Modern.az

Unudulan deputatlar: Heydər Əliyev məktəbinin yetirməsi, eks-Baş prokurorun əmisi… - FOTOLAR 

Unudulan deputatlar: Heydər Əliyev məktəbinin yetirməsi, eks-Baş prokurorun əmisi… - FOTOLAR 

Parlament

2 Noyabr 2021, 18:20

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.

Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Zahid Qaralovdur.

Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından olan Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Zahid Qaralov həm I (1995-2000-ci illər), həm də II çağırış (2000-2005-ci illər) Milli Məclisin üzvü olub.

Onu Heydər Əliyev məktəbinin yetirməsi də adlandırırdılar. Çünki Z.Qaralov Heydər Əliyevin ən sadiq tərəfdarlarından biri olub.

Z.Qaralov 1934-cü il iyul ayının 10-da Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonunun Ormeşən kəndində dünyaya göz açıb. 

1947-ci ildə Ormeşən 7 illik məktəbini, 1950-ci ildə Qızılkilsə kənd orta məktəbini bitirərək, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə qəbul olunub. İnstitutu bitirdikdən sonra, 1956-ci ilin avqustunda Ormeşən 8 illik məktəbinə direktor təyin olunub. 

1959-cu ildə Başkeçid Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib. Dmanisi Qəsəbə Sovetinin deputatı olub.

1961-1964-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunun ”Fizikanın tədrisi metodikası” kafedrasının aspirantı olub.


Aspiranturanı bitirəndən sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (ADETPİ) “Politexnik təlim” şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin olunub. Eyni zamanda, Bakının 31 №-li eksperimental məktəbində fizika-riyaziyyat müəllimi kimi fəaliyyətə başlayıb.

1967-ci ilin avqust ayında ADETPİ-də baş elmi işçi vəzifəsinə seçilib.

1967-ci ilin dekabrında ADETPİ-nin “Əmək və Politexnik təlim” şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

1977-ci ilin aprelində həmin institutun direktoru təyin olunub.

1981-ci ildə “Əməkdar müəllimi” fəxri adına layiq görülüb. Daha sonra “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub.1983-cü ildə “Əmək veteranı” medalı alıb.

Zahid Qaralov Yeni Azərbaycan Partiyasının yaradılmasına təşəbbüs göstərən “91-lər” hərəkatının fəal iştiraklarından idi. O, Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilən təsis konfransında вф iştirak edib.


YAP yaranandan ömrünün axırına kimi İdarə Heyətinin və Siyasi Şuranın üzvü, eyni zamanda partiyanın Səbail rayon təşkilatının sədri olub.

1994-cü il sentyabrda “Orta məktəbdə fizika qanunlarının örədilməsi üzrə işin sistemi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, pedaqoji elmlər doktoru elmi dərəcəsi alıb. Eyni vaxtda professor elmi adına layiq görülüb.

1992-ci ilin mayında Prezident yanında Əfv komissiyasının üzvü təyin edilib və ömrünün axınadək bu qurumda da təmsil olunub.

1995-ci ilin noyabrında proporsional yolla (YAP siyahısı üzrə) Milli Məclisə deputat seçilib.

Parlamentdə ilk dəfə yaradılmış Yerli özünüidarəetmə daimi komissiyasının sədri olub.



1993-cü ilin aprelində Həcc ziyərətinə gedib.


2000-ci il noyabrın 5-də yenidən Milli Məclisə deputat seçilib. Regional məsələlər daimi komissiyasının sədri olub.

Sabiq deputat bir sıra orden və medallarla, o cümlədən “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib. 
 

Z.Qaralov 7 yanvar 2015-ci ildə Almaniyanın paytaxtı Berlin şəhərindəki xəstəxanada 81 yaşında insult xəstəliyi səbəbi ilə dünyasını dəyişib.

Mərhum deputat İkinci Fəxri Xiyabanda dəfn olunub. 

Qeyd edək ki, Z.Qaralov Azərbaycanın keçmiş Baş prokuroru Zakir Qaralovun əmisidir.


Eks-deputatın üç övladı var. Oğlu İlqar Qaralov hazırda Bakı şəhəri Xəzər rayon Məhkəməsinin sədri vəzifəsini tutur.

Qızları Mehriban Qaralova Abşeron rayon Mərkəzi Xəstəxanasında baş həkim və Gülnarə Qaralova Təhsil nazirliyinin Elm və Ali və Orta ixtisası şöbəsində baş məsləhətçisi işləyir.

Zahid Qaralov vaxtilə Moskvadan qayıdan Heydər Əliyevin Müdafiəsi Komitəsinin də sədri olub, Heydər Əliyev hakimiyyətə gələnə kimi dəfələrlə Naxçıvana gedərək, onun yanında olub.


Təsadüfi deyil ki, 1999-cu ildə Z.Qaralovun 65 illik yubileyi münasibətilə onu təbrik edən Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyev təbrik məktubunda yazırdı:

“Mən Naxçıvanda olarkən yanıma gəlməyini, bir sıra məsələlər barəsində söhbət apardığımızı yaxşı xatırlayıram. O zaman – 1992-ci ildə mənimlə əlaqədar mətbuatda çıxan yazıların da yaxşı xatirimdədir. Mən bunları yüksək qiymətləndirirəm. Biz həmişə bir yerdə olmuşuq. Bu gün də bir yerdəyik, gələcəkdə də bir yerdə olacağıq. Görüləcək işlərimiz çoxdur”.


Sabiq deputatın qardaşı oğlu, keçmiş Baş prokuror Zakir Qaralov əmisi haqda xatirələrini belə ifadə edib:

“Onun elmi-pedoqoji, o cümlədən ictimai-siyasi fəaliyyəti çoxşaxəli olmuşdur. Bütün bunlarla yanaşı, sözün həqiqi mənasında, müdrik müəllim olmuş və öz məktəbini ucaltmışdır. Belə bir ifadə var: “Milli təhlükəsizlik orqanları dövlətin bel sütunudur”. İnsanda olduğu kimi cəmiyyəti də, dövləti də ayaqda saxlayan məhz təhlükəsizlik orqanlarıdır, onun sistemidir. Heydər Əliyev və onun məktəbinin davamçıları, belə desək, məşhur “91-lər”dən olan Zahid Qaralov da bu sütunun əyilməz, möhkəm olması üçün işinin öhdəsindən layiqincə gəlmişdir...
...Hələ o dövrdə Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı öz həyatını riskə ataraq,  Heydər Əliyevin yanına - Naxçıvana getmişdir. Bu müddət ərzinə dəfələrlə çətinliklərlə üzləşsə də, qarşısına qoyduğu məqsədin öhdəsindən gəlmişdir.
Çalışdığı sahələrdə yüksək təşkilatçılıq bacarığı ilə seçilərək göstərilən etimadı doğrultmuşdur. O, dostluqda möhkəm, əzmli və sədaqətli idi. Dostdan və insanlardan yaxşılığı əsirgəməzdi”.


YAP Səbayel rayon Təşkilatının hazırkı sədri Şəmsəddin Hacıyev:

“Mənim Zahid müəllimlə birgə fəaliyyətim 2000-ci illərə təsadüf edir. Onunla əməkdaşlığımızı və söhbətlərimizi indi də xatırlayaraq böyük əminliklə deyə bilərəm ki, Zahid Qaralov Vətənini, dövlətini, xalqını sevən və onlara son dərəcə bağlı olan əqidəli və sədaqətli ictimai-siyasi xadim, daim düzgünlüyün və haqqın tərəfində olan ədalətli və vicdanlı insan kimi xalqı maarifləndirməyə çalışan ziyalı, yaradıcı alim, istənilən vaxt əməkdaşlığa, dialoqa açıq olan və digər müsbət keyfiyyətləri özündə cəmləşdirən bütöv bir şəxsiyyət idi”.


Qeyd edək ki, mərhum deputat barədə "Müdrik müəllimimiz. Zahid Qaralov-80" kitabı nəşr olunub. Kitabda onun həyat və fəaliyyətindən söhbət açılıb, alim həmkarlarının, tələbələrinin və yaxın dostlarının ürək sözləri toplanıb.


Kitabda mərhum Z.Qaralovun öz qeydləri da var.

"Mən çox sadə, adi həyat yaşamışam. Alimlərdən, ictimai-siyasi xadimlərdən, həyat hadisələrindən dərs almışam və bu dərsləri özümdən sonra gələnlərə doğru-düzgün ötürməyə çalışmışam. Keçmişimizlə gələcəyimiz arasında möhkəm körpü yaratmışam. Heç kəsi incitməmişəm. Kimə nə etmişəmsə, bunu özümə borc bilib etmişəm. Heç kəs mənə borclu deyil. Təmtəraqlı məclisləri sevməmişəm. Heç vaxt var-dövlət toplamağa meyl göstərməmişəm...”,-deyə o bildirib.


Sözgüedən nəşrdə həmçinin onun ailə üzvləri, övladları, nəvələri, dostları ilə birgə olduğu məqamlarda lentə alınmış nadir fotoşəkillər də yer alıb.



A.Qorxmaz

***

Həmçinin oxu:

Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...
Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO
Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı... 
Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: “Jak Şirak qudurub!”
Unudulan deputatlar: Həyat yoldaşı və qızı qətlə yetirilən akademik - FOTOLAR 
Unudulan deputatlar - Administrasiyada vəzifə verildi, iki dəfə həbs olundu, Prezident onu əfv etdi 
Unudulan deputatlar: “Çörək Tofiq” və Heydər Əliyevin məşhur müşavirəsində danlanan MƏMURLAR... 
Unudulan deputatlar - Akademikin təzyiqlərinə dözə bilməyən PROFESSOR 
Unudulan deputatlar - Oğul itkisi ilə barışa bilməyən ƏMƏKDAR JURNALİST 
Unudulan deputatlar - Qardaşından prezidentliyə namizəd olduğuna görə küsən məşhur YAZIÇI…
Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLAR 
Unudulan deputatlar: Rəsul Quliyevin güdazına gedən AKADEMİK 
Unudulan deputatlar: İdmançı, həkim, prezidentliyə namizədin qəfil ÖLÜMÜ - FOTOLAR 
Unudulan deputatlar: YAP-dan küsən PROFESSOR 
Unudulan deputatlar: Heydər Əliyevin danladığı professor: “Belə şey olmaz Fikrət, olmaz!” 
Unudulan deputatlar: sərxoş sürücünün badına gedən Hikmət həkim…
Unudulan deputatlar: Elçibəyə rəqib olan, kabinetini AXC-yə verən, Heydər Əliyevin təriflədiyi Xalq YAZIÇISI 
Unudulan deputatlar: “Uşaqlarımdan muğayat olun” deyib vəfat edən partiya sədri - FOTOLAR 
Unudulan deputatlar: Səlahiyyətlərini başa vura bilməyən məşhur ƏLİYEVÇİ - FOTOLAR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi