Modern.az

Parlament jurnalistləri deputat Əliağa Hüseynovu belə xarakterizə etdilər - CAVABLAR

Parlament jurnalistləri deputat Əliağa Hüseynovu belə xarakterizə etdilər - CAVABLAR

4 Dekabr 2012, 12:10

"O deputat kimi özünü təsdiqləyə bilmədi, mətbuatdan isə daim gizlənməyə çalışır..."

Milli Məclisin plenar iclaslarında deputatlar müəyyən fikirlərlə çıxış edir, təkliflər irəli sürür, fikirlərini səsləndirirlər. Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər?

Modern.az saytı parlament jurnalistlərilə sorğulara davam edir. Bu dəfə həmkarlarımızdan 59 saylı Salyan seçki dairəsinin deputatı Əliağa Hüseynovu millət vəkili kimi necə xarakterizə etdiklərini soruşduq.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Əliağa Hüseynov nə vaxtdan deputat olub? Mənə elə gəlir ki, o nə deputat kimi, nə də hərbçi kimi özünü doğrulda bilib. Onun deputatlıq fəaliyyəti ilə bağlı heç bir fikrim yoxdur. Çünki bu fəaliyyəti indiyə kimi parlamentdə görməmişəm. Telefonla oynamaq nə vaxtdan deputatlıq sayılır ki? Əliağa Hüseynov bəlkə də yaxşı ağsaqqaldır, yaxşı insandır. Amma deputat kimi jurnalistlərə qarşı həmişə aqressiv olub, bizə yuxarıdan aşağı baxıb, saymazlıq edib”.

“Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanovun fikrincə, Əliağa Hüseynov nə aktiv, nə də passiv deputatdır.
“Əgər aktivliyi mütəmadi çıxışlarla ölçsək, cəmi bir neçə dəfə onun iclaslarda danışdığını müşahidə etmişəm. Amma mətbuatda istər müxtəlif təkliflərlə, istərsə də hansısa proseslərlə bağlı adı hallanır”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı qeyd edib ki, bu deputatın fəaliyyəti ilə yaxından tanış deyil.
“Bir neçə dəfə plenar və komitə iclaslarında çıxışlarını dinləmişəm. Hərbçi kimi peşəkardır. Parlamentdə onun kimi peşəkar hərbçilər də lazımdır. Amma seçiciləri ilə münasibətlərindən xəbərim yoxdur. Ümumiyyətlə, deputatlar seçiciləri ilə görüşləri, onlarla münasibətləri haqqında vaxtaşırı KİV-ə məlumat versələr, yaxşı olar. Belə olarsa, ictimaiyyət də onların fəaliyyəti ilə tanış olar”.

“New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı qeyd edib ki, deputat qismində Əliağa Hüseynovdan müsahibə almayıb.
“Hərbi komissar olduğu dövrlərdə açıqlamalar götürmüşəm. Nə vaxtsa jurnalistlərə müsahibə üçün imtina etməsi, mediadan qaçması haqda eşitməmişəm. Amma məncə, komissar işlədiyi vaxtlarda mediaya daha açıq olub. Seçiciləri ilə necə işləməsi haqqında məlumatım yoxdur”.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu deyir ki, Milli Məclisin deputatı Əliağa Hüseynovun plenar iclaslarda çıxışını eşitməyib. Onun sözlərinə görə, deputat mediadan kənar gəzir.
“Heç jurnalistlərin də ondan nəsə soruşmağa həvəs göstərməsinin şahidi olmamışam. Azərbaycanın keçmiş hərbi komissarı olan Əliağa Hüseynovun deputat kimi seçicilərlə necə işlədiyindən xəbərim yoxdur”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli də Əliağa Hüseynovun deputat kimi fəaliyyətinin şahidi olmadığını vurğulayıb.
“Milli Məclisin artıq payız sessiyasıdır, ötən müddət ərzində onun heç bir rolu olmayıb. Qanun layihələrinin, eyni zamanda cari məsələlərin müzakirəsi zamanı aktiv iştirak etməyib. Hər hansı məsələ ilə bağlı problemlər qaldırmayıb. Seçicilərlə görüşünü isə izləməmişəm”.

“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu Əliağa Hüseynovu yaxşı hərbi mütəxəssis kimi tanıyır. “İstər komissar, istərsə də icra başçısı olduğu müddətdə vəzifəsinin öhdəsindən layiqincə gəlib. Ancaq deputat kimi o qədər fəal olduğunu deyə bilmərəm. İclaslarda təkliflərlə çıxış etdiyini görməmişəm. Seçiciləri ilə isə necə işləməyindən xəbərsizəm, bunu araşdırmamışam”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy hesab edir ki, Əliağa Hüseynov respublikanın hərbi komissarı olarkən daha fəal idi, nəinki deputat olduğu müddətdə.
“Təəssüf ki, nə plenar iclaslarda, nə də mətbuatla təmasda Əliağa Hüseynov lazımi qədər fəallıq nümayiş etdirmir. Adama elə gəlir ki, sanki o, öz yerini tapmayıb”.

APA-nın əməkdaşı Rəşad Süleymanov deyir ki, istər hərbi komissar, istərsə də icra başçısı olduğu müddətdə Ə.Hüseynov fəal olub.
“Lakin parlamentdə o qədər aktivlik nümayiş etdirmir. Çünki mövcud potensialını ortaya qoymur. İclaslarda, müzakirələrdə çıxış etmir. Milli Məclisdə general rütbəsinə malik yeganə deputatdır və biz ondan aktivlik gözləyirik”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan vurğulayıb ki, Ə.Hüseynovun Milli Məclisin plenar iclaslarında çıxışını xatırlamır.
“Ən azından 2011-ci ildə o bir dəfə də olsun plenar iclasda müzakirələrə qatılmayıb. Məhz elə buna görə də Parlament Jurnalistləri Birliyinin Milli Məclisin fəaliyyəti ilə bağlı keçirdiyi sorğunun nəticələrinə görə o, 2011-ci ilin ən passiv deputatı seçilmişdi. Parlament jurnalistlərinin bir çoxu ümumiyyətlə onu üzdən də tanımırlar. Bilirsiniz, deputat gərək parlamentin iclaslarında çıxış etsin ki, onu xarakterizə etmək də mümkün olsun. Hesab edirəm ki, mətbuatda adı korrupsiyaya qurşanmış bir qurumun rəhbəri kimi hallanan adamların sonradan deputat təyin olunması praktikasına son qoyulmalıdır. Hər kəsə bəllidir ki, belələri nəyə görə parlamentdədirlər”.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə: “Hər şeydən əvvəl unutmamaq lazımdır ki, Əliağa Hüseynov siyasətlə məşğul olunması qadağan olunan hərbi sferadan gəlib. Düzdür bir müddət icra başçısı olsa da, əsas odur ki, fəaliyyətinin böyük hissəsini hərbi sahədə keçirib. Deputat kimi siyasi fəallıq göstərdiyini, tələblər irəli sürdüyünü, çıxışlar etdiyini görməmişəm. Bu sarıdan o passiv deputatdır. Seçiciləri ilə isə görüşündən isə xəbərsizəm”.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu da digər həmkarları kimi vurğulayıb ki, Əliağa Hüseynov deputatdan daha çox hərbi komissar kimi insanların yadında qalıb.
“Deputat seçiləndən nə plenar iclaslarda, nə komitə iclaslarında aktivlik nümayiş etdirib. Fəal deputat kimi xarakterizə etməzdim. Çünki iclaslarda nə çıxış edib, nə də təklif səsləndirib”.

“Modern.az” saytının əməkdaşı Elşad Eyvazlı bildirib ki, Əliağa Hüseynov bundan əvvəl general idi, amma deputatlığı müddətində onun generallığını da görməyib.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım