüşdən qaçmağa bənzəyir”

30 Avqust 2012, 14:46

Modern.az saytı Gürcüstanın Borçalı mahalında azərbaycanlılar yaşayan kəndlərdə milliyyətcə erməni olan zəngin şəxslərin kampaniya şəklində evləri alması barədə məlumat vermişdi.

Demək olar ki, bu kampaniya əksər azərbaycanlı kəndlərində açıq şəkildə müşahidə olunmaqdadırr. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri olaya münasibət bildiriblər.

Millət vəkili Zahid Oruc bildirib ki, burada məsələnin qanuni tərəfi deyil, daha çox gerçəkliyi dəyərləndirmək lazımdır. Onun sözlərinə görə, bu xüsusda oradakı soydaşlarımız hansı addımları atmalıdır, bu yöndə dövlətin işi nədən ibarət ola bilər, bunun üzərində düşünməliyik: “Bu, dünyada aparıcı modeldir və çox geniş yayılmış təcrübədir. Eyni zamanda səssiz müharibənin mühüm bir elementidir ki, ayrı-ayrı əraziləri ələ keçirmək üçün böyük maliyyə məsrəfləri yönləndirilir və oradakı aborigen xalqların içərisinə yeriyirlər, onların köklərini qopardırlar, tarixini dəyişirlər. Beləliklə müəyyən bir zaman keçəndən sonra görürsən ki, həmin coğrafiya artıq sənindir. İndi avtomat “Kalaşnikov”lar və ya müasir raketlər müharibə aparmır, daha çox Napoleonun istinad etdiyi pul və maliyyə vəsaitləri öz işini görür”.

Deputat Borçalıdakı soydaşlarımızın problemlərindən danışarkən bildirib ki, Gürcüstan azərbaycanlılarının müxtəlif problemləri var və Azərbaycan dövləti bunu nəzarətdə saxlayır: “Etiraf eləmək lazımdır ki, onların səssiz deportasiyasının qarşısını almaq üçün istər orada təhsil problemlərinə, səhiyyə məsələlərinə, o cümlədən torpaqla bağlı məsələlərə, infrastruktur qayğılarına Azərbaycan dövləti bilavasitə özü qatlaşır. Onun üçün hökümət tərəfindən müəyyən proqramlar həyata keçirilir. Gürcüstan azərbaycanlılarının vaxtilə Ermənistandakı azərbaycanlılar qədər sürətlə ölkəmizə gəlişinin qarşısı bu cür alınır”.

Milli Məclisin üzvü Gürcüstanda ermənilərin nüfuz dairəsinin genişləndiyini söyləyib. Onun sözlərinə görə, bu proses gizli xətlərlə baş verir.
”Və düşünürsən ki, bunun qarşısını almaq üçün dövlət nə etməlidir? Sanki hər şey qanuni müstəvidə baş verir. Amma mən elə düşünürəm ki, oradakı insanlar toparlanaraq, təşkilatlanaraq öz haqqları uğrunda mübarizəni daha yaxşı təşkil edərək, Gürcüstan dövlət idarəçiliyində, dövlət strukturlarında təmsilçilik imkanlarını qazanaraq, oraya daha çox bağlanmalıdırlar. Bu məsələdə onlar Azərbaycan dövlətindən gələcək bütün köməkliyi ala bilərlər. O insanlar əgər həqiqətən dövlət idarəçiliyi, siyasi məsələlərdə iştirak imkanını əldə edəcəklərsə, bu avtomatik olaraq həmin insanların öz gələcəyinin müəyyənləşdirilməsi deməkdir. Başqa məkanlarda həyat axtarmayacaqlar”-deyə, Zahir Oruc əlavə edib.

 Deputat qeyd edib ki, bunun üçün bizim qarşıdakı dövrdə müəyyən siyasi işlərimiz olmalıdır: “Bu məsələni pulla həll eləmək mümkün deyil. Müraciət edirəm o insanlara, bunun fərqində olsunlar ki, cəbhədə döyüşdən qaçmaq nədirsə, Gürcüstanda ermənilərə torpaq satmaq da odur”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirib ki, partiyanın Borçalı departamenti var: “Biz Gürcüstanda yaşayan soydaşlarımıza institutlaşmış şəkildə sahib çıxmağın tərəfdarıyıq. Bununla bağlı dəfələrlə Milli Məclisdə məsələ qaldırmışam ki, Azərbaycan dövlətinin Borçalıyla bağlı xüsusi bir siyasəti olmalıdır. Oradakı insanlarımıza sahib çıxmağın çox böyük əhəmiyyəti var. Həm də Gürcüstan əhalisinin böyük əksəriyyəti Azərbaycan türklərindən ibarətdir. Gürcüstanda yaşayan türklərin sayı 600 min civarındadır. Amma bu rəqəm kiçildilir. Biz oradakı Azərbaycan ərazilərində süni şəkildə demoqrafik vəziyyətin dəyişməsi ilə bağlı, yəni əhalini köçürülməsi ilə bağlı etirazımızı bildirmişdik”.

Millət vəkili bu məsələni azərbaycanlıların sıxışdırılaması kimi qəbul edir. “Mən hesab edirəm ki, bu məsələ ciddi şəkildə müzakirəyə çıxarılmalıdır. Azərbaycan parlamentində sessiya başlayanda bu məsələnin gündəliyə salınmasını təklif edəcəm”.

 Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım