Oqtay Əsədov: "Mən çox şadam ki, Azərbaycan Prezidentinin saytını bunlar çox diqqətlə izləyirlər"
Strasburqda Avropa Şurasına üzv ölkələrin parlament rəhbərlərinin konfransı keçirilib. Tədbirdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi parlament nümayəndə heyəti təmsil edib.
Modern.az Milli Məclisin mətbuat xidmətində istinadən bildirir ki,
Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyon konfransda çıxış edərək hazırda dünyada gedən iqtisadi-siyasi proseslər, etnik və milli zəmində baş verən münaqişələr, həmçinin terrorçuluq və digər böhran halları ilə mübarizə yolları barədə fikirlərini bölüşüb.
Konfransda təşkilatın baş katibi Yan Qladın, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Albaniya parlamentinin sədri Josefine Topallinin çıxışları olub.
Avropa İnsan Haqları Məhkəməsinin sədri Nikolas Bratse isə bu məhkəmənin gələcəyi, milli parlamentlərin rolu mövzusunda məruzə edib.
Demokratiya mövzusunda aparılan müzakirələrdə Ermənistan tərəfi həmişə olduğu kimi yenə də öz təcavüzkar hərəkətləri ilə beynəlxalq ictimaiyyəti çaşdırmağa hədəflənmiş mövqe nümayiş etdirib. Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyonun konfransdan əvvəl tərəflərə müraciət edərək bu beynəlxalq tədbirdə qarşılıqlı ittihamların səsləndirilməməsi xahişinə əvvəlcə “hə” deyən, sonra isə onu pozan Ermənistan parlamentinin spikeri Hovik Abrahamyan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun əfvi məsələsini gündəmə gətirib. H.Abrahamyan Azərbaycan Prezidenti İlham Əliyevin saytında Ramil Səfərovun əfvi ilə bağlı məlumat yerləşdirildiyini və saytda xalqımızın bunu təqdir etdiyini bildirən məktubların əks olunduğunu deyib.
Erməni spiker cavabsız qalmayıb. Azərbaycan parlamentinin sədri Oqtay Əsədov gündəlikdəki mövzu barədə fikirlərini bildirdikdən sonra erməni parlamentinin rəhbərinin qaldırdığı Ramil Səfərovun əfvi məsələsinə də toxunub. Sədr bildirib ki, o, əslində bu məsələyə toxunmaq istəmirdi. Lakin Ermənistan parlamentinin sədrinin uydurma ittihamları onu bu məsələ üzərində dayanmağa məcbur edib.
Oqtay Əsədov Hovik Abrahamyanın ittihamlarının bütövlükdə yalan olduğunu avropalı həmkarlarının diqqətinə çatdırıb və xüsusi vurğulaybı ki, bu əfv Avropa Konvensiyasına, beynəlxalq və milli hüququn bütün norma və prinsiplərinə əsasən tətbiq olunub. Sədr deybi:
“Təəssüflər olsun ki, bu məsələni şişirtməklə həm Ermənistan, həm onun lobbisi, həm də onun havadarları status-kvonu saxlamaq niyyətindədirlər. Ancaq mən bildirmək istəyirəm ki, status-kvo qəbuledilməzdir. Ramil Səfərov məsələsinin şişirdilməsi münaqişənin həllini daha da müşkül vəziyyətə sala bilər. Mən çox şadam ki, Azərbaycan Prezidentinin saytını bunlar çox diqqətlə izləyirlər. Ancaq yaxşı olardı ki, onlar öz prezidentlərinin saytına baxsınlar. Öz prezidentlərinin verdiyi müsahibələrə baxsınlar ki, Ermənistan prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı soyqırımında iştirakı ilə fəxr edir və bu insanlar indi bizə demokratiya dərsi vermək istəyirlər. Mən çox təəssüf edirəm”.
Milli Məclisin sədri Oqtay Əsədov, həmçinin Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyonla görüşüb. Görüşdə ölkəmizlə bu qurumun münasibətləri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti və əməkdaşlığın perspektivləri müzakirə edilib.
Oqtay Əsədovun ATƏT Parlament Assambleyasının rəhbəri Rikardo Miqlioru ilə də görüşü olub. Görüşdə Assambleya rəhbəri təşkilatla Azərbaycanın əlaqələrini yüksək qiymətləndirdiyini bildirib. Assambleyada ölkəmizin nümayəndə heyətinin daim yüksək səviyyədə iştirak etdiyi vurğulanıb. R.Miqlioru ATƏT-in Minsk qrupunun fəaliyyətinin qənaətbəxş olmadığını deybi. O, ölkəsində Azərbaycana, Prezident İlham Əliyevin siyasi kursuna böyük rəğbət bəslənildiyini bildirib. Oqtay Əsədov ATƏT Parlament Assambleyasının rəhbərinə səmərəli fəaliyyətinə, bir çox məsələlərdə tutduğu prinsipial mövqeyə və ölkəmizə qarşı xoş münasibətinə görə minnətdarlığını bildirib.
Strasburqa səfəri çərçivəsində Azərbaycan parlament nümayəndə heyətinin Moldova parlament nümayəndə heyəti ilə də görüşü keçirilib. Oqtay Əsədov və moldovalı həmkarı Marian Lupu istər ikitərəfli, istər beynəlxalq təşkilatlar, istərsə də GUAM çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Modern.az