Modern.az

Deputatlar dövlət universitetlərində təhsilhaqqının ləğvinin tərəfdarıdırlar

Deputatlar dövlət universitetlərində təhsilhaqqının ləğvinin tərəfdarıdırlar

8 Sentyabr 2012, 11:20

Türkiyədə dövlət ali məktəblərində təhsil haqqının ləğv olunması xəbəri Azərbaycan dövlət universitetlərində də ödənişli təhsilin ləğv edilməsini gündəmə gətirdi. Hətta bunun yaxın vaxtlarda tətbiq olunacağı ilə bağlı millət vəkilləri müsbət fikirlər səsləndirirlər. Onlar dövlət ali təhsil müəssisələrində ödənişli təhsilin ləğv olunmasının vaxtının çatdığını deyirlər.

Payız sessiyasında isə məsələnin Milli Məclisin gündəliyinə salınacağı və müzakirə ediləcəyi də istisna edilmir. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, dövlət universitetlərinin pulsuz təhsilə keçməsinin leyhinədir. Onun sözlərinə görə, Milli Məclisin payız sessiyasında valideyn himayəsindən məhrum olmuş, valideynlərini itirmiş uşaqların təhsilinin dövlət hesabına ödənilməsini istəyirik. Amma bütövlükdə dövlət ali məktəblərində ödənişli təhsilin ləğvi gündəmdə deyil: “Çünki artıq bu ilin büdcəsi təsdiqlənib. Odur ki, belə bir addım atılsa, bu, növbəti ilin büdcəsində yer ala bilər. Bu gün sosial durumu ağır olan uşaqlar var ki, universitetə daxil olsalar da, təhsil ala bilmirlər. Ola bilər ki, həmin tələbələrə təhsil kreditləri, ipoteka krediti verilsin. Bu məsələlər gündəmdədir. Amma onların tam ödənişdən azad olunması gündəmdə yoxdur. Dövlər universitetlərində pulsuz təhsilə keçmək bu gün müzakirə mövzusudur, bütün valideynlərin, tələbələrin ürəyindən keçən bir məsələdir. Amma bu il belə bir addımın atılması mümkün deyil. Çünki büdcə təsdiqlənib. Belə bir şey olarsa, növbəti ilin büdcəsində müzakirə oluna bilər”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev dövlət ali məktəblərinin pulsuz təhsilə keçməsinin tərəfdarıdır. Onun sözlərinə görə, bu çox vacib məsələdir: “Təmsil etdiyim Şirvanda təhsilə xüsusi diqqət var. Amma bəzən təhsilhaqqı məsələsinə görə gənclər təhsildən kənarda qalırlar. Ona görə də hesab edirəm ki, bu məsələyə baxmaq olar”. 

 

Millət vəkili Fuad Muradov da dövlət hesablı universitetlərdə pullu təhsilin ləğv olunmasının tərəfdarı olduğunu söylədi. Onun fikrincə, bu Azərbaycan təhsili üçün vacib məsələdən biridir. Dövlət universitetlərinin pulsuz olması həmin ali məktəblərə axını artıracağını deyən millət vəkilinin sözlərinə görə,  dövlət universitetlərində pulsuz təhsilin ləğvi maraqlı məsələdir:

“Hətta bu məsələ bir neçə dəfə müzakirə də edilib. “Təhsil haqqında” qanun müzakirə olunanda dövlət universitetlərində pulsuz təhsil məsələsi də  müzakirə olunub. Amma bütün müzakirələrdə bu bir fikir olaraq səsləndirilib. Halbuki, dəqiq mexanizmi ortaya qoymaq lazımdır. Mənə elə gəlir ki, dövlət universitetlərinə belə bir yanaşma şamil oluna bilər, o şərtlə ki, həmin universitetlər öz səviyyəsini qoruyub saxlasın. Çünki təhsildə, eləcə də bir çox məsələlərdə pullu universitetləri dövlət universitetləri ilə müqayisədə üstün tuturlar. Ona görə burada təkcə pullu təhsil məsələsi deyil, dövlət universitetlərinin konsepsiyasına yenidən baxılmalıdır. Odur ki, dediyiniz məsələyə bu aspektdən yanaşılmalıdır. İslahatın bir istiqaməti kimi pulsuz təhsil məsələsinə baxıla bilər. Düşünürəm ki, bu məsələni payız sessiyasında qaldıra bilərik”.

  

 

Gültəkin ƏLƏSGƏR   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım