Oktyabrdan Milli Məclisin payız sessiyası öz işinə başlayacaq. Sentyabrın 15-dən isə komitələrdə iclaslar keçiriləcək. Bəs yaz sessiyasından sonra məzuniyyətə gedən deputatlar hansı məsələləri Milli Məclisin payız sessiyasında qaldıracaq?
Modern.az bu sualla deputatlara müraciət edib.
Millət vəkili Aqil Abbas yay məzuniyyəti vaxtı adətən bu yay Bakıda, elə Azərbaycanda olduğunu və ucqar kəndləri gəzdiyini, oradakı insanların problemlərini dinlədiyini və yerində həll etməyə çalışdığını qeyd edib. “Parlamentdə qaldırmaq istədiyim məsələnin biri müharibədə döyüşüb “veteran” adı ala bilməyən adamlar barəsindədir. Daha sonra kənd təsərrüfatı ilə bağlı bir-iki məsələ var ki, onlar haqqında danışmağı düşünürəm. Kəndliyə daha nə etmək olar ki, bizim kənd təsərrüfatı inkişaf etsin, insanlar kəndə evlərinə qayıtsınlar. Düzdür, parlament bununla bağlı yaxşı qanun qəbul edib, hətta Eldar İbrahimovun rəhbərliyi ilə elə bir komissiya da yaradılmışdı. Qanunun işləməyinə çalışmaq lazımdır. İşləyərsə insanlar şəhərlərdən kəndlərə yenidən üz tutarlar”.
Deputat Zahid Oruc qeyd edib ki, şübhəsiz, fasilə dövrü onlara siyasi-hüquqi məsələləri daha dərindən qiymətləndirməyə, eyni zamanda təmsil etdiyi bölgənin həyatının müəyyən tərəfləri fonunda qarşıdakı dövr üçün bir fəaliyyət planları təxmin etməyə imkan verdi. “Hər zaman olduğu kimi parlament üzvlərinin başlıca funksiyası bütün qanun quruculuğu prosesinə töhfə vermək, o cümlədən yeni təşəbbüslərlə ictimai-siyasi həyatı zənginləşdirməkdir. Bu prosesin gələcəyində rol almaqdır. Zənn edirəm ki, bizi tanıyanlar yaxşı bilirlər ki, parlamentin işinə məhz bu cəhətdən yanaşmışıq və qarşıdakı sessiya dövründə müxtəlif hüquqi və siyasi təşəbbüslərimiz davam edəcək”.
Z. Oruc qeyd edib ki, ilk növbədə Qarabağ həyatı ilə bağlı əvvəlki zamanlarda irəliyə sürdüyü təklifləri hansısa bir hüquqi sənəd halına salmağı düşünür. “Bununla bağlı atacağımız addımlar olacaq. Eyni zamanda təhlükəsizlik və informasiya həyatı ilə bağlı əvvəlki zamanlarda məni qayğılandıran məsələlər olub. Onunla əlaqəli qanunvericilik məsələsi gündəmə gələcək. Üçüncü heç şübhəsiz ki, sosial təminat məsələləri ilə əlaqəli bizim qarşımızda müxtəlif problemlər qaldırılmışdı. Düşünürəm ki, bizim də deputat olaraq işimiz bunları hökumətin diqqətinə çatdırmaqdır. Çünki qarşıdakı sessiyada həm də büdcə müzakirəsi olunacaq və bu bizə imkan verəcək ki, gələcək dövrdə dövlətin siyasətinin böyüdülməsində parlament olaraq da o öz hakimiyyət funksiyasını yerinə yetirmiş olsun. Dördüncü, bizim beynəlxalq həyatla bağlı təkliflərimiz var. Bu bilavasitə hansısa yeni qanun layihələri deyil. Daha artıq dərəcədə hansısa sənədlərdə müəyyən normaların, müddəaların dəyişdirilməsidir. Bu da xarici səfərlər zamanı göstərən hallardır, işin gedişində meydana çıxmış məsələlərdir. Əminəm ki, bunlar da gündəmə gətiriləcək. Ümumiyyətlə Milli Məclisin payız sessiyası milli maraqlarımıza uyğun olacaq”.
Millət vəkili Hadı Rəcəbli yay məzuniyyəti dövründə Lənkəranda seçildiyi dairənin seçiciləri ilə görüşdüyü və sosial sifarişlər qəbul etdiyini deyib. “Lənkəranda seçicilərimlə dəfələrlə görüşdüm və bu görüşlərdə maraqlı sosial sifarişlər verildi. Burada eyni zamanda müəllimlərin, həkimlərin əməkhaqqısı ilə bağlı olan fikirlər səsləndi. Pensiyaçılar, onların dərman və digər xidmətlərinin ödənilməsi ilə, əlillərin istirahətinin təşkili ilə bağlı məsələlər qaldırıldı. O cümlədən dünyada gedən proseslər, Azərbaycanda gedən uğurlu siyasətlə bağlı QHT-lərə Dövlət Dəstəyindən fikir səsləndi. Biz hazırda bir neçə layihə üzərində işləyirik. Layihələrdən biri gənc ailənin sosial müdafiəsi haqqındadır, neçə vaxtdır üzərində işləyirik. QHT-in dövlət büdcəsinin maliyyələşmə mexanizmini özündə ehtiva edən “Sosial sifariş haqqında” qanun layihəsi hazırlamaq istəyirik. Nikah yaşı, nikaha girənlərin tibbi arayışı ilə bağlı yenidən məsələyə qayıdacağıq. Eyni zamanda məktəbi bitirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi, onların ali təhsilinin pulsuz olması eyni zamanda yataqxana ilə təmin olunması məsələsi gündəmdə olan məsələdir”.
Deputat Əhməd Vəliyev yayda istirahətlə məşğul olduğunu və başqa problemlərlə qarşılaşmadığını bildirib. “Eyni zamanda olimpiya yarışlarını izləmişik və qürur duymuşuq ki, 10 medal almışıq, o qədər ölkənin içərisindən 29-cu yeri tutmuşuq. Bununla bağlı Milli Məclisin payız sessiyasında olimpiyaçılara təşəkkürümü bildirmək istərdim. Eyni zamanda bu işin birbaşa diqqətdə saxlanması ilə bağlı ölkə rəhbərliyi, yəni Milli Olimpiya Komitəsinin sədrinə və digər əməkdaşlarına təşəkkürümü bildirmək istərdim”.
Millət vəkili Yevda Abramov yay məzuniyyəti dövründə seçildiyi ərzinin məktəblər tikilməsi və təmirinə diqqət yetirdiyini vurğulayıb. “Seçildiyim ərazidə sentyabrın 15-də açılan məktəblərlə maraqlanmışam, iş gedir. Bu saat açığı deyim ki, qaz, işıq problemi yoxdur. Bəzi insanlar yetişdirdiyi meyvələri sata bilmirlər. Bunu da yəqin ki, hökumətin hesabatı və ya ayrı-ayrı iclaslarda həmişə dediyim kimi yenə deyəcəyəm. Amma elə bir cari sensasiyalı olan məsələ olmayıb. Quba alma rayonudur, insanlar bununla dolanır. İki il dalbadal Qubaya gətirilən dərmanların keyfiyyətsizliyi barədə hökumətin hesabatında baş nazir A. Rasizadəyə də müraciət etmişəm. Payız da alma yığımı başlayanda görəcəyik necə olacaq”.
Aytən Əliyeva