Modern.az saytının məlumatına görə, noyabrın 20-də Milli Məclisin növbəti iclası başlayıb. İclasın gündəliyinə 9 məsələ daxildir. Bu məsələlərdən 6-sı Azərbaycanın Türkiyə və Tacikistanla əlaqələrinə dair sənədlərin ratifikasiyası barədədir.
Əvvəlcə "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair" Saziş sənədi müzakirə olunub.
Müzakirələrdən sonra sənəd 107 səslə qəbul olunub.
Daha sonra "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" (TANAP) saziş müzakirə olunub. Milli Məclis sənədi 102 səslə təsdiqləyib.
Sazişdə göstərilir ki, Azərbaycan Respublikası Türkiyəni ilkin olaraq “Şahdəniz”in ikinci mərhələsindən 6 milyard kubmetr təbii qazla təmin etməyi, Türkiyə tərəfi isə Azərbaycandan illik olaraq 6 milyard kubmetrə qədər ikinci mərhələ qazını satın almağa dair öhdəlik götürüblər. Bu sazişə əsasən, Azərbaycandan Türkiyəyə nəql edilən qaz Türkiyə tərəfindən üçüncü ölkələrə ixrac edilə bilər.
“Bu saziş Azərbaycan qazının Avropaya çıxarılması üçün mühüm addımdır”, – deyə V. Ələsgərov bildirib. Daha sonra vitse-spiker deyib ki, qaz Azərbaycanın təbii sərvəti olduğuna görə, bu qazın satışı ilə bağlı digər məsələlərin tənzimlənməsində Azərbaycan nəzarət hüququnu saxlayır.
Modern.az