Modern.az

Etikasız deputat - etika barədə qanun layihəsinə deputatların fərqli RƏYLƏRİ

Etikasız deputat - etika barədə qanun layihəsinə deputatların fərqli RƏYLƏRİ

5 Oktyabr 2012, 10:37


Milli Məclisinin payız sessiyasının ilk iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ali qanunverici hakimiyyətin nümayəndələri hesab olunan deputatların etik davranışını tənzimləyən sənəd yoxdur. Buna görə də millət vəkili deputatların etik davranışlarını tənzimləyən qanun layihəsinin hazırlanıb müzakirəyə çıxarılmasını təklif edib.

Deputatların isə bu qanun layihəsinə yanaşması birtərəfli deyil.

Tahir Rzayev bildirib ki, qanun layihəsinin qəbul olunması çox müsbət bir haldır: “Etikasız deputat, xalqın etimadını doğrultmayan adam Milli Məclisə seçilə bilməz. Deputat yüksək intellektə malik olmalıdır, etik qaydaları gözləməlidir. Digər tərəfdən, bunu müsbət hal hesab edirəm ki, bilavasitə bir vətəndaş kimi deputatın özünün vəzifə borcu, məsuliyyəti, davranışa nəzarət etmək funksiyası var. Deputat istər küçədə insanlarla davranışında, istərsə də rəsmi və qeyri-rəsmi yerlərdə özünün nüfuzunu qorumalıdır. Artıq hərəkətlərə, söhbətlərə, davranışlara yer verməməlidir. Bəzi adamlar var ki, deputata qarşı məsələn, mətbuatdan və ya digər sahələrdən istifadə edərək etik qaydaları pozur və təhqir edir. Yeri gələndə deputatlar da etik normaları pozaraq onlara o tərzdə cavablar verirlər. Bu olmamalıdır. Deputat səbirli, təmkinli olmalıdır .Hər şeyi bu qaydada da nizamlamağı bacarmalı və real faktlarla yanaşmalı, cavab verməlidir”.

T. Rzayev bildirib ki, qanun layihəsinin qəbulunu müsbət qarşılayır.

“Deputat da bir şəxsiyyətdir , o da bir insandır. Onun cəmiyyət qarşısında borcu var. Kiməsə şər atmamalıdır, kiməsə böhtan deməməlidir. Mən əgər rəsmi görüşə cins şalvarla və ya uyğunsuz formada gedirəmsə, bu etik normaları pozmaq deməkdir Bu baxımdan mən təklifi müsbət qarşılayıram”.

İqbal Ağazadə isə məsələyə ciddi yanaşmağın doğru olmadığını bildirdi.  “Deputatı seçici seçir. Seçici rəy bildirir, ondan sonra deputat Milli Məclisdə əyləşir. Deputat etikasını da o müəyyənləşdirir. Hər kəsin doğru-dürüst bildiyi etik qaydalar var. Buna ciddi yanaşmağın özü belə doğru deyil”.

Asim Mollazadə isə məsələnin yalnız Milli Məclisin etika komitəsi tərəfindən tənzimlənə biləcəyini deyir: “Düşünürəm ki, hər bir millət vəkilinin etika normalarında, etika çərçivəsində davranmağı çox düzgün bir haldır. Sadəcə olaraq onu hansısa bir qanunla müəyyənləşdirmək düzgün olmaz. Deputatların fəaliyyətinin reqlamentində bu cür maddələr mümkün ola bilər. Bir şeyi xatırlatmaq istərdim ki, parlamentin müvafiq bir etika komitəsi var. Etika məsələlərinə nəzarət edir və onun çərçivəsində bu cür problemlərin müzakirəsi daha düzgün olardı. Əlavə bir qanunun ehtiyac yoxdur. Ən azı müvafiq etika komitəsi var .O bu məsələləri parlamentə öz fəaliyyəti ilə tənzimləməlidir”.

Əhməd Vəliyev isə deputatların etik davranış qaydaları haqqında qanun layihəsinin qəbulunda heç bir problemin olmadığını bildirir: “Hələ ki, bu barədə düşünülür. Əgər “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun qəbul olunursa, deputatların etik davranış qaydaları haqqında niyə olmasın ki!? Mənə elə gəlir ki, onun elə bir ziyanı yoxdur. Sadəcə, bu, məsuliyyətin artırılmasına xidmət edəcəkdir”.

Fuad Muradov da təşəbbüsə müsbət yanaşdığını deyir. “Hər bir deputatın təşəbbüs irəli sürmək hüququ var. Təbii ki, Əli Hüseynli bu istiqamətdə bir çox təkliflər verib. Düşünürəm ki, bu məsələlərə biz baxa bilərik. Bu təşəbbüsə mən çox müsbət yanaşıram. Bu məsələni müzakirə etmək olar”.

Şahanə Rəhimli

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım