Modern.az

Azay Quliyevin təşvişi: “Uruqvayın qarşısını almasaq...”

Azay Quliyevin təşvişi: “Uruqvayın qarşısını almasaq...”

15 Noyabr 2012, 11:06

Uruqvay parlamentinin spikeri bir neçə gün öncə Azərbaycanın ərazisinə - Ermənistanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində  səfər edərək, oradakı separatçı erməni rejiminin rəhbəri ilə görüşüb. Bu qeyri-qanuni səfər və spikerin orada qondarma qurumu Uruqvayın tanıyacağı haqqında bəyanat verməsi Azərbaycan üçün çox ciddi narahatçılıq doğurur.

Milli Məclisin üzvü Azay Quliyev bunu təhlükəli hal hesab edir.

“İlk dəfədir ki, bir ölkənin spikeri səviyyəsində Azərbaycanın razılığı olmadan onun işğal altında olan ərazisinə səfər edilir və bununla da suveren bir dövlətin ərazi bütövlüyünə qarşı açıq şəkildə hörmətsizliyə yol verilir”-deyə A.Quliyev bildirib. Onun sözlərinə görə, Ermənistanın və erməni diasporunun hazırkı mərhələdə əsas məqsədi işğal etdiyi Dağlıq Qarabağı müstəqil bir dövlət kimi ayrı-ayrı ölkələr tərəfindən tanınmasına nail olmaqdır.

“Bunun üçün ermənilər uzun müddətdir ki, iş aparır və “zəif bəndi” tapmağa çalışırlar. Erməni hiyləgərliyinə uyğun olaraq onlar bu çirkin niyyətlərini həyata keçirtmək üçün bizim bölgəni yaxından tanımayan uzaq olkələri ( Avstraliya və Cənubi Amerika ölkələri ) öz yalanları ilə aldatmağa çalışırlar.

Təəssüflər olsun ki, Uruqvay spikerinin son səfəri göstərir ki, hadisələr belə bir təhlükəli ssenari üzrə inkişaf edə bilər. Nəzərə alsaq ki, qondarma erməni soyqırımının tanınması prosesi də məhz ilk dəfə 1965-ci ildə Uruqvaydan başlamış və sonradan dünyanın bir çox ölkələri tərəfindən qəbul edilmişdir, o zaman bu bədnam ölkənin erməniliyin əlində bir alət olduğunu və “zəif bənd” rolunu oynadığını görməmək mümkün deyil”.

Azay Quliyev deyib ki, bu bizim üçün yaxşı heç nə vəd etmir. Əgər Uruqvayın qarşısını ala bilməsək, qondarma qurumun tanınma prosesinin zəncirvari şəkildə digər ölkələrə sirayət etməyəcəyinə heç kim zəmanət verə bilməz.

“Görək dünya ictimaiyyəti adlandırdığımız toplum və xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri bu olayı pisləyəcəkmi? Bəlkə elə bu ssenari ATƏT-in Minsk qrupunun həmsədrlərinin özləri tərəfindən hazırlanıbdır?
Hər halda biz heç kimi gözləmədən öz etiraz səsimizi ucaltmalıyıq.
Bu gün Dağlıq Qarabağın “de yure” olaraq bizdən qopardılmasına hədəflənən bu təhlükəli planın qarşısına təkcə hökumət deyil, bütün xalq, cəmiyyətin ayrı-ayrı təbəqələri- siyası partiyalar, QHT-lər, media və bir sözlə hamımız çıxmalıyıq! Milli Məclis təxirə salmadan etiraz bəyanatı qəbul etməli və bir qrup nümayəndə heyətini Uruqvaya göndərməlidir. Bütün diplomatik resurslar bu istiqamətə yönləndirilməli və aparıcı ölkələr və beynəlxalq təşkilatlar təhülkə haqqında vaxtında məlumatlandırılmalıdır.
İnanıram ki, biz bu dəfə də bu təxribatın qarşısını ala biləcəyik!!!”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım