Modern.az

Daha bir YAP-çı millət vəkili “Milyarderlər İttifaqı”na qarşı

Daha bir YAP-çı millət vəkili  “Milyarderlər İttifaqı”na qarşı

10 Dekabr 2012, 13:56

“Cəmiyyətdə daha çox “Milyarderlər İttifaqı” kimi tanınan Rusiya Azərbaycanlıları Təşkilatları  İttifaqının (RATİ) hansı məqsədlə yarandığı hələ də mənə bəlli deyil”. Bunu hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Məlahət İbrahimqızı Rusiyada yaşayan bir qrup Azərbaycan əsilli oliqarxın yaratdığı RATİ-yə, eləcə də, həmin təşkilatın yaranması ilə ölkənin Şimalı və Cənubunda etnik separatizmin alovlandırılmasına cəhdlər arasında əlaqənin olub-olmamasına münasibətini bildirərkən  deyibb.

“Ancaq bu təşkilatın yaranması ilə ölkənin Şimalında və Cənubunda kimlərsə, xüsusilə də, “Sadval” təşkilatı tərəfindən etnik separatizm meyllərinin qızışdırılmasına  cəhd edilməsi məsələsi arasında da paralellik aparmaq istəməzdim”-deyən, millət vəkilinin bildirdiyinə görə, Azərbaycanın daha çox Şimalında separatizm meyllərinin qızışdırılmasına cəhdlər indinin söhbəti deyil, bu cəhdlər vaxtaşırı edilir və o cəhdlərin qarşısı dövlətimiz tərəfindən vaxtında alınır:

 “Yəni, bu gün dövlətimizin gücü yetər və yetir ki, bu cür məkrli cəhdlərin qarşısı alınsın”. RATİ-yə gəlincə, millət vəkili qeyd edib ki,  gah belə bir təşkilatın yaranması ilə bağlı onu təsis edənlər öz fikirlərini bildirir, gah həmin birliyin bəzi üzvləri bəyan edirlər ki, biz fəaliyyətimizi dayandırmışıq, gah da bir qismi deyir ki, biz hələ öz fəaliyyətimizə başlamamışıq:  “Yəni, bunu yaradan insanlar o qədər fərqli-fərqli fikirlər səsləndirirlər ki, onun nə məqsədlə yaradılması tam anlaşılmır. Eyni zamanda, onu yaradanlardan biri deyir ki, biz Azərbaycan dövlətinə və onun başçısına sadiqik, biri-xüsusilə, Söyün Sadıxov tamam fərqli-Azərbaycan dövlətinə və hakimiyyətinə ittiham dolu bəyanatlarla çıxış edir.

 Bu baxımdan, konkret bilmək olmur ki, bu təşkilatın missiyası nədir, nə istəyirlər, bu qurum niyə yaranıb, onların nədir məqsədləri. Yaxud da, bilmək olmur ki, onlar özfəaliyyətlə məşğul olurlar və ya özlərini sadəcə, reklam etmək, bununla gündəmə gətirmək istəyirlər. Ancaq biz  düşmən qonşularımızdan və ya başqa ölkələrdən elə bir nümunə götürməliyik ki, yəni, harada yaşamasından asılı olmayaraq, damarında Azərbaycan türkünün qanı axan, Azərbaycan vətəndaşlığına bağlı hər hansı bir insan  ancaq və ancaq yaşadığı ölkədə Azərbaycanın təbliğatına dəstək olsun, bu yöndə fəaliyyətini ortaya qoysun.  Ona görə hər halda inanmaq istəməzdim ki, bu insanlar pis fikrə düşsünlər, amma onlar fərqli-fərqli, bir-biri ilə daban-dabana zidd fikirlər səsləndirdiklərinə görə, həmin təşkilat haqda birmənalı və ya müsbət fikir söyləmək də mümkün olmur”.

M. İbrahimqızının eyni zamanda bildirdiyinə görə, RATİ-dəkilərin niyyətləri əgər pis olarsa, o zaman Azərbaycan vətəndaşları, Rusiyada yaşayan həmvətənlərimiz onlara dəstək verməzlər və verməyəcəklər.  “Bu adamlar pullu, imkanlı insanlardır, Rusiyada kifayət qədər nüfuzları var, amma bilirsiniz xalqdan dəstək, etimad almaq başqa şeydir. Onların isə bəziləri heç Azərbaycan dilində düz-əməlli danışa bilmirlər...”-deyə, millət vəkili sonda sözlərinə əlavə edib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