“Kişinin qadın paltarı geyinməyi qadınların özünə də hörmətsizlikdir”
Millət vəkili Fazil Mustafa məşhur parodiya ustaları Rafael və Coşqunu sərt tənqid edib. Deputat Hacı titulu daşıyan aktyorların reklam çəkilişləri üçün qadın paltarı geyinməsininin doğru olmadığını və bu hətəkətin onları hörmətdən saldığını bildirib. Modern.az-ın məlumatına görə, F.Mustafa bu barədə Facebook səhifəsində münasibət bildirib:
“Son zamanlarda televiziya və internet məkanında istedadlarına hörmət etdiyim aktyorlar Rəfael və Coşqunun reklam klipində qadın paltarında görüntü vermələrini yanlış hesab edirəm. Yaxın zamanlarda Həcc ziyarətində olmuş bu insanlar məsələnin ciddiyətini daha dərindan anlamalıydılar. Sənət naminə hansısa tamaşa epizodunda belə bir rol almaq məcburiyyətində qala bilərlər və bunu bir az anlayışla qarşılamaq olar. Ancaq belə reklamlar onların özlərini də həqiqətən hörmətdən salır və bu barədə düşünmələrini istərdim. İnsanlara gülüş bəxş etmək yaxşı haldır, ancaq Rusiyada bu gülüşü bəxş edən Raykin, Xazanov, Zadornov heç də qadın paltarı geyərək deyil, sözün məna gücü ilə güldürə bilirlər. Əslində kişinin qadın paltarı geyməyi qadınların özünə də hörmətsiz yanaşma kimi qiymətləndirilə bilər. Bunu ona görə yazdım ki, kişi sənətçilərin qadın paltarına baş vurmasının artıq ənənə forması almasını və cəmiyyətdə adi hal kimi qarşılanmasını müşahidə edirik”, - deyə F.Mustafa bildirib.
Anar RÜSTƏMOV