"Bizim bir milyona yaxın qaçqın və məcburi köçkünlərimiz var"
Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli parlamentin avtomobil parkının yenilənməsini və əməkdaşlar üçün mənzillərin tikilməsini təklif edib.
"Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif edirəm. Bu yaxınlarda bir nəfər rəhbər şəxsin təsadüfən maşınında oldum. Mənim partiya sədri kimi 14 illik maşınım onun maşınından yaxşıdır. Bu dövlətin ali qurumudur. Elə nazirliklərin şöbə müdirləri elə maşında gəzirlər ki... Milli Məclisin işçiləri xarici qonaqların qarşısına çıxır. Maliyyə Nazirliyi və hökumətdən xahiş edirəm, Milli Məclisin bu məsələlərinə diqqət yetirsinlər. Deməli bizim rəhbərliyimiz həyalıdır, sizdən tələb etmir deyə buna diqqət ayrılmamalıdırmı?! Bizim rəhbərliyimiz həyalıdıır deyə belə münasibət göstərmək olmaz", - deyə T.Kərimli bildirib.
Millət vəklilinin bu təklifləri Milli Məclisin sədri Sahibə Qafarova tərəfindən sərt etirazla qarşılanıb. O, deyib ki, Milli Məclis rəhbərliyinin heç bir narazılığı yoxdur:
"Siz maşın söhbətini burda qaldırırsınız. Niyə belə narahatsınız? Bizim heç bir narahatçılığımız yoxdur".
Spiker vurğulayıb ki, keçən il bizim müharibəmiz oldu. Biz bu il Zəfərin birinci ildönümünü qeyd etdik və zəfər ilinin büdcəsi haqqında danışırıq. Bizim bir milyona yaxın qaçqın və məcburi köçkünümüz var. İnşallah, onlar Qarabağa, öz yurdlarına qayıdarlar. Qaçqın və məcburi köçkünlərimiz öz yurdlarına yerləşəndən sonra danışarıq.
Spikerin bu fikirləri deputatların alqışları ilə qarşılanıb.