Modern.az

2012-ci ildə parlament hansı qanunları ilə yadda qaldı? - Jurnalistlərin rəyləri

2012-ci ildə parlament hansı qanunları ilə yadda qaldı? - Jurnalistlərin rəyləri

Parlament

7 Dekabr 2012, 11:28


2012-ci ilin sonuna artıq sayılı günlər qalıb. Dekabrın sonunda Milli Məclis də payız sessiyasını başa vuracaq. Milli Məclisin başa çatmaqda olan il ərzində xeyli qanun qəbul edib. Bəs bu qanunlardan hansılar daha yadda qalan olub?

Modern.az bu sualı parlament jurnalistlərinə ünvanlayıb.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elmədddin Muradllının sözlərinə görə bu il Milli Məclis çox yaxşı qanunlar qəbul edib. Onun sözlərinə görə, ölkəmizin neft strategiyasına aid sənədlər çox önəmlidir.
“Bu sənədlər bizim gələcəyimizi müəyyən edən sənədlərdir ki, özümün də onların qəbulunu müşahidə etməyimi tarixi hadisə kimi qiymətləndirirəm. TANAP layihəsinə dair sənədin qəbulu mühüm hadisə idi. Bunu gələcəyimiz, Türkiyə ilə əlaqələrimizin daha sıx qurulması, yaxınlaşması üçün böyük bir addım kimi dəyərləndirirəm. O cümlədən büdcəmiz müzakirə olundu, yenə də artım oldu”.
Ancaq E.Muradlı yenə də bəzi vacib sahələrin kənarda qaldığını qeyd edib.
“Vacib olmayan sahələrə çoxlu vəsait getdi. Düşünürəm ki, bu, qaydaya salınmalıdır. “Yol hərəkəti haqqında” Qanuna edilən dəyişiklik, icazəsiz aksiyalarda iştiraka görə cərimələrin artırılması yaddaqalan, geniş müzakirələrə səbəb olan hallar idi. Bundan əlavə, prezidentin Milli Məclisə göndərdiyi bir neçə qanun layihəsi təsdiqini tapdı ki, bu da fikrimcə, ölkəmizin inkişafı üçün mühüm olacaq. Amma qeyd edim ki, parlamentdə nə olursa olsun, çərçivədən kənara çıxıb yaxşı yazmaq olmur. Hərdən mənə elə gəlir ki, parlamentin iclaslarından kənara çıxıb öz istədiyim kimi yazı yazsam, məni topa tutarlar. Ona görə hamı necə, mən də elə”.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə hesab edir ki, ən yadda qalan layihələr siyasi partiyalar qanunvericiliyinə edilən dəyişikliklərlə bağlıdır.
“İlk öncə aksiyalara görə cərimələr artırıldı, sonra isə başqa məsələlərlə bağlı sanksiyalar artırıldı. Eyni zamanda “Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklər, partiyaların dövlət büdcəsindən maliyyələşməsi də ilin ən yadda qalan sənədləri olub.
Bundan başqa, büdcə zərfi də mühüm sənəd sayılmalıdır. Bu elə bir layihədir ki, hər bir vətəndaşı maraqlandırır. Çünki insanlar maaşlarının, pensiyalarının artırılmasınını gözləyirlər. Eyni zamanda Şəhərsalma və Tikinti Məcəlləsinin qəbulu da yaddaqalan oldu.
"Azərbaycanın keçmiş prezidentləri və onların ailə üzvlərinin statusu haqqında" qanun da 2012-ci ildə ikinci səsevrmədən keçib. Bunu da Milli Məclisin 2012-ci ildə qəbul etdiyi ən uğurlu qanunlar siyahısına yazmaq olar”.

AzərTAc-ın əməkdaşı Xətayi Əzizovun sözlərinə görə,  2012-ci ildə müzakirə olunan qanun layihələrinin hamısı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.
“Onların içərisində Azərbaycan xalqının milli maraqlarına xidmət edən beynəlxalq sazişlər, müqavilələr var. Amma 2013-cü ilin dövlət büdcəsi haqqında, Azərbaycan ilə Türkyə arasında yeni enerji layihələrinin təsdiqi - TANAP-ı nəzərdə tuturam, hərbi qulluqçularla bağlı olan layihələr, eləcə də insan alverinə qarşı mübarizə üzrə milli əlaqələndiricinin müzakirəsi xüsusilə yadda qalan olub”.

“Azadinform” agentliyinin əməkdaşı Mübariz Aslanov hesab edir ki, bu il Milli Məclisin fəaliyyəti əvvəlkilərdən elə də fərqlənməyib. “Yadda qalanlar isə TANAP layihəsinin Milli Məclisdə ratifikasiya olunması, “Siyasi partiyaların maliyyələşməsi haqqında” qanunun qəbuludur.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev həmkarlarından fərqli olaraq yalnız müzakirə olunan qanun layihələri barədə danışıb.
“"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi barədə deyə bilərəm ki, parlament müxbiri çalışdığım 3 il müddətində bu qədər başı bəlalı sənəd görməmişəm. Artıq 3-cü dəfədir ki, komitədə müzakirə olunur, amma yenə də plenar iclasa tövsiyyə olunmur, müzakirələr üçün geri qaytarılır. Nəzərə alsaq ki, bir dəfə bu qanun Milli Məclis tərəfindən məlum səbəblərə görə qaytarılıb, onun hələ çox müzakirə olunacağı şübhə doğurmur. Və görünən odur ki, hər dəfə yenidən işlənilməyə təqdim olunduqdan sonra qanuna xeyli sayda dəyişikliklər olunur - yəni ilkin variantından xeyli fərqlənir. Gəlin bu qanun layihəsini "İlin ən çətin qanunu elan edək"”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “2013-cu ilin dövlət büdcəsi haqqında qanun yaddaqalan oldu, bu, Azərbaycan tarixində ən böyük büdcədir. TANAP layihəsinə dair sazişi təsdiq olunması, “Siyasi partiyalar haqqında” qanuna dəyişikliyi də qeyd etmək lazımdır”.

“Türküstan” qəzetinin əməkdaşı Aqil Camal parlamentə yeni getdiyi üçün ancaq bunları qeyd edib. “Mənim üçün yaddaqalan sənəd razılaşdırılmamış kütləvi aksiyaların təşkilatçıları və iştirakçıları ilə bağlı cərimələrin artırılması oldu”.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu deyir ki, bu il Milli Məclisdə qəbul olunan qanunlardan yadında qalanlar bir neçəsi olub. Onun sözlərinə görə, bunlar birbaşa ölkənin taleyi və ictimai siyasi yükü ilə bağlıdır.
“İlk olaraq bu ilin iyununda parlamentin qəbul etdiyi eks-prezidentlər haqqında qanun layihəsini göstərə bilərəm. Ölkədə vətəndaş sülhünün möhkəmlənməsində bu qanunun müstəsna əhəmiyyəti oldu. Daha sonra parlamentin payız sessiyasında Azərbaycanla Türkiyə arasında TANAP layihəsinin təsdiq olunması xoş bir hadisə idi. Dövlətimiz Avropaya qaz ixracının təmin edəcək bu layihəni parlament təsdiq etdi. Bundan savayı, bir sıra mübahisə doğurmuş qanunlar da qəbul edildi. Bunlardan biri qanunsuz kütləvi aksiyalara görə cərimənin artırılması haqqında əlavə və dəyişikliklər olub. Siyasi partiyalar arasında böyük rezonans doğuran bu dəyişiklik barədə mübahisələr hələ səngimir. Daha bir yaddaqalan qanun siyasi partiyaların maliyyələşməsi haqqında qəbul edilən sənəd oldu. Müstəqil Azərbaycanan siyasi tarixində ilk dəfə olaraq dövlət partiyaların maliyyəşəlməsini öz üzərinə götürür. Diqqətimi çəkən son qanun isə dövlət büdcəsi ilə bağlı olub. 20 milyarad dollara yaxın dövlət büdcəsi ölkənin iqtisadi imkanlarının yaxşı göstəricisi idi”.

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı 2012-ci ildə qəbul edilən qanun layihələrinə mənfi və müsbət olması istiqamətində yanaşmadığını bildirib. O sadəcə, bu il ərzində qəbul edilən qanunlardan yadda qalanları deyib.
“Eks-prezidentlərin statusu haqqında qanun, “Sərbəst toplaşmaq haqqında” qanun, “Siyasi partiyaların maliyyələşməsi” haqqında qanunun qəbulu,  parlamentin TANAP-ı ratifikasiya etməsi yadda qalanlardan oldu. Ümumən parlament 2012- ci il müddətində kifayət qədər iş görüb, qanun qəbul edilib. Bunların içərisində gözlənilən və gözlənilməyənlər də oldu. Məsələn, “Ali təhsil haqqında” qanun layihəsi, “Təhsi krediti haqqında” qanun layihəsi, “Elm siyasəti haqqında” qanun layihəsi yenə də qəbul edilməmiş qaldı”.

“Yeni musavat” qəzetinin əməkdaşı Elşad Paşasoy bildirib ki, əslində qanunlar o zaman yadda qalır ki, onlar işlək olur, vətəndaşların həyatında öz müsbət töfhəsini verir.
“Bir sıra hallarda qanunların qəbuluna diqqət yetirilir, amma onun işlək olmasına əməl olunmur. Bu il daha çox qanunların sərtləşdirilməsi ilə yadda qalıb. Bir sıra hallarda cərimə sanksiyalarının qaldırılması, sürücülərdən, vətəndaşlardan tutmuş azad toplaşmaq istəyən insanlara qədər hamı cərimələrlə üzləşəcək. Bu mənada narahatlıq var. Qanunun sərtləşdirilməsi neqativ halların qarşısını almır.
Ümuimilikdə bu il əmanətlərin qaytarılması qərarı olmuşdu, vətəndaşların etirtazını nəzərə almasaq, bu müsbət addım idi. Əmanətlərin qaytarılmasında dəyər məsələsinə önəm verilmədi.
Ötən çağırışlarda da kifayət qədər qanun qəbul olunub. Onların içərəsində mütərəqqi olan, Avropa standartlarına cavab verənlər də var. Amma Bakı şəhər İcra Hakimiyyəti insanların sözünü deməsi üçün yer ayırmırsa, o zaman o qanunlar kağız üzərində qalır”.

“Lent.az” saytının əməkdaşı Ramiz Cürənov bildirib ki, “Sosial xidmət haqqında” qanun və “Natamam sklereoz xəstəliyi haqqında” qanunun qəbulu maraqlı idi. “Yaz və payız sessiyaları dövründə çox qanunlar qəbul olunub, ancaq bunlar ənənəvi olduğundan o qədər də yadda qalan olmayıb”.

APA-nın əməkdaşı Rəşad Süleymanov üçün yadda qalan dövlət büdcəsi zərfinə daxil olan qanun layihəsi, “Siyasi partiyaların maliyyələşməsi haqqında” qanunun qəbuludur.
““Kənd təsərrüfatı koperasiyaları haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı, amma qəbul edilmədi. Beləcə 2012-ci ilin yaz-payız sessiyaları dövründə elə də diqqəti cəlb edən qanun layihələri olmayıb”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyevin sözlərinə görə, 2012-ci ildə Milli Məclisdə qəbul edilən qanunlardan ən yadda qalanı siyasi partiyaların maliyyələşdirilməsini nəzərdə tutan qanunvericilik aktı olub.
“Bu sənədin qəbulu uzun illər idi ki, gözlənilirdi və nəhayət gözləntilər reallaşdı. Bundan əlavə, bir sıra qanunlara edilən əlavə və dəyişikliklər də diqqət çəkən oldu. Məsələn, il ərzində bir neçə dəfə “Yol hərəkəti haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi. İlin sonlarında parlamentin TANAP layihəsi ilə bağlı Türkiyə ilə imzalanan sazişi ratifikasiya etməsi də tarixi qərarlardan hesab oluna bilər”.

“Olaylar” informasiya agentliyinin əməkddaşı Alim Hüseynli bildirib ki, Milli Məclisin payız sessiyasında ictimaiyyətin maraqlarını təmin edən bir sıra qanunlar qəbul edilib.
“Belə qanunlar əsasən əhalinin yoxsul təbəqəsinin soial vəziyyətinə cüzi olsa da təsir imkanına malikdir. Onlardan "Əmək pensiyaları haqqında", yaşayış minimumu və eytiyac meyarının həcminin artırılması ilə bağlı qanunları misal göstərmək olar. Bununla yanaşı, cəmiyyət tərəfindən birmənalı qəbul edilməyən qanunlar da qəbul edilib. "Siyasi partiyalar haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında " qanunlara dəyişiklik, siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, Cinayət Məcəlləsindən "döymə" maddəsinin çıxarılması kimi qanunları qeyri-məqbul hesab edirəm. Eyni zamanda, "Elm siyasəti haqqında", Rəqabət Məcəlləsi kimi qanunların hələ də müzakirədən keçməməsinə heyfslənirəm”.

“Ann.az” saytının əməkdaşı Elkin Xəlilov: “Sözün düzü bu il mətbutala bağlı çoxdandır gündəmdə olan “Diffamasiya haqqında qanun”un qəbul olunacağını gözləyirdim. Amma təəssüflər olsun bu baş vermədi. Bunun əvəzində isə heç bir gərəyi olmayan təxminən bir ay bundan əvvəl qəbul olunmuş “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikləri xatırlayıram. Yəni cəmiyyət üçün həlli vacib olan qanun lahiyələri kənarda qaldığı halda, bu qanunun tələm-tələsik qəbul olunması bir az mənim üçün sirr olaraq qalır. “Siyasi partiyalar haqqında” qanununa əlavə və dəyişikliklər layihəsini qəbul olunması da yadımda qalanlardan olub”.

“New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı qeyd edib ki, ən çox müzakirə olunanlar təbii ki, icazəsiz aksiyalarla bağlı cərimələrin artırılması, avtoxuliqanların əməllərinə görə cəzaların sərtləşdirilməsi ilə bağlı qanun layihələri idi.
“İctimai əhəmiyyət daşıyan qanunlar sırasında skleroz xəstələrinin dövlət hesabına müalicəsi ilə bağlı qanunun adını çəkmək olar. Siyasi partiyaların maliyyələşdirilməsinə dair qanunun qəbulu da gözlənilən layihələrdən idi. Mili Məclisin son iclaslarında Azərbaycan dövlətinin gələn il üçün büdcə müzakirələri aparıldı. Gözləntilərin əksinə olaraq, bu il müzakirələr sönük və maraqsız keçdi. Büdcənin təsdiqlənməsi də cəmi 15 dəqiqə sürdü. Əvvəlki illərdə həm komitələrdə, həm də plenar iclaslarda büdcə ilə bağlı daha gərgin diskussiyalar aparılırdı, daha geniş sferada məmurlar da toplantılara qatılırdı. Nəticə olaraq parlamentə artıq xeyli bəndlərində dəyişiklik edilən büdcə gəlib çıxırdı. Bu il isə büdcə layihəsinə o qədər də dəyişiklik edilmədi, artırılan məbləğin əksəriyyəti də elə yenə deputatların öz fəaliyyəti ilə əlaqədar oldu”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan bildirib ki, 2012-ci ildə Milli Məclisdə Azərbaycan dövlətçiliyi üçün iki mühüm qanun qəbul olunub.
“Bunlardan biri “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunudur. Digəri isə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsini nəzərdə tutan qanundur. Bu iki qanunu ona görə mühüm adlandırdım ki, Azərbaycan ilk dəfə öz tarixində demokratik ölkələrin təcrübəsindən istifadə edir və bu da dövlətçiliyimiz üçün çox əhəmiyyətlidir”.
Bununla belə, A.Aslan vurğulayıb ki, ötən dövrdə bəzi qanunlara edilən əlavə və dəyişiklilər müəyyən etirazlar doğurub.
“Bunlardan biri Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklərlə bağlıdır. Bildiyiniz kimi, Cinayət Məcəlləsinin 132-ci - döymə maddəsi məcəllədən çıxarıldı və döymə inzibati xəta kimi İnzibati Xətalar Məcəlləsinə salındı. Yəni döyməyə görə 500 manatdan 1000 manatadək cərimə nəzərdə tutuldu. Maksimum döyməyə görə, işin hallarına görə 15 günədək inzibati həbs tətbiq olunacaq. Sözüm ondadır ki, bu cür dəyişiklik kökündən yanlışdır. Başa düşmək olmur ki, belə bir dəyişiklik etməkdə hansı məqsəd güdülür”.
Həmkarımızın sözlərinə görə, 2012-ci ildə bəzi qanunlarımıza edilən dəyişiklərlə cərimələrin fantastik dərəcədə artırılması da yadda qalan oldu.
“Bu, əsasən özünü “Yol hərəkəti qaydaları haqqında” və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunlara edilən dəyişikliklərdə özünü göstərdi. Ölkədə insanların böyük əksəriyyətinin maaşlarının, pensiya və təqaüdlərinin çox aşağı olduğu bir vəziyyətdə, cərimələrin fantastik dərəcədə artırılmasının anlamaq çox çətindir”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım