Xronikalara düşməyən iddia və ehtimallar…
Milli Məclisin son 20 illik tarixini vərəqlədikcə dövlət çevrilişləri, impiçment, deputatların qovğası və mandatdan məhrum etmədən tutmuş qətllərə qədər olmazın hadisələrlə rastlaşmaq mümkündür. Bu mənada xatırladılmalıdır ki, parlament üzvlərindən ikisi sui-qəsdlərin qurbanı olub: Eldar Bağırov, Afiyəddin Cəlilov, Əli Ansuxski və Ziya Bünyadov.
1994-cı ilə qədər Azərbaycan parlamentinin üzvlərinə qarşı bircə qəsd planı belə qeydə alınmamışdı. Təbii ki, 1918-20-ci illər parlamentinin erməni terroruna məruz qalmış üzvlərini nəzərə alınmamaq şərti ilə.
Deputat Eldar Bağırov yeni tarixi dövrdə ilk oldu. 1991-ci ildə Ali Sovetin iclasından geri dönərkən evinin qarşısında qətlə yetirildi. Bu cinayətə hələ də çözüm gətirilməyib.
Milli Məclisin vitse-spikeri Afiyyədin Cəlilov sayca ikincidir. “Əsrin müqaviləsi”nin imzalanmasından bir qədər qətlə yetirilən vitse-spiker Heydər Əliyev iqtidarına vurulan ilk zərbə idi.
A. Cəlilovu fərdi keyfiyyətlər və MM-dəki fəaliyyət baxımından fərqləndirən xüsusi cəhət yox idi. Köhnə sovet kadrı ilə şəxsi düşmənçiliyi olan kimsənin varlığı ağla batmırdı. Onun siyasi rəqabətə qurban verilməsi, bir növ, qətlinin xəbərdarlıq əlaməti olması əsaslı ehtimaldır. Cinayətdə xüsusi təyinatlı polis dəstəsi (XTPD) əməkdaşlarının iştirakı məhkəmədə isbatlansa da, hələ də müəyyən anlaşılmazlıq qalmaqdadır.
Əli Ansuxskiyə qarşı qəsd Milli Məclis üzvünə qarşı ikinci cinayət əməli idi. Bakının mərkəzində odlu silahla qətlə yetirilən deputatın nüfuzunu nəzərə aldıqda hadisənin yaratdığı şok ölçüyəgəlməz idi. Cinayətin ittiham yükünü eyni regiondan olan və nə vaxtdır Ansuxski klanı rəqabət aparan Abulov qardaşlarının boynuna atdılar.
Balakən rayonunun Maxamal kəndində doğulmuş Ə. Ansuxski sovet dönəmindən bölgənin qeyri-rəsmi etnik lideri kimi tanınırdı. Bu gün onun adını daşıyan konserv zavodundan başqa, bir sıra təsərrüfatlar Ansuxskinin nəzarətində idi. Kapitalı və iqtisadi gücünə arxalanan eks-deputat rəsmi Bakının qərarlarına da təsir göstərə bilirdi. İddia mübahisəli görünə bilər, amma hər halda sovet dönəmində və A. Mütəllibovadan tutmuş Ə. Elçibəyədək davam edən iqtidar zamanında Ansuxskilərin qılıncının qını da itiydi. Hətta Cəbhə hakimiyyəti dövründə də xırda xalqların və azsaylı etnik qrupların məskunlaşdığı şimal regionunda bu klanın bostanına daş atmaq heç kimin ağlından keçmirdi. Çünki azacıq təzyiq belə onsuz da ümumi gərgin siyasi-hərbi vəziyyəti arzulanmaz zirvəyə qaldıracaqdı.
Dəmir yumruq rejiminin yaradıldığı doxsanların sonrakı illərində Ə. Ansuxski kölgədə qaldı. Amma onu kölgədəki silueti belə təhlükəli görünürdü. Çünki şimal bölgəsində “Sadval” kimi separatçı bir təşkilat xeyli aktivləşmişdi və arada-bərədə Azərbaycanın bətninə iynə batırırdı. Rəsmi Bakıya ikinci siyasi kirpi lazım deyildi. Buna görə də avar-ləzgi mənşəli nüfuzlu şəxslərin təhlükəsizliyinə zəmanət vermişdi.
