“Azərbaycan həbsxanalarında hansısa məhbusla görüşmək ölkənin daxili qanunları ilə tənzimlənir. Kimliyindən asılı olmayaraq hamı bu prosedurdan keçməlidir”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin üzvü, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini Fuad Muradov bu qurumun vitse-prezidenti Neelie Kroesin yerli icra strukturları tərəfindən məhbuslarla görüşmək üçün həbsxanaya buraxılmadığı barədə etirazını şərh edərkən bildirib.
F.Muradovun sözlərinə görə, Azərbaycan hər bir beynəlxalq təşkilata açıqdır: “Burada heç bir problem görmürəm. İnanmıram ki, hansısa beynəlxalq qurumun nümayəndəsinin müraciətinə cavab verilməsin. Sadəcə müvafiq prosedurları keçmək lazımdır”.
Daha sonra millət vəkili Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Macarıstanda saxlanılarkən görüşünün prosedurunu xatırladıb: “Mən Ramil Səfərovla görüşmək üçün 15 gün əvvəl Macarıstanın müvafiq qurumlarına rəsmi müraciət edirdim. Bütün lazımi qaydaları keçdikdən sonra mənə həbsxanaya daxil olmaq və Ramil Səfərovla görüşmək imkanı yaradıldı”-deyə deputat xatırladıb.
Qeyd edək ki, Bakıda keçirilən 5-ci beynəlxalq İnternet İdarəçilik Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Avropa İttifaqının vitse-prezidenti Neelie Kroes burada keçirdiyi mətbuat konfransında siyasi məhbuslarla görüşməsinə icazə verilmədiyini bildirib. Noyabrın 8-də xanım Kroes və onu müşayiət edən şəxslər cəzaçəkmə müəssisəsinə gəldikdə, Aİ missiyası məhbusların yanına buraxılmayıb.
Modern.az