Milli Məclisin üzvləri REAL Hərəkatının sədri İlqar Məmmədovun cəzalandırılmasını istəyirlər.
Milli Məclisin 20 deputatı REAL Hərəkatının sədri İlqar Məmmədovla bağlı Binəqədi rayon məhkəməsinə müraciət edib. Bu barədə Modern.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
Deputat bildirib ki, bu gündən etibarən İlqar Məmmədovun məhkəməyə verilməsi ilə bağlı deputatlar imzaatma kampaniyasına başlayıblar və onun qanun qarşısında cavab verməsini istəyirlər.
“Artıq bununla bağlı deputatlar imzaatma kampaniyasına başlayıblar. Bir sıra deputatlar imza atıblar. Bəziləri isə bu günlərdə imza atacaq”,-deyə H.Rəcəbli vurğulayıb.
Deputat qeyd edib ki, İlqar Məmmədov Binəqədi rayonunda qeydiyyatdadır və işə Binəqədi rayon Məhkəməsində baxılacaq.
“Məsələ ilə bağlı məhkəməyə müraciət olunub. Sadəcə imzaların atılmasının tam başa çatmağını gözləyirik”-deyə Hadi Rəcəbli bildirib.
Millət vəkilinin sözlərinə görə, İlqar Məmmədovun açıqlaması bütün parlament üzvlərində ciddi narazılıq doğurub. “Amma 20 millət vəkili onun məhkəməyə verilməsi üçün imza atmağa qərar verib”.
Deputatların hiddətlənmələrinə səbəb REAL Hərəkatının sədri İlqar Məmmədovun Milli Məclisi "zoopark" adlandırmasıdır.
Gültəkin Ələsgər