Ansuxskinin öldürülməsi köhnə rəqiblərin – eks-deputatdan olmazın zülmlər görmüş (öz iddialarına görə) Abulovların üstünə atılsa da, cavabdeh tərəf hələ də bu ittihamla razılaşmır. Xüsusilə biznes fəaliyyəti ilə tanınan Abulovlardan biri. Başqa fərziyyələrə gəlincə, Ə. Ansuxskinin qətlini rəsmi Bakı ilə bağlayanlar isə bu ittihamları əsaslandıracaq səhih dəlilləri ortaya qoya bilmirlər. Lakin fakt faktlığında qalır ki, bu gün də müxtəlif dini-etnik qruplar (əsasən vəhhabi təmayüllü) Balakən-Zaqatala bölgəsini özlərinin etibarlı sığınacağına çevirmək üçün Ə. Ansuxskinin qətli və s. olayları rəsmi Bakıya qarşı əks-təbliğat kartı kimi daim gözə soxur.
Ziya Bünyadova qarşı qətl, Ə. Ansuxski ilə müqayisə edildikdə, fərqli səbəblərlə əlaqələndirildi. Milli Məclisin bu mərhum üzvünü nə siyasi iddia, nə də mafioz kommersiya fəaliyyəti tanıtmışdı. Böyük Dünya savaşını cəza batalyonunda tamamlamış Sovet İttifaqı qəhrəmanı, elm xadimi, rus və erməni-tarixçi opponentlərə qarşı sayğısız, Akademiyadan çıxaraq Xalq Cəbhəsi vasitəsi ilə hakimiyyətə gəlmiş keçmiş tələbələrini və həmkarlarını “pioner” adlandıran barışmaz əleyhdar, sözünü heç kimdən heç vaxt çəkinmədən deyən ziyalı. Milli Məclisdə o, hətta sıralarında olduğu Yeni Azərbaycan Partiyasından olan həmpartiyalılarını belə kəskin ifadələrlə hədəfə alırdı. O, dəfələrlə müxtəlif vəzifəli şəxslərlə, o cümlədən müdafiə naziri Səfər Əbiyevə qarşı sərt açıqlamalar səsləndirmişdi. Parlamentin spikeri Murtuz Ələsgərovun Milli Məclis rəhbərlik etməsinə əleyhinə çıxan yeganə şəxs də oydu – Ziya Bünyadov. Hətta Prezident Aparatında hakimiyyətin regionçuluğu ilə bağlı dediyi sözlər də yaddaşlarda indiyədək qalır: “Türkmənistanda iqtidar yomut tayfasına məxsusdur. Gəlin Azərbaycanı Türkmənistana çevirməyək”.
Bütün meyarlarla 1997-ci ilin fevralında baş verən qətlin şoku Ə. Ansuxskinin öldürülməsi ilə müqayisədə daha böyük idi və cəmiyyətdə böyük təpki ilə ifadə olundu. Qətlin icrası çox-çox sonralar “ölüm eskadronu” sayılacaq Hacı Məmmədovun üzərinə qoyulsa da, icraçı, sifarişçi və əsl motiv haqqında şübhələr hələ də qalmaqdadır. Sabiq polis zabiti Salman Əliyevin açıqlamaları bu şübhələrin müəyyən mənada əsaslı olduğuna dəlalət edir.
Z. Bünyadov qətlə yetirilərkən S. Əliyev Bərdə rayon polis şöbəsində əməliyyat müvəkkili işləyib. Sabiq baş prokuror Eldar Həsənovun məktubu əsasında o, Z. Bünyadovun qətli ilə bağlı yaradılan əməliyyat-istintaq qrupuna daxil edilib. “Sübutlar, dəlillər, məlumatlar deməyə əsas verirdi ki, Ziya Bünyadov DİN-in bir qrup əməkdaşı tərəfindən qətlə yetirilib. Lakin işi sona çatdırmağa imkan vermədilər. Əməliyyat-istintaq qrupunun üzvlərinə, xüsusilə mənə qarşı ciddi təzyiqlər başladı. Bu təzyiqlərin arxasında DİN rəhbərliyi görünsə də, mənə bəlli idi ki, sifariş daha yuxarı səviyyələrdən gəlib”. S. Əliyevin sözlərinə görə, Z. Bünyadovun qətlini “Hizbullah” təşkilatının üzərinə yönəldən sonradan yaradılmış ikinci istintaq qrupu mərhum akademikin əsl qatillərini və qətlin sifarişçilərini kənarda saxlayıb.