“Əksər rayon icra başçıları tərəfindən qanunsuz olaraq bələdiyyə torpaqları 99 illiyinə icarəyə verilir. Bu qanunsuzluqların qarşısını kim və necə almalıdır?”
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin regional məsələlər komitəsinin iclasında millət vəkili Hacı Qalib Salahzadə dilə gətirib. Millət vəkili qeyd edib ki, icra başçılarının bu qanunsuz əməllərinə son qoymağın vaxtıdır:
“Mən parlamentdə Bakı kəndlərini təmsil edən millət vəkiliyəm. Seçicilərim, vətəndaşlar məndən tələb edirlər ki, bu məsələ yoluna qoyulmalıdır. Onların evlərinə sənəd verilməlidir. Çünki bu gün Bakı kəndlərində, qəsəbələrində hər 100 evdən 90-95-nin sənədi yoxdur”.
Millət vəkilinə cavabında sözügedən komitənin sədri Arif Rəhimzadə bildirib ki, bələdiyyə torpaqlarını bələdiyyələrin icazəsi və qərarı olmadan heç kim icarəyə verə bilməz:
“Mən demirəm ki, İcra Hakimiyyətlərində hər şey əladır. Orada da bu cür qeyri-qanuni hərəkət edənlər var. Elə siz özünüz də vaxtilə İcra Hakimiyyətində işləmisiniz və bəzi qeyri-qanuni hərəkətlərə yol vermisiniz. Yaxşı olar ki, həmin Mərkəz bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimyyətinə rəsmi müraciət etsin. Müraciət etsin ki, bu məsələni birdəfəlik yoluna qoysunlar. Əgər bu məsələni İcra Hakimyyəti yoluna qoymaq istəmirsə, vətənaşlar da öz işlərini bilsinlər. Çünki doğrudanda bu məsələ hamını narahat edir. İnsanlar narahatçılıq içindədirlər. Odur ki, bu problem yoluna qoyulmalıdır”.
Sonra millət vəkili Bakı kəndlərində evlərin 99-95 faizinin sənədləşdirilməməsindən narazılığını ifadə edib. Bununla bağlı millət vəkilinə cavab verən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Mərkəzinin sədri Mehdi Səlimzadə bildirib ki, bu yöndə müvafiq qanun qəbul olunub, sadəcə onun icra edilməsi ilə əlaqədar müvafiq qaydaların hazırlanmasına ehtiyac var: “Bu qaydalar hazırlanandan sonra hesab edirəm ki, bu məsələ ilə bağlı problemər yavaş-yavaş öz həllini tapmış olacaq”.
Natiq Hüseynli