Modern.az

Daha iki deputat Ramil Səfərov olayından danışdı

Daha iki deputat Ramil Səfərov olayından danışdı

31 Avqust 2012, 17:47

Məlum olduğu kimi, Azərbaycanın Macarıstanda həbsdə olan zabiti Ramil Səfərov azadlığa buraxılıb,  Azərbaycana ekstradisiya olunub və dərhal da prezident İlham Əliyev tərəfindən əfv edilib. Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov partiyanın mətbuat xidmətinə verdiyi açıqlamasında Ramil Səfərovu azadlığa çıxması münasibəti ilə təbrik edib:

“Ramil Səfərov yol verdiyi bir cinayətə  görə ciddi cəza almışdı. Bununla belə, qürbətdə həbsdə olduğu dövrdə özünü çox ləyaqətli apardı, dil öyrənərək tərcümə ilə məşğul oldu. Təbii ki, onun azadlığa çıxması, hamı kimi bizim də ürəyimizdəndir. Ona görə də onu təbrik edir, valideynlərinə və digər yaxınlarına gözaydınlığı verirəm”.

İ.İsmayılov R.Səfərovun əfv olunmasını da təqdir edib: “Prezident də sağ olsun ki, öz ölkəsinin vətəndaşına yiyə durdu”.

***

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev də Macarıstanda həbs cəzası çəkən Azərbaycan zabiti Ramil Səfərovun ölkəyə gətirilməsi və Prezident tərəfindən əfv olunaraq azad edilməsinə münasibət bildirib. BAXCP sədri Ramil Səfərovun azadlığa buraxılmasını kifayət qədər cəsarətli və ədalətli addım kimi dəyərləndirib. BAXCP sədri qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı Ramil Səfərovun çoxsaylı ailə üzvləri və yaxınları - dinc insanlar ermənilər tərəfindən vəhşicəsinə qətlə yetiriliblər:
"Baş verən bu hadisələrdən Ramil Səfərov və onun sağ qalmış ailə üzvləri ciddi mənəvi sarsıntı keçiriblər. Bu baxımdan Ramil Səfərovun onu və Azərbaycan bayrağını təhqir edən Ermənistan zabitini qətlə yetirməsinin səbəbi aydın və anlaşılandır. Şübhəsiz ki, Ramil Səfərov bu əməli güclü ruhi sarsıntı vəziyyətində törətmişdi və belə hallarda ən çox 3 ilə qədər həbs cəzası nəzərdə tutulur. Ramil Səfərov isə bu hadisəyə görə 3 qat artıq cəza çəkib və onun azadlığa buraxılması həm hüquqi, həm də mənəvi baxımdan tamamilə ədalətli qərardır".

Qüdrət Həsənquliyev açıqlamasında Ramil Səfərovun əfv olunması ilə bağlı Azərbaycan prezidentinin sərəncamını alqışladığını bəyan edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım