Modern.az

Milli Məclisdə qalmaqal: “Akif Təvəkküloğlu axşama qədər məndən üzr istəməsə...”

Milli Məclisdə qalmaqal: “Akif Təvəkküloğlu axşama qədər məndən üzr istəməsə...”

Parlament

20 Noyabr 2012, 14:18


Modern.az
saytı xəbər verir ki, parlamentin bu günkü iclasında çıxış edən deputat Etibar Hüseynov Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunu kəskin tənqid edib. O, parlamentin əvvəlki iclasında deputatların komputer və internet problemləri ilə bağlı çıxışını xatırladıb və bildirib ki, məsələ ilə bağlı tədbir görülməyib. Akif Təvəkküloğlu isə mətbuata verdiyi açıqlamada onu böhtan xarakterli məlumat yaymaqda günahlandırıb:

“Çox təəssüf ki, ötən müddətdə həmin problemlə heç kəs maraqlanmadı. Parlamentin mətbuat xidmətinin rəhbəri isə mətbuatda məni böhtançı adlandırdı.
Aydındır ki, bu məqamda Akif Təvəkküloğlu öz hədd və səlahiyyətlərini aşıbdır. Amma mən öz hədd və səlahiyyətlərimi aşağılayıb ondan deyil, Milli Məclis aparatının rəhbəri cənab Səfa Mirzəyevdən soruşmaq istəyirəm ki, hörmətli Səfa müəllim, deyə bilərsinizmi mən Milli Məclisdə kimi şərləmişəm və kimə böhtan atmışam?”.

Deputat qeyd edib ki, Akif Təvəkküloğlu bu gün çıxış etdiyi qəzetdə təkzib verməsə, onunla bağlı məhkəməyə müraciət etmək hüqunu özündə saxlayır. O, Milli Məclis aparatının rəhbəri cənab Səfa Mirzəyevə müraciət edib:

“Hörmətli Səfa müəllim, şəxsiyyətinizə və personanıza bir daha hörmət və ehtiramımı bildirməklə yanaşi sizdən məsələyə münasibət bildirmənizi xahiş edirəm. Ümidvar olmaq istəyirəm ki, öz səlahiyyət və hüquqlarını aşmış Akif Təvəkkuloğluna layiq olduğu cəzanı verib ona yerini göstərəcəksiniz. Və bu işi mənim öhdəmə buraxmayacaqsiniz.
Və onu da son olaraq qeyd edirəm ki, əgər bu gun axşama qədər Akif Təvəkküloğlu çıxış etdiyi mətbuat orqanlarında təkzib verib məndən rəsmən üzr istəməsə, onda mən də cavab hüququmdan istifadə etmək məcburiyyətində qalacagam”.

İclasa sədrlik edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə bu cür məsələlərdən ötrü parlamentdə çıxış etməyə ehtiyac olmadığını bildirib: “Siz elə yaxınlaşardınız mənə, ya Səfa müəllimə, danışıb həll edərdik. İndi səhər mətbuat başlayacaq, bunu istəyirdiniz? Olmaz belə, biz bir kollektivdə işləyirik”.

Modern.az məsələ ilə bağlı Akif Təvəkküloğlundan münasibət öyrənməyə çalışıb. A.Təvəkküloğlu isə bu barədə danışmağa lüzum görmədiyini vurğulayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım