“Bütün hallarda bu proses Ermənistanın əleyhinə işləyir. Dünən olan təxribat onu göstərdi ki, Ermənistanın tutduğu yol yanlış yoldur və onu uçuruma aparır. Ermənistan anlamalıdır ki, yekun sülh müqaviləsini imzalamağa hazırlaşmalı və Zəngəzur dəhlizinin açılmasına şərait yaratmalıdır”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov sərhəddəki son erməni təxribatı ilə bağlı danışarkən deyib.
Deputat bildirib ki, Ermənistan təxribatlarla özünün vəziyyətini daha da ağırlaşdırıb:
“Ermənistan Azərbaycan qarşısında müqavimət göstərə bilməz. Dünən olanlar göstərdi ki, yenidən Ermənistan özü rüsvay oldu.
İndi burada Ermənistanın müxtəlif niyyətləri ola bilər. Müxtəlif yüksəklikləri əldə etmək, sərhədlərin müəyyən olunmasına, Zəngəzur dəhlizinin açılmasına mane olmaq, beynəlxalq aləmin yenidən diqqətini bura yönəltmək istəyir. Dünəndən xarici mətbuatı izləyirəm, hiss olunur ki, əvvəldən bu prosesə hazırlıq görülüb. Artıq müəyyən təşkilatlara, dini qurumlara müraciətlər olunub ki, Azərbaycan təxribat törədir. Bununla da yekun sülh müqaviləsinin vaxtını uzatmaq, yenidən bu məsələnin həll olunmadığını göstərməyə çalışırlar”.
Onun sözlərinə görə, bütün hallarda Ermənistanın etdikləri bölgəyə heç bir şey gətirmir:
“Ermənistan və havadarları anlamalıdır ki, bölgənin təhlükəsizliyi üçün sülh lazımdır. Dünən olan hadisələr onlara dərs olmalıdır. Texnikasını, əsgərini itirdi, nə qədər əsgər əsir götürüldü. Eləcə də İrəvanın mərkəzində xalqın narazılığı ilə üzləşdi. Mən hesab edirəm ki, Paşinyan məsuliyyəti üstünə götürərək sülh müqaviləsini bağlamalı, Zəngəzur dəhlizinin açılmasına şərait yaratmalıdır”.