Modern.az

"Üç iqtisadi inkişaf naziri dəyişib, amma bu işdə ciddi irəliləyiş yoxdur"

"Üç iqtisadi inkişaf naziri dəyişib, amma bu işdə ciddi irəliləyiş yoxdur"

14 Noyabr 2012, 13:26

Deputat Elmira Axundova: “Bakının idarəçilik sistemi təkmilləşdirilməlidir”

Milli Məclisin büdcə ilə bağlı bu gün keçirilən iclasında çıxış edən millət vəkili Elmira Axundova da çıxış edib. Deputat bildirib ki, ölkənin artan iqtisadi qüdrəti dövlət tərəfindən sosial yönümlü tədbirlərin, sosial proqramların icrasına imkan verir.

”Ona görə də mən həmkarlarıma qoşularaq diqqəti yenə də müəllim və tibb heyətinin maaşlarının artırılmasının zəruriliyinə yönəltmək istəyirəm.  
Yeri gəlmişkən, büdcə zərfini nəzərdən keçirərkən bir ifadənin şahidi oldum. Qeyd olunur ki, 2013-cü ildə təhsil və səhiyyə sahələrinə ayrılan vəsaitin bir hissəsi əməkhaqqı sisteminin təkmilləşdirilməsinə yönəldiləcək. Mən cənab Samir Şərifovdan xahiş edərdim ki,  bu ifadəyə aydınlıq gətirilsin ki, həmin ifadə əmək haqlarının artımını nəzərdə tutur ya nəsə başqa bir məsələni?” ”-deyə E.Axundova vurğulayıb.

E.Axundova digər aktual məsələ kimi şəhər və rayon strukturlarının fəaliyyətində çox vaxt qarşılıqlı razılaşmanın olmadığını qeyd edib:

”Bir də baxırsan ki, Bakının mərkəzindəki yola gözəl asfalt örtüyü çəkilir, yeni səkilər salınır və s. bu kimi işlərə əhəmiyyətli məbləğdə dövlət tərəfindən vəsait ayrılır. Bundan bir neçə həftə sonra başqa qurum başlayır yolu qazmağa: ustalardan soruşanda ki, nə iş görürsünüz, bildirirlər ki, “su”, və ya “yeni telefon kabeli”, ya da “yeni kanalizasiya boruları” çəkirlər. Sonra isə şəhər orqanları eyni yerə asfaltı ikinci, üçüncü dəfə tökmək məcburiyyətində qalırlar. Bununla bağlı xalq arasında hətta lətifələr gəzir.

Mən belə düşünürəm ki, bu qarışıqlığın əsas səbəbi Bakıda vahid idarəçilik mərkəzinin olmamasıdır. Belə ki, paytaxt həyatının müxtəlif sahələrini müxtəlif nazirliklər və orqanlar kurasiya edirlər. Və nəticədə Bakı şəhər icra hakimiyyəti sanki heç bir şeyə cavabdehlik daşımır. Düşünürəm ki, bu məsələ aktualdır və Bakının idarəçilik sistemi təkmilləşdirilməlidir”.

Deputat bildirib ki, iclasda dövlətin maliyyə vəsaitlərinin qənaətli və səmərəli istifadəsindən danışılsa da, rayonlarda icra başçıları bir çox hallarda təxirə salına biləcək işlərə külli miqdarda vəsait xərcləyirlər.

”Məsələn, hər yeni gələn icra başçısı icra hakimiyyətinin binasını, bazarları, hətta Heydər Əliyev Mərkəzlərini sökərək öz zövqünə uyğun yenidən qurmağa başlayır. Halbuki, bu bina və tikililərin vəziyyəti heç də bərbad deyildir və onlar keçmiş icra başçısı tərəfindən bir neçə il əvvəl inşa, ya da əsaslı təmir olunub. Həmin pulları daha vacib sosial işlərə yönəltmək olardı. Ya da əksər rayonların mərkəzlərində hasarların çəkilməsinə başlanılıb. Lakin o hasarların arxasındakı problemlər həll olunmamış qalır. O hasarların arxasında zibildən ibarət təpəciklər, biçilməmiş və təmizlənməmiş alaq və otlar, köhnəlmiş binaların xoşagəlməyən görüntüləri var. Daha yaxşı olmazdımı ki, magistrala yaxın ərazilər abadlaşdırılsın, oralar zibildən təmizlənsin, ağaclar və yaşıl kollar əkilsin?”.

Elmira Axundova deputat həmkarlarının ipoteka haqqında danışdıqlarına diqqət çəkərək, sosial mənzil məsələsinin də müzakirəsini vacib sayıb.
”Sovet vaxtı mənzil növbəsi var idi və hər bir vətəndaş nə vaxtsa dövlətdən pulsuz mənzil ala bilirdi. İndi bu təcrübə yoxdur, lakin onu yeni şəraitə uyğun təşkil etmək lazımdır. Düşünürəm ki, dövlətimiz nisbətən ucuz sosial mənzillərin tikintisinə başlamalı və bu mənzilləri güzəştlə, məsələn, 50% ödəməklə çoxuşaqlı ailələrə, gənc ailələrə, müəllimlərə və s. kateqoriya sosial cəhətdən zəif olan təbəqələrə verməlidir. İnanın ki, bu cür addımlar cəmiyyətimizdə sosial gərginliyi əhəmiyyətli dərəcədə azaldacaq”.

Elmira Axundova digər məsələ kimi zibil tullantılarının yenidən emalı üzrə zavodun tikintisinin əsassız şəkildə yubandığını qeyd edib.

”Artıq 3 iqtisadi inkişaf naziri dəyişib, amma bu işdə hələ də ciddi irəliləyiş yoxdur. Halbuki, belə zavodun işə düşməsi Bakı və zibil içində batan ətraf kəndlər üçün bəlkə də ən aktual məsələdir. Xahiş edirəm bu yubanmanın səbəbi açılsın”.

Elmira Axundova deyib ki, supermarketlərdə bolluca istifadə edilən polietilen paketlər də gələcəkdə böyük problemə çevrilə bilər.

”Yaxşı olardı ki, Azərbaycanda bükmə materialların kağızdan istehsalı təmin edilsin, hal-hazırda Avropada və Rusiyada kağız paketlərdən geniş istifadə edilir və onlar tədricən polietilen paketlərin yerini tutur. Polietilen paketlərə gəlincə, onlar, məsələn, Rusiyada supermarketlərdə pul ilə əhaliyə verilir. Bizdə də bənzəri tədbirlər görülməsə, bu nəhəng polietilen kütləsi bir çox ərazilərimizi öz altında məhv edəcək”.

Millət vəkili deyib ki, təşkilati və korporativ maraqlara toxunan qanunlar tez və operativ şəkildə icra olunsa da, sosial-iqtisadi, ekoloji, ictimai sahəyə aid olan bir sıra qanunlar həddən çox ləng icra edilir. Məsələn, keçmiş məhbusların sosial reabilitasiyası haqqında qanunun imzalanmasından 4 il ötməsinə baxmayaraq, qanunda nəzərdə tutulduğu kimi bu qrup vətəndaşlar üçün bir dənə də olsun sosial reabilitasiyası mərkəzi hələ də yaradılmayıb.

“Bu cür misalların siyahısını artırmaq da olar. Buna görə mən nazirlik və komitə rəhbərlərinin burada olmasından istifadə edərək, bir təkliflə çıxış etmək istəyirəm. Gəlin biz sizlərlə birgə dinləmələr keçirək və bu dinləmələrdə xalqımzı, millətimizi narahat edən bir məsələni, yəni bəzi qanunların pis icra olunmasının və ya ümumiyyətlə icra olunmamasının səbəblərini araşdıraq, bunun cavabını və həlli yollarını birgə tapmağa çalışaq”.

E.Axundova büdcənin müzakirəsindən istifadə edərək seçildiyi Masallı rayonu ilə bağlı bir sıra problemləri də səsləndirib:
”Belə ki, Masallının Kalinovka və Boradigah kimi 10 minlərlə əhalisi olan ərazi nümayəndəliklərində uzun illərdir mövcud olan xəstəxana binalarının bərpaya böyük ehtiyacı vardır. Digər bir aktual məsələ isə qaz çəkilişi ilə bağlıdır. Belə ki, rayon ərazisinə qaz borularının çəkilməsi prosesi nədənsə Qızılağac – Kalinovka əraziləri istiqamətində davam etdirilmədən dayanıb. Qarşıdan soyuq və şaxtalı qış aylarının gəlməsini nəzərə alaraq bilmək istərdim ki, bu qaz çəkilişi nə zaman axırki başa çatdırılacaq.
Qeyd edilən məsələlərə aidiyyəti şəxslər tərəfindən aydınlıq gətirilməsini artıq dərəcədə xahiş edirəm”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım