Modern.az

İctimaiyyət qəbul olunan qanunlardan nə dərəcədə xəbərdardır? - parlament jurnalistlərinin RƏYLƏRİ

İctimaiyyət qəbul olunan qanunlardan nə dərəcədə xəbərdardır? - parlament jurnalistlərinin RƏYLƏRİ

27 Noyabr 2012, 09:28

Milli Məclisin fəaliyyətinin işıqlandırılmasında parlament jurnalistlərinin böyük xidməti var. Qəbul olunan qərar və qanunları, baş verən prosesləri işlədikləri mətbu orqanlarda dərc etdirən media nümayəndələri cəmiyyətin bu sənədlər barədə nə dərəcədə məlumatlı olduğunu bilirlərmi? Yəni ictimaiyyət Milli Məclisdə baş verən proseslərdən yetəri qədər məlumatlıdırmı?

Modern.az bubunla bağlı parlament jurnalistlərindən münasibət öyrənməyə çalışıb.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı bildirib ki, cəmiyyət hər zaman belə proseslərdən kənarda qalır. “Qanunun qəbulu, hansı məsələlərin həmin sənədlərdə əks olunduğu cəmiyyətdə maraq doğurmur. İctimai fikir qanun tətbiq olunarkən nə baş verəcəyini gözləyir. Məsələn, biz bir qanunla bağlı geniş məqalə yazanda, həmin qanunda hansı məqamların əks olunduğunu izah edəndə oxucu bunu oxumur. Ona görə də cəmiyyətimiz bir az sözbaz olub. Öz hüququnu bilənlərin sayı çox azdır”.
E. Muradlı hesab edir ki, parlamentin fəaliyyəti cəmiyyət üçün çox vaxt maraq kəsb etmir. “Burada ya inamsızlıq var, ya da cəmiyyət əksər hallarda deputatlardan qanun yox, maddi yardım gözləyir. Odur ki, qanunvericilik baxımından cəmiyyətimizlə bağlı çox mənfi fikirdəyəm. İnsanlar öz hüquqlarını öyrənmək istəmir. Amma çayxanada oturub Belarus prezidentinin arvadbazlığından danışırlar”.

Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı deyir ki, Milli Məclisdə qəbul olunan qanun və qərarlar haqqında KİV lazımi qədər cəmiyyətə məlumat verir. “Eyni zamanda rəsmi mətbuat həmin qanunları tam şəkildə dərc edir. Təbii ki, insanlar bu qanunları izləyirsə,  ondan tam istifadə edə bilər. Qanunlar dövlətin, vətəndaşın maraqlarına cavab verir. Fikrimcə, əsas məsələ həmin qanunların icrasıdır. Vətəndaşlar bu qanunlarla onlara verilmiş hüquqları  bilsələr və bundan istifadə etsələr, heç bu qədər problem olmaz. Vətəndaşlar qanunla onlara verilmiş hüquqlarını qorumağı bacarmalıdır”.

“New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızının fikrincə, ictimaiyyətin Milli Məclisdə qəbul edilən qanunlardan xəbərsiz olduğunu demək olmaz. “Milli Məclisin işini 40-a yaxın jurnalist işıqlandırır, iclaslar, müzakirəyə çıxarılan sənədlər haqqında ətraflı yazılar verilir. Orası da var ki, adətən biz daha çox qalmaqal doğuran, fikir ayrılığı yaradan sənədlərdən yazırıq. Arada elə qanunlar, dəyişiklik və əlavələr olur ki, onların elə adını qeyd etməklə kifayətlənirik. Sonradan məlum olur ki, deputatların özlərinin “texniki xarakterli” adlandırdıqları xırda dəyişiklik əslində hansısa peşə sahiblərinin fəaliyyətinə, cəmiyyətin hansısa konkret təbəqəsinin sosial rifahına ciddi təsir göstərir”.
F.Sabirqızı hesab edir ki, bunda jurnalistlərin günahı yoxdur. “Əslində, KİV bu sahədə QHT-lərlə sıx əməkdaşlıq etməlidirlər. Çünki jurnalist qanunda hansısa sözün dəyişdirilməsinin nəyə gətirib çıxaracağını hesablaya bilməz. Gərək vətəndaş cəmiyyətinin üzvləri özləri Milli Məclis tərəfindən qəbul edilən sənədləri izləsin və onların mahiyyəti haqqında açıqlama versin, lazım olanda həyəcan təbili çalsın. Jurnalistlər isə bu işdə onlara daim yardımçı olmağa hazırdırlar”.

“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu parlamentdə qəbul olunan qərar və qanunları çalışdığı qədər mətbu orqanda işıqlandırır, bu haqda oxuculara məlumat verir.
“Ancaq bəzən elə olur ki, orada qəbul olunan qanunlar barədə bir cümlə veririk. Sonrakı günlərdə həmin qanunlarla bağlı müxtəlif ekspert rəyləri alırıq. Əgər cəmiyyətimiz, insanlar mətbuatı, elektron KİV-i izləyirsə, müəyyən qədər bu haqda məlumatlı olur. Ancaq bu gün qəzet müxbirlərin çoxu ən çox parlamentdə olan müəyyən maraqlı hadisələrə diqqəti cəlb edir. Deməzdim ki, biz qanunlardan çox yazırıq. Yazanda da oxucuları nəzərə alırıq ki, onları çox yormayaq. Bizim yazdıqlarımız həm nazirlər, həm də sıravi vətəndaşlar tərəfindən oxunur, ona görə biz hər kəsin başa düşəcəyi dildə yazmalıyıq”.

“Olaylar İnformasiya agentliyinin əməkdaşı Alim Hüseynli hesab edir ki, vətəndaşlar yeni qanunların qəbulunda maraqlıdır. “İnsanlar bu qanunlarla KİV sayəsində tanış olurlar. Eyni zamanda, yeni qanunlar barədə məlumatları bir-birinə daha tez çatdırırlar. Məsələ orasındadır ki, əksər vətəndaşlar elə hesab edirlər ki, Milli Məclisdə səslənən istənilən fikir qanundur. Yəni səslənən istənilən təklifi qanun kimi qəbul edirlər. Başa salanda ki, hələ bu təklifdir, qanun kimi qüvvəyə minməyib, cavab verirlər ki, “yox, özüm televiziyada qulaq asmışam”. Bu ona görə baş verir ki, bəzi vətəndaşlar qanunun qəbulu prosesindən xəbərsizdir”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev vurğulayıb ki, parlamentdə qəbul olunan qanunlar haqqında mətbuat daha ətraflı yazmalıdır.
“Qanunlar adətən rəsmi mətbuatda olduğu kimi qəbul olunur. Lakin sadə vətəndaşlar hüquq dilini peşəkar səviyyədə bilmədiklərindən qanunları mənimsəməkdə əziyyət çəkirlər. Bu baxımdan qanunları qəzet dilində, anlaşılması asan olan bir tərzdə oxuculara çatdırmaqda mətbuatın rolu böyükdür. Amma bir reallıq da var ki, mətbuat da bu kimi məsələlərə müəyyən çərçivələr daxilində yer ayırır”.
İ.Quliyev insanların qəzet oxumaq vərdişlərinin də yüksək olmadığını qeyd edib. “Buna görə də insanların Milli Məclisdə qəbul edilən qanunlar haqqında tam məlumatlı olması çox çətindir. Bir müddət öncə “Kaspi” qəzeti parlamentdə qəbul olunan qanunların cəmiyyətə çatdırılması ilə bağlı xüsusi bir layihə icra edirdi. Biz bu məqsədlə qanunlar.az saytı yaratmışdıq. Bu saytda həm qanunların bütöv mətni, həm onların izahlı şərhi, həm bu qanunlarla bağlı ekspert şərhləri verilirdi. “Qaynar xətt”imiz vasitəsilə vətəndaşların suallarını da cavablandırırdıq. Bu layihə kifayət qədər praktik olmuşdu. Baxmayaraq ki, bu layihə 2 ildir başa çatıb, amma bizə bu gün də zənglər gəlməkdə davam edir. Bu təcrübə göstərir ki, vətəndaşlar müxtəlif vasitələrdən istifadə edib parlamentdə qəbul olunan qanunlar barədə məlumatlandırılmalıdırlar”.

“AzərTAc”-ən əməkdaşı Xətayi Əzizov: “AzərTAc-ın işçisi olduğum üçün bilirəm ki, Milli Məclisdən yazdığım bütün informasiyalar cəmiyyət, oxucular tərəfindən çox normal qarşılanır və bilirəm ki, onun özünün oxucuları var. Yeganə rəsmi dövlət xəbər agentliyi olduğu üçün AzərTAc-ın bütün informasiyaları çox diqqətlə oxunur və hamı da bu informasiyalardan yararlanır. Ona görə də tam məsuliyyətlə deyə bilərəm ki, AzərTAc olaraq yaydığım informasiyalar ilk növbədə cəmiyyətin maariflənməsinə, burada qəbul olunan qanunlarla bağlı məlumatlanmasına birbaşa xidmət edir”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy deyir ki, jurnalist qələmə aldığı yazının geniş oxucu auditoriyası tərəfindən qəbul olunmasında həmişə maraqlı olur.
“Mətbuat nümayəndəsinin uğuru ondadır ki, onun yazdığı reaksiya doğursun, oxucu marağına səbəb olsun. Bu mənada parlament yazılarına müəyyən reaksiyalar olur. Amma təəssüf ki, bu gün parlamentdə baş verənlərə əksəriyyətin fərqli münasibəti orada qəbul olunmuş qanunlara da sirayət edir. Parlamentin halal yolla formalaşmaması, seçici səsləri vasitəsi ilə deyil, digər üsullarla təşkil olunması ictimai rəydə daha çox üstünlük qazandığı üçün orada baş verənlərə də bir çox hallarda kinayəli münasibətin şahidi oluruq. Təbii ki, bu da bizi narahat edən məsələdir. Bu mənada oxucular, ictimaiyyət nümayəndələri də bu məsələlərə bir çox hallarda həssas yanaşırlar”.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu bu suala müsbət cavab verə bilməyəcəyini qeyd edib. O bunun bir səbəbini insanların yeni mediaya çıxış imkanlarının o qədər də geniş olmaması ilə izah edib.
“İnternet daha çox paytaxtda olur. Amma burada da vəziyyət qənaətbəxş deyil. Burada saytları bir qrup insanlar oxuyur. Bunlar siyasiləşmiş, müəyyən təbəqədən olanlar, eyni zamanda ziyalılardır. Ancaq bu qanunların sıravi insanlara - hər gün hüquqları məmurlar tərəfindən pozulmuş insanlara - çatdırılması vacibdir. Çox təəssüf ki, burada da problemlər var. 90-cı illərin əvvəlləri ilə müqayisədə insanların mətbuata marağı azalıb. Dövlət qəzetlərində qanunların tam mətni çap olunur, amma bu qəzetləri də oxuyan elə çox deyil.
Bu qanunlar izahlı şəkildə, daha çox ucqarda yaşayan insanlara çatdırılmalıdır. Əsas maraq doğuran sosial-iqtisadi sahədə qəbul olunan qanunlardır ki, bunların da insanlara çatdırılmasında böyük boşluqlar var”.

APA-nın əməkdaşı Pərvin Abbasov hesab edir ki, qanunlar, onlara əlavə və dəyişikliklərin edilməsi barədə məlumatlar jurnalistlər tərəfindən necə təqdim olunsa, əsasən o cür də qəbul edilir. “Məlumatların bir hissəsini KİV yaymır, ona görə də cəmiyyətin xəbəri olmur. Bir qrup - məmurlar, iş adamları və s. isə bu barədə digər KİV-lə yanaşı, rəsmi qəzetlərdən də məlumat alır. Və ya məlumat almaq imkanına malikdir”.

“Novosti-Azərbaycan” Agentliyinin əməkdaşı Mürtəza Bünyadovun fikrincə, Milli Məclisdən yazılan yazılara hansı konteksdən yanaşılmasından asılı olmayaraq, cəmiyyət tərəfindən izlənilir və onun özünün reaksiyası olur.
“Sadəcə, bu, qəzetdə müzakirə olunan mövzulardan, gündəliyə çıxarılan məsələlərdən və deputatların qaldırdıqları təkliflərdən asılı olur. Cəmiyyəti daha çox maraqlandıran sosial məsələlər olur. Cəmiyyətin aztəminatlı hissəsinə aid olan məsələlər qaldırıldıqda, təkliflər səsləndirildikdə bu, insanlar tərəfindən daha həssas qəbul olunur və daha çox oxunur.
Milli Məclisin fəaliyyəti istəsək də, istəməsək də müəyyən bir kəsim tərəfindən izlənilir. Heç də demək olmaz ki, orada qaldırılan məsələlərə cəmiyyət tərəfindən reaksiya yoxdur”.

Aytən Əliyeva  

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım