Deputatlar Azərbaycandakı inzibati-ərazi vahidlərinin adlarının dəyişdirilməsi məsələsini müzakirəyə çıxarırlar
Sovetlərin dağılmasından xeyli müddət keçsə də, o dövrün mirası hələ də qalmaqdadır. Belə ki, indi də soyadlarımızda işlətdiyimiz sonluqlar, ərazi inzibati bölgü vahidləri hələ də sovet ənənəsinə uyğun işlədilir. Məsələn, Türkiyədə “ilçə” kimi tanınan ərazi bölgüsü bizdə hələ də sovet ərazi vahidi kimi rayon olaraq qeyd olunur. Bu da cəmiyyətdə birmənalı qarşılanmır. Bu yaxınlarda YAP-ın icraçı katibi Əli Əhmədov da ərazi vahidlərinin milliləşdirilməsi təklifini irəli sürdü. O, sovet ərazi inzibati bölgü vahidləri olan “rayon”ların “mahal” və “bölgə” adları ilə əvəz olunmasını bildirdi.
Hazırda Milli Məclisdə “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsinin müzakirələri davam edir. Bir sıra millət vəkilləri də ərazi vahidlərinin milliləşdirilməsi məsələsində aktivlik göstərirlər və bu məsələdə tərəfdar mövqedə çıxış edirlər.
Modern.az-a açıqlama verən Milli Məclisin Regional məsələlər komitəsinin Yeni Azərbaycan Partiyasından olan üzvü Tahir Rzayevin sözlərinə görə, zərurət olarsa, həmin inzibati-ərazi vahidləri dəyişdiriləcək.
İnzibati-ərazi bölgü vahidlərinin dəyişdirilməsinin tərəfdarı olduğunu deyən millət vəkilinin sözlərinə görə, sovetlər artıq sıradan çıxdığından Kommunist Partiyasının ərazi vahidləri də artıq yoxdur. Odur ki, inzibati ərazi bölgü vahidlərinin dəyişdirilməsi istiqamətində işlər gedir:
““Rayon” sözü də sovet dövründə işlədilən ərazi inzibati vahidinin adıdır. Ona görə də həmin bölgü vahidlərinin əvəzlənməsi üzərində işlər gedir. Münasib bir ad tapıb dəyişdiriləcək. Mən də inzibati ərazi vahidlərinin dəyişdirilməsinin tərəfdarıyam. Məsələ dekabrın 11-də də Milli Məclisdə müzakirə ediləcək”.
Toponimiya Komissiyasının üzvü, millət vəkili Nizami Cəfərov məsələnin rayon səviyyəsində deyil, hətta daha böyük ərazi vahidlərinin təyin olunmasının tərəfdarı olduğunu deyir. O bildirib ki, Toponimiya Komissiyasının siyahısında belə bir məsələ qaldırılmayıb. Amma təkliflər var ki, müəyyən mahallar yaradılsın:
“Çünki elə layihələr olur ki, bunlar bir rayon yox, region miqyasında həyata keçirilir. İndi inzibati ərazi vahidinin adı mahal da, qəza da qoyula bilər. Amma bunun bir az da mənəvi tərəfi də var. Hətta fantaziyası geniş olan birinin də ağlına gələ bilər ki, bəlkə “xanlıqlar”ı da bərpa edək. Amma bu ərazi vahidi köhnədir, tarixidir və gülünc səslənir”.
Bir müddət belə təkliflər səslənsə də, inzibati ərazi bölgülərinin dəyişdirilməsinin real görünmədiyini deyən millət vəkilinin sözlərinə görə, daha geniş inzibati ərazi vahidləri yaradılmalıdır:
“Mənə elə gəlir ki, bununla bağlı müzakirələr getməlidir. Müzakirələrin qarşısını almaq olmaz. İri ərazi inzibati vahidlərinə ehtiyac var. Bu məsələ rayonlar səviyyəsində qalmamalı, rayonlar özü-özlüyündə qalsa belə, rayonları birləşdirən mahallar yaradılmalıdır və bu məntiqsiz deyil. Çünki iri ərazi vahidlərinin işlənməsi tədricən artır. Mən də inzibati-ərazi vahidləri adlarının dəyişdirilməsinin tərəfdarıyam”.
Gültəkin Ələsgər