“Xarici ölkələrdə fəaliyyət göstərən QHT-lərə ayrılan vəsait artırılmalıdır”
Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Azərbaycanın milli maraqlarının qorunması üçün xarici ölkələrdə fəaliyyət göstərən QHT-lərə dövlət tərəfindən ayrılan vəsaitin artırılması təklif edib.
Modern.az-ın məlumatına görə, deputat bu təkliflə dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edib. Onun sözlərinə görə, bu il Azərbaycan Prezidenti xarici QHT-lərin layihələrinin maliyyələşməsi ilə bağlı Şuraya səlahiyyət verib.
“Bu, milli maraqların müdafiəsi üçün böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə büdcəyə təkrar baxılması zamanı Şuraya ayrılan vəsaitin artırılması məqsədəuyğun olardı”, - o deyib.
Öz çıxışında A.Quliyev həmçinin təhsil sahəsində olan problemlərin həlli barədə də öz təkliflərini açıqlayıb. Deputat qeyd edib ki, müəllimlərin dövlət qulluğu sisteminə keçirilməsi qərarının qəbul olunması bu problemlərin həllinə şərait yarada bilər.
“Artıq müəllimlərin dövlət qulluqçusu statusunun alması ilə əlaqədar müvafiq konsepsiya hazırlanıb və bu məsələ öz həllini tapsa, müəllimlərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasına səbəb ola bilər”, - A.Quliyev deyib.
A.Quliyev öz çıxışında regionlarla Bakı arasında fərqin azaldılması və regionlara verilən dotasiyaların həcminin azaldılması təklifini də irəli sürüb: “Artıq Sumqayıt və Abşeron rayonları dotasiyadan imtina ediblər. Ümid edirəm ki, növbəti illərdə digər rayonlar da dotasiyadan imtina edərək ÜDM-də öz payını artıracaq”.
Modern.az