Modern.az

“Qarayaxanlar başqalarının arqumentlərini dinlədikdən sonra mövqe bildirsələr, ədalətli olardı” - Mövqe

“Qarayaxanlar başqalarının arqumentlərini dinlədikdən sonra mövqe bildirsələr, ədalətli olardı” - Mövqe

4 Oktyabr 2012, 11:54

Avropa Şurası Parlament Assambleyası oktyabrın 3-də almaniyalı deputat Kristofer Ştrasserin hazırladığı “Siyasi məhbus anlayışı” məruzəsini dinləyib. Sənəd 100 səs lehinə, 64 səs əleyhinə olmaqla qəbul edilib və siyasi məhbus anlayışının meyarları müəyyənləşdirilib.

Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır:

- saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və assosiasiya azadlığı pozulmaqla həyata keçirilibsə;

- saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə;

- həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə;

- vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Fazil Mustafa məsələylə bağlı mövqeyini açıqlayıb. Deputat deyib ki, burada iki yanaşma mövcud idi. Siyasi məhbusun: 1) AŞPA tərəfindən müəyyən olunması; 2) Avropa İnsan Haqları Məhkəməsi tərəfindən müəyyən olunması.

“Mən prinsip olaraq bu qətnamənin qəbul olunmasının lehinə idim və bunu ötən sessiyada Hüquq Komitəsinin iclasında təklif olaraq irəli sürmüşdüm. Ancaq prinsip olaraq 2-ci mövqeyi dəstəkləyirdim. Ölkədə siyasi mövqeyinə görə həbs olunan vicdan məhbusları var və onların azad olunması hamımızın arzusudur. Dəfələrlə parlament tribunasından bunu dilə gətirmişəm. Bizim təqdim etdiyimiz düzəliş komitədə səs çoxluğu ilə keçsə də, plenar iclasda müəmmalı şəkildə 89 səsə qarşı 89 səslə qəbul olunmadı. Bizim layihəyə terrorizmdən əziyyət çəkən Türkiyə, İspaniya, Rusiya kimi ölkələr səs verdilər. Qəbul olunan 1-ci mövqenin əleyhinə olduğuma görə bütövlükdə sənədin də əleyhinə səs verdim”.

F.Mustafanın sözlərinə görə, əgər düzəliş təklifi keçsəydi, sənədin lehinə səs verəcəkmiş.

“Əsas arqumentim budur ki, hansısa şəxsin siyasi məhbus kimi tanınması üçün AŞPA-nın müvafiq komitəsi toplanmalı, orada müzakirə olunmalı və səs çoxluğu ilə bu tanınma müəyyənləşməlidir. Səs çoxluğu təmin olunmadıqda, necə olacaq? Hansısa ehtimal olunan siyasi məhbus AŞPA ilə hökumətin intriqasının ortasında qalıb həbsxana həyatını davam etdirəcək. Məsələnin Avropa İnsan Haqları Məhkəməsi tərəfindən müəyyən olunması isə daha konkret öhdəlik yaradır və hökumət həmin şəxsləri dərhal azad etməlidir. Burada deyilir ki, qərarın çıxarılması uzun sürür və ona kimi həbs müddəti tamamlanır. Əslində prinsip qəbul olunduqdan sonra çevik prosedur da müəyyənləşdirilirdi ki, burada ənənəvi məhkəmə predmeti olan bütün halların araşdırılmasından yox, yalnız siyasi məhbus olaraq dərhal tanınmadan söhbət gedə bilərdi. Türkiyə heyəti ilə əlaqəli şəkildə biz bu mövqeyi dəstəkləyirdik. Erməni Rustamyan isə çıxışında bildirdi ki, biz qətnamənin lehinə ona görə səs verəcəyik ki, bu, Azərbaycana daha ciddi təzyiq göstərmək imkanı yaradacaq. Eyni mövqeyi fransızlar və PKK simpatizanı olanlar da dəstəklədilər. Ona görə də hazırda qəbul olunan bu qətnamənin AŞPA ilə Azərbaycan hökuməti arasında ötür-ötür oyununa gətirib çıxaracağından və vicdan məhbuslarının işinə ciddi təsir göstərməyəcəyindən əminəm.

Dəniz Baykal bizim düzəlişi dəstəkləsə də, digər solçularla birlikdə qətnamənin lehinə ona görə səs verdi ki, AKP deputatları bunun əleyhinə səs vermişdilər. Sırf daxili siyasətlə bağlı məsələ idi. Orada açıqca bu qətnamənin PKK-çı Leyla Zananın məsələsinə təsir edəcəyini çıxışlarda vurğulayırdılar.

Odur ki, virtual məkanda heç nəyi ciddi araşdırmadan məqsədli şəkildə qarayaxma ilə məşğul olanlar başqalarının arqumentlərini dinlədikdən sonra mövqe bildirsələr, daha ədalətli olardı”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım