Modern.az

Parlament jurnalistləri deputat Etibar Hüseynovu belə xarakterizə etdilər - CAVABLAR

Parlament jurnalistləri deputat Etibar Hüseynovu belə xarakterizə etdilər - CAVABLAR

28 Noyabr 2012, 08:00

Milli Məclisin plenar iclaslarında deputatlar müəyyən fikirlərlə çıxış edir, təkliflər irəli sürür, fikirlərini səsləndirirlər. Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər?

Modern.az saytı parlament jurnalistlərilə sorğuları bərpa edir. Bu dəfə həmkarlarımızdan deputat Etibar Hüseynovu millət vəkili kimi necə xarakterizə etdiklərini soruşduq.

Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu Milli Məclisdə Etibar Hüseynovun o qədər də aktiv deputat olmadığını bildirib. “Arada müəyyən təklifləri olur. Məsələn, sonuncu dəfə Milli Məclisdəki internet məsələsini qaldırdı, amma bu öz problemi kimi səsləndi. Amma ayrı önəmli məsələlərdə onun aktivlik nümayiş etdirdiyini, ciddi problem qaldırdığını görməmişəm. Bu da müəyyən mənada gülüş doğurur. Cəmiyyət üçün xeyirli nəsə söylədiyini, seçicilərin hüquqları ilə bağlı çıxışlar etdiyini görməmişəm”.

Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı millət vəkilinin fəaliyyəti ilə elə də tanış deyil. O, deyir ki, Etibar Hüseynovun yalnız Milli Məclisdə çıxışını dinləyib.
“Onun çıxışları həm həmkarları, həm də mətbuat tərəfindən müzakirələrə yol açıb. Yəni onun fikirləri həm narazılıq doğurub, həm də narazılıqla qarşılanıb”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Mən onu xarakterizə etmək istəməzdim. Düşünürəm ki, o həm deputatlıqdan öncə, həm də deputatlıq müddətində özü-özünü xarakterizə edib. Millət vəkili olduğu müddətdə parlamentdə bir neçə dəfə çıxış  edib, hamısında da kimisə təhqir edib, kiminsə bostanına daş atıb, axırda da məlum olub ki, çıxışlarında səhvə yol verir. Bu deputatlıqdan öncəki tribuna ilə parlament tribunasını səhv salır. Fikir verirəm ki, parlamentdə deputatların böyük əksəriyyəti Etibar Hüseynovdan uzaq qaçır. Çalışıram bunu aydınlaşdırıb bir yazı yazım”.

New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı “Etibar Hüseynov haqqında danışmaq istəmirəm”, – deyə qeyd edib.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynlinin fikrincə, Etibar Hüseynov bir çox təcrübəli deputatlardan aktivdir.
“Əksər hallarda cəmiyyəti narahat edən problemləri qaldırır. Lakin siyasi məsələlərdəki mövqeyi gündəmə gətirdiyi sosial problemlərin əhəmiyyətini azaldır. Yəni siyasi məsələlərdə ortaya konkret mövqe qoymaq əvəzinə kiminsə fikrinə münasibət bildirir. Ümumilikdə isə digər bəzi deputatlarla müqayisədə Etibar Hüseynovu aktiv deputat kimi xarakterizə etmək olar”.

Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev qeyd edib ki, Milli Məclisdə Etibar Hüseynov daha çox qalmaqallı çıxışları ilə yadda qalıb. “Əsasən mübahisə doğuran məsələlərlə bağlı çıxış edib. Sosial yüklü çıxışlarına da rast gəlməmişəm. Seçiciləri ilə hansı formada işlədiyindən də xəbərsizəm”.

Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanov bir kəlmə ilə qeyd edib:  “Etibar Hüseynovu normal deputat kimi xarakterizə edirəm”.

“Xəbərlər-Azərbaycan” Agentliyinin əməkdaşı Mürtəza Bünyadov millət vəkilinin seçicilərlə hansı təmasda olmağından, onlarla bağlı nə iş görməyindən xəbərsiz olduğunu bildirib.
“Amma Milli Məclisin plenar iclaslarında mütəmadi çıxış edir, müəyyən fikir və təkliflərini bildirir. Onu nə aktiv, nə də passiv deputat kimi xarakterizə etmək olar. Öz çıxışları olur, istənilən müzakirələrdə fikir bildirir. Yəni öz üzərində işləyir”.

APA-nın əməkdaşı Pərvin Abbasov: “Mən Etibar Hüseynovu xarakterizə etmək istəməzdim”.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə isə onun fəaliyyətini izləmədiyini vurğulayıb. “Necə deputat olduğunu da bilmirəm. Amma parlamentin sonuncu iclaslarında onun etdiyi çıxışlar necə deputat olduğunu göstərdi. Hesab edirəm ki, o, jurnalist olanda necə fəaliyyət göstərirdisə, indi də ənənəsinə sadiqdir”.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu Etibar Hüseynovu nə fəal, nə qeyri-fəal deputat hesab edir.
“Ara-sıra bu və ya digər məsələlərlə bağlı çıxış edir. Amma onun hansısa ciddi fakt ortaya qoyduğunu görməmişəm. Bizim onunla əvvəllər də əməkdaşlığımız olub. 1995-96-ci illərdə onunla birlikdə “7 gün” qəzetində işləmişəm. Deyim ki, o vaxtlar fəaliyyəti daha aktiv idi, nəinki indi. Öz həmkarları ilə münasibətdən də kənar qaçır. Seçicilərlə bağlı münasibətinə gəlincə isə bu haqda heç nə deyə bilmərəm”. 

Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev Etibar Hüseynovu digər millət vəkillərindən ayırmaq və fərqləndirmək istəmir. “Onun seçiciləri ilə görüşləri barədə də məlumatım yoxdur”.

Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan qeyd edib ki, Etibar Hüseynov parlamentdə də özünü “Lider” televiziyasının aparıcısı kimi aparır. “O parlamentdə az-az çıxış edir və hər bir çıxışında da təzadlar olur. Hətta deputat həmkarları da onun çıxışlarından narazı qalırlar. Yadımdadır ki, bir dəfə Qüdrət Həsənquliyev onu tarixi bilməməkdə qınadı. Bir dəfə də məcburi köçkünlər haqqında səsləndirdiyi fikirlər Astan Şahverdiyevlə İmamverdi İsmayılov tərəfindən kəskin etirazla qarşılandı. Yəni Etibar Hüseynov “Lider” televiziyasında olduğu kimi, parlamentdə də korrektəsiz danışır”.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım